Bu il Azərbaycanda 6 tondan çox narkotik vasitə yandırılaraq məhv edilib


BAKI, 19 noyabr. TELEQRAF
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 30 yanvar və 11 iyun 2026-cı il tarixlərində 1 471 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 6 ton 013 kq 620,899 qram və 162 759 ədəd həb müxtəlif növ narkotik vasitə, psixotrop maddə yandırma üsulu ilə məhv edilib.
Bu barədə Teleqraf-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən prosesdə həmçinin 4 745 ədəd həb və 240 paket güclü təsir edən maddə, eləcə də 13 367 ədəd çətənə bitkisi məhv edilib.
Eyni zamanda hesabat dövründə az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı ilə 45 rayon və şəhərdə 1 339 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 34 kq 627,375 qram müxtəlif narkotik vasitələrin, psixotrop maddələrin, 155 ədəd çətənə bitkisinin və 27 ədəd həbin məhv olunması təmin edilib.
1 mənbə
