Bu ölkədə mülki insanların 73 faizi dron hücumlarından ölür


Sudanda davam edən vətəndaş müharibəsində pilotsuz uçuş aparatları mülki əhali üçün əsas ölüm təhlükəsinə çevrilib.
Xitab24.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının noyabrın 17-də açıqladığı hesabatda bildirilib.
Məlumata görə, 2026-cı ilin yanvar-oktyabr ayları ərzində Sudanda azı 2 230 mülki şəxsin ölümü BMT tərəfindən təsdiqlənib. Onlardan 1 630-dan çoxu dron hücumlarının qurbanı olub. Bu isə mülki itkilərin təxminən 73 faizini təşkil edir.
Hesabatda qeyd olunur ki, dronlardan istifadənin artması müharibənin əsas xüsusiyyətlərindən birinə çevrilib. Bu texnologiya münaqişə tərəflərinə cəbhə xəttindən və nəzarət etdikləri ərazilərdən xeyli uzaqda yerləşən hədəflərə zərbələr endirmək imkanı verir.
BMT-nin məlumatına görə, hücumlar təkcə hərbi obyektlərlə məhdudlaşmır. Bazarlar, xəstəxanalar, məktəblər, yanacaq anbarları, su təchizatı məntəqələri, məcburi köçkünlərin məskunlaşdığı ərazilər və mülki nəqliyyat vasitələri də dron zərbələrinə məruz qalıb.
Xüsusilə Kordofan bölgəsində vəziyyət ağırdır. Hesabatda sənədləşdirilmiş mülki itkilərin üçdə ikisindən çoxunun məhz bu bölgənin payına düşdüyü bildirilir. Darfur bölgəsi isə mülki itkilərin sayına görə növbəti yerdədir.
Qeyd edək ki, Sudanda hökumət qüvvələri ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında silahlı qarşıdurma 2023-cü ilin aprelindən davam edir. Son aylarda hər iki tərəf dron hücumlarının intensivliyini artırıb.