Bu qatarlara minənlər özlərini nağılda hiss edir: Avropanın ən möhtəşəm qış marşrutları


Qarla örtülmüş meşələr, buz bağlamış göllər, işıqlarla bəzədilmiş şəhərlər və pəncərənin arxasında uzanan möhtəşəm dağ mənzərələri… Avropada qış tətilini adi səyahətdən əsl nağıla çevirən dəmir yolu marşrutları var. Bu qatarlardan biri sərnişinləri Finlandiyanın Laplandiya bölgəsinə, Şaxta babanın rəsmi vətəni hesab edilən Rovaniemiyə aparır. Digərləri isə İsveçrə Alplarından, Norveçin buzlu dağlarından və Avropanın ən gözəl Milad şəhərlərindən keçir.
Avropada qış ayları yalnız xizək sürmək və Milad yarmarkalarını gəzmək üçün deyil, həm də dünyanın ən mənzərəli qatar səyahətlərini yaşamaq üçün xüsusi fürsətdir.
Euronews Travel qış mövsümündə səyahət həvəskarlarının diqqətini çəkə biləcək ən maraqlı və qeyri-adi səkkiz dəmir yolu marşrutunu təqdim edib.
1. Şaxta babanın ölkəsinə aparan sehrli qatar – Finlandiya
Avropada qışın ən maraqlı səyahətlərindən biri Finlandiyanın Santa Claus Express adlı gecə qatarıdır.
İki mərtəbəli bu qatar Helsinki və Turku şəhərlərindən yola düşərək ölkənin şimalına, Arktika Dairəsinin daxilində yerləşən Laplandiya bölgəsinə qədər uzanır.
Yol boyu sərnişinləri donmuş göllər, qarla örtülmüş meşələr və ağappaq mənzərələr müşayiət edir. Bəzi səfərlərdə şanslı sərnişinlər hətta Şimal İşıqlarını da görə bilirlər.
Səhər gözlərinizi açanda isə özünüzü Şaxta babanın rəsmi vətəni hesab edilən Rovaniemi şəhərində tapa bilərsiniz.
Burada turistlərin ən çox üz tutduğu məkanlardan biri Şaxta baba kəndidir. Ziyarətçilər Şaxta baba ilə görüşə, onun əsas poçt şöbəsinə baş çəkə, Arktika Dairəsinin xüsusi möhürü ilə məktub və açıqcalar göndərə bilərlər.
Qatarda standart və lüks yataq kabinləri, eləcə də oturacaqlı vaqonlar mövcuddur. Yataq kabinlərində adətən iki çarpayı, temperatur tənzimləyicisi və duşlu şəxsi hamam yerləşir. Sərnişinlər üçün restoran vaqonunda səhər yeməyi, digər yeməklər və qəlyanaltılar da təqdim olunur.
2. Qatarla dağın zirvəsində Şaxta baba ilə görüş – İsveçrə
Təsəvvür edin: Cenevrə gölünün sahilindən yola düşürsünüz və xüsusi dağ qatarı sizi dəniz səviyyəsindən 2 min metrdən artıq yüksəklikdə yerləşən Şaxta babanın evinə aparır.
İsveçrənin Montreux şəhərindən Rochers-de-Naye zirvəsinə qalxan dişli dəmir yolu qatarı məhz belə bir imkan yaradır.
Təxminən 55 dəqiqə davam edən səyahət zamanı sərnişinlər Cenevrə gölünün və İsveçrə Alplarının möhtəşəm mənzərələrini seyr edə bilirlər.
Zirvəyə çatdıqdan sonra uşaqlar Şaxta baba ilə görüşə, onunla şəkil çəkdirə bilirlər.
2026-cı il noyabrın 20-dən dekabrın 24-dək müəyyən günlərdə təşkil edilən xüsusi bayram səfərlərinə gediş-gəliş bileti, qatarın yuxarı hissəsində ayrılmış oturacaq və Şaxta babanın evinə giriş də daxildir.
Bu marşrut xüsusilə uşaqları ilə fərqli qış tətili keçirmək istəyən ailələr üçün maraqlı seçimdir.
3. Roma, Venesiya və Florensiyadan keçən lüks Milad qatarı – İtaliya
Əgər qış səyahətində mənzərələrlə yanaşı lüksə və yüksək səviyyəli xidmətə də üstünlük verirsinizsə, La Dolce Vita Orient Express diqqətinizi çəkə bilər.
Bu dəbdəbəli yataq qatarı 2026-cı il dekabrın 19-da Romadan yola düşərək Venesiya və Florensiyadan keçən xüsusi bayram marşrutu üzrə hərəkət edəcək.
Üç gün və iki gecə davam edən “Jingle Route” səfəri Roma şəhərindəki Ostiense stansiyasından başlayır.
Qatar şimala doğru hərəkət edərək axşamüstü Venesiyaya çatır. Burada sərnişinləri xüsusi qayıqlar qarşılayır və şəhərin kanalları boyunca yeni açılmış Orient Express Venezia hotelinə aparır.
Qonaqlar tarixi sarayda canlı musiqi və şam yeməyi ilə bayram atmosferini yaşadıqdan sonra gecə yarısından bir qədər sonra yenidən qatara qayıdırlar.
Səyahətin ikinci günü Florensiyada davam edir. Sərnişinlər şəhəri gəzmək və onun tarixi məkanlarını kəşf etmək üçün vaxt əldə edirlər. Daha sonra qatarın restoranında şam yeməyi və canlı əyləncə proqramı təşkil olunur.
Səyahət növbəti səhər Romada başa çatır.
Bu dəbdəbəli səfərin qiyməti bir nəfər üçün 6 560 avrodan başlayır.
4. Vyanadan Praqaya dəbdəbəli Milad səfəri – Majestic Imperator
Avropanın ən gözəl Milad yarmarkalarından bəzilərini görmək istəyənlər üçün Majestic Imperator qatarının xüsusi səfəri də maraqlı seçimdir.
2026-cı il dekabrın 4-dən 6-dək təşkil ediləcək “Advent in Prague” marşrutu Vyanadan başlayaraq Çexiyanın paytaxtı Praqaya uzanır.
Dəbdəbəli qatar cümə günü səhər Vyanadan yola düşür. Sərnişinlər yol boyu şampanlı səhər yeməyindən və canlı musiqidən zövq alaraq günortadan sonra Praqaya çatırlar.
Qonaqlar Vatslav meydanının yaxınlığında yerləşən beşulduzlu Almanac Prague hotelində iki gecə qalırlar.
Şənbə günü proqram daha da maraqlı olur. Turistlər Strahov monastırının kitabxanasında xüsusi ekskursiyada iştirak edir, daha sonra konsertə qatılırlar.
Bazar günü axşam qatar yenidən Vyanaya qayıdır. Geri dönüş zamanı da üçmərhələli şam yeməyi və canlı musiqi təqdim edilir.
İki gecəlik hotel yerləşməsi daxil olmaqla səfərin qiyməti bir nəfər üçün 1 250 avrodur.
5. London və İngiltərənin Milad yarmarkalarına lüks qatarla səyahət
İngiltərədə də Milad mövsümünü fərqli yaşamaq istəyənlər üçün xüsusi qatar səfərləri təşkil edilir.
Belmond şirkətinin British Pullman adlı lüks qatarı 2026-cı il noyabrın 28-də və dekabrın 10-da Londondan Bath şəhərinə səfərlər həyata keçirəcək.
Sərnişinlər yola düşərkən səhər yeməyi, geri dönüş zamanı isə şərab müşayiəti ilə dörd növdən ibarət şam yeməyi ilə təmin olunurlar.
Bath şəhərinə çatdıqdan sonra turistlər Milad yarmarkasını gəzmək, əl işləri və bayram hədiyyələri satılan köşkləri ziyarət etmək üçün sərbəst vaxt əldə edirlər.
British Pullman-ın bayram proqramı bununla da bitmir.
Marşrutlar arasında Oksfordşirdə yerləşən Blenheim sarayına xüsusi səfər də var. Burada qonaqlar sarayın işıqlandırılmış Milad parkurunu seyr edə bilirlər.
Digər seçim isə Kenterberiyə təşkil olunan səfərdir. Bu proqram şəhəri gəzmək və Milad mahnılarını dinləmək imkanını birləşdirir.
Yemək həvəskarları üçün isə qatarın İngiltərənin mənzərəli kənd ərazilərindən keçdiyi zaman xüsusi bayram menyusu təqdim etdiyi Milad naharı səfəri də nəzərdə tutulub.
6. Norveçin buzlu dağları və fiyordları arasından keçən qatar
Norveçin Oslo və Bergen şəhərlərini birləşdirən Bergen dəmir yolu xətti qışda Avropanın ən təsirli mənzərələrindən birini təqdim edir.
Dövlət dəmir yolu şirkəti Vy tərəfindən idarə olunan bu qatar təxminən 500 kilometrlik məsafəni yeddi saata qət edir.
Marşrut boyunca sərnişinlər təxminən 180 tuneldən keçir. Bu xətt Avropanın ən yüksək yüksəkliklərdən keçən dəmir yolu marşrutlarından biri hesab olunur.
Qatarın pəncərəsindən donmuş şəlalələri, qarla örtülmüş geniş düzənlikləri, əzəmətli dağları, fiyordları və taxta evləri ilə nağılları xatırladan kiçik yaşayış məntəqələrini izləmək mümkündür.
Marşrutun ən diqqətçəkən nöqtələrindən biri Avropanın ən böyük dağ yaylalarından olan Hardangerviddadır.
Digər maraqlı dayanacaqlardan biri isə buzlaq mənzərələri ilə tanınan yüksək dağlıq Finse stansiyasıdır. Sərnişinlər həmçinin məşhur xizək mərkəzi Geiloda vaxt keçirə bilərlər.
Daha fərqli təcrübə axtaranlar Myrdal stansiyasında məşhur Flåm dəmir yolu xəttinə keçərək fiyordlara doğru əlavə səyahət edə bilərlər.
Qatarda birinci və ikinci sinif vaqonlar, kafe, avtomatlar və Wi-Fi mövcuddur. Ailələr üçün xüsusi hazırlanmış vaqonlar da var. Gecə qatarı seçimi də sərnişinlərə təqdim edilir.
7. Bir səfərdə bir neçə ölkənin Milad yarmarkası – Golden Eagle Danube Express
Milad yarmarkalarını gəzməyi sevənlər üçün Golden Eagle Danube Express qatarının Mərkəzi Avropa marşrutu xüsusi maraq doğura bilər.
2026-cı il dekabrın 3-də başlayacaq səkkiz günlük səfər Budapeştdən Münhenə qədər uzanır. Marşrut Vyana, Avstriya Alpları və Zalsburq kimi məşhur şəhər və bölgələri də əhatə edir.
Bu səyahətin əsas üstünlüyü bir neçə ölkənin bayram atmosferini eyni səfər çərçivəsində yaşamaq imkanıdır.
Proqrama Budapeştdə beşulduzlu hoteldə iki gecə, qatarda üç gecə və Münhendə iki gecə hotel yerləşməsi daxildir.
Bundan əlavə, qonaqlar üçün qarşılama şam yeməkləri, bələdçili şəhər turları, şampan qəbulları və Milad yarmarkalarına ekskursiyalar təşkil edilir.
Səfərin ən maraqlı təcrübələri arasında Vyanada ənənəvi at arabası ilə gəzinti, Milad mahnılarının ifa olunduğu konsert və məşhur Pirker zəncəfilli peçenyelərinin dadına baxmaq da var.
Beləliklə, sərnişinlər bir səyahət ərzində Avropanın bir neçə şəhərinin qış ab-havasını kəşf edə bilirlər.
8. Dünyanın ən yavaş ekspres qatarı: İsveçrə Alplarında səkkiz saatlıq möcüzə
İsveçrənin ən məşhur dəmir yolu marşrutlarından biri olan Glacier Express səyahət həvəskarları üçün əsl mənzərə bayramıdır.
“Dünyanın ən yavaş ekspres qatarı” adlandırılan bu qatar Zermatt və Sankt-Morits şəhərlərini birləşdirir.
291 kilometr uzunluğundakı marşrut təxminən səkkiz saat davam edir.
Bu müddətdə qatar İsveçrə Alplarının əzəmətli dağlarından, buz mavisi göllərdən və dərin dərələrdən keçir. Səyahət zamanı 91 tunel və 291 körpü geridə qalır.
Marşrutun ən maraqlı nöqtələri arasında “İsveçrənin Böyük Kanyonu” kimi tanınan Reyn dərəsi və UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş Landwasser viaduku var.
Sərnişinlər ikinci sinif, birinci sinif və Excellence sinfi arasında seçim edə bilirlər.
Xüsusilə Excellence sinfi lüks səyahət axtaranlar üçün nəzərdə tutulub. Burada yüksək keyfiyyətli mövsümi məhsullardan hazırlanan beşmərhələli yemək təqdim edilir.
Menyuda vegetarian, vegan, qlütensiz və laktozasız seçimlər də var. Bununla yanaşı, sərnişinlərə İsveçrənin regional şərabları və digər içkilər təklif olunur.
Bütün yeməklər qatarda təzə hazırlanaraq sərnişinlərin oturacaqlarına qədər gətirilir.
Qatarın digər imkanlarına Wi-Fi, rəqəmsal məlumatlandırma sistemi və audio bələdçilər daxildir.
2026-cı ilin qış mövsümündə Glacier Express-in səfərləri dekabrın 5-də yenidən başlayır. Bu marşrutda oturacaq rezervasiyası məcburidir.
Avropada qış tətili üçün hansı qatarı seçmək olar?
Avropanın bu marşrutları fərqli səyahət zövqlərinə xitab edir. Şaxta baba ilə görüşmək istəyən ailələr üçün Finlandiyanın Santa Claus Express qatarı, romantik və lüks tətil axtaranlar üçün İtaliyanın La Dolce Vita Orient Express səfəri, təbiət mənzərələrini sevənlər üçün isə İsveçrənin Glacier Express və Norveçin Bergen dəmir yolu xüsusi seçimlərdir.
Ən maraqlısı odur ki, bu səyahətlərin bəzilərində qatar sadəcə bir şəhərdən digərinə çatmaq vasitəsi deyil. Yolun özü tətilin əsas hissəsinə çevrilir.
Bəzən isə unudulmaz qış tətili üçün çatacağınız yer deyil, pəncərənin arxasında sizi gözləyən mənzərələr daha vacib olur.
\\ Aydan Bünyatova, Editor.az
1 mənbə
