Brüsseldə yeni təhlükəsizlik axtarışı: Avropa ölkələri Ukrayna sülh prosesindən kənarda qalmamaq üçün vahid cəbhə qurur


2026-cı il noyabrın 16-da Brüsseldə keçirilən Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Şurasının iclası Avropanın təhlükəsizlik mühiti ilə bağlı prioritetlərini və beynəlxalq proseslərdə aktor kimi rolunu gücləndirmək istiqamətində səylərini ortaya qoydu.
Rusiya-Ukrayna müharibəsi, Suriyada siyasi keçid prosesi, Qəzzadakı humanitar vəziyyət və Avropanın üzləşdiyi təhlükəsizlik təhdidləri iclasın əsas gündəm maddələrini təşkil etdi. İclasın ən diqqətçəkən mövzularından biri isə Ukraynada mümkün sülh danışıqları zamanı Avropa ölkələrinin ABŞ və Rusiya arasında formalaşan diplomatik prosesdən kənarda qalmaq istəmədiklərini açıq şəkildə bəyan etmələri oldu.
Ukrayna danışıqlarında Avropanın masada həlledici mövqe tutmaq cəhdi ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında aparılan təmaslar Rusiya-Ukrayna müharibəsinin gələcəyi ilə bağlı yeni müzakirələrə səbəb olub. ABŞ-nin vasitəçiliyi ilə keçirilən görüşlərdə Ukraynanın gələcəyi və mümkün sülh şərtləri müzakirə edilərkən Avropa ölkələri qitənin təhlükəsizliyinə birbaşa təsir edən müharibə ilə bağlı qərarların yalnız Vaşinqton və Moskva arasında qəbul edilməsinə qarşı çıxırlar.
Avropa ölkələri Rusiya-Ukrayna danışıqları prosesində təsirli olmaq və baş verənlərə müdaxilə etmək istəyirlər. Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və Polşanın, eləcə də Aİ qurumlarının nümayəndələrinin təmsil olunacağı vahid Avropa nümayəndə heyətinin yaradılması olduqca mühüm əhəmiyyət daşıyır. Böyük Britaniyanın Aİ üzvü olmamasına baxmayaraq, bu strukturda yer alması təşəbbüsün yalnız Aİ-nin institusional çərçivəsi ilə məhdudlaşmadığını, daha geniş Avropa təhlükəsizlik yanaşmasına əsaslandığını göstərir. Beləliklə, Avropa ölkələri Ukrayna danışıqlarında vahid siyasi mövqe formalaşdırmağı və ABŞ ilə Rusiya arasındakı görüşlərdə birbaşa təmsil olunmağı hədəfləyirlər.
Danışıqlarda gündəmə gələn ən həssas məsələlərdən biri Ukraynanın NATO-ya üzvlüyü ilə Donbas bölgəsinin gələcəyi arasında mümkün əlaqədir. Ukrayna prezidenti Volodimir Zelenskinin açıqlamalarına görə, ABŞ-li danışıqlar aparan şəxslər Ukraynanın NATO-ya üzvlüyü müqabilində Donbasdan geri çəkilməsi ehtimalını gündəmə gətiriblər. Ukraynanın şərqində yerləşən Donetsk və Luqansk vilayətlərini əhatə edən Donbas müharibənin əsas mübarizə meydanlarından biridir. Belə bir formulun Ukrayna və Avropa ölkələri tərəfindən qəbul edilməsi olduqca çətin görünür. Çünki məsələ yalnız ərazi itkisi deyil, həm də Ukraynanın suverenliyi və gələcək təhlükəsizlik narahatlıqları ilə bağlıdır.
Rusiyanın yeni Avropa təhlükəsizlik nizamı ilə bağlı mövqeyi Rusiyanın danışıqlar prosesində önə çıxardığı digər məsələ müharibənin başa çatdırılmasından əvvəl Avropanın təhlükəsizlik arxitekturasının yenidən nəzərdən keçirilməsidir. Moskva Ukrayna məsələsinin daha geniş Avropa təhlükəsizlik razılaşması çərçivəsində qiymətləndirilməsini istəyir. Bu yanaşma 1975-ci il Helsinki Yekun Aktı ilə formalaşan və daha sonra Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində institusionallaşan təhlükəsizlik prinsiplərinin yenidən müzakirəyə çıxarılmasına səbəb ola bilər.
Lakin Avropa ölkələri Rusiyanın bu yanaşmasının mövcud təhlükəsizlik nizamını zəiflədəcəyindən narahatdırlar. Avropa üçün prioritet Ukraynanın suverenliyinin qorunması və Rusiyanın hərbi müdaxiləsinin Avropanın təhlükəsizliyinə qarşı yeni təhdidlər yaratmamasıdır.
Noyabrın 19-da APEC sammiti çərçivəsində ABŞ, Rusiya və Çin liderlərinin bir araya gəlməsinin gözlənilməsi də beynəlxalq diplomatiya baxımından mühüm əhəmiyyət daşıyır. Ukrayna məsələsinin də gündəmə gələ biləcəyi bu təmas Putin üçün Rusiyanın beynəlxalq diplomatik təcriddən çıxması və yenidən qlobal güc balansının mərkəzində yer alması baxımından fürsət yarada bilər. Bununla belə, bu görüşün Rusiyaya qarşı sanksiyaların ləğvi anlamına gəldiyini söyləmək üçün hələ tezdir.
Avropa təhlükəsizliyinə artan təhdidlər və Ukraynaya dəstək İclasın mühüm gündəm maddələrindən biri də Avropa ölkələrinin üzləşdiyi kiberhücumlar, təxribat cəhdləri və hibrid təhdidlər olub. Almaniyada Leypsiq ətrafında baş verən insansız uçuş aparatı hadisələri və Estoniyanın Rusiya sərhədində təhlükəsizlik tədbirlərini gücləndirməsi Avropanın təhlükəsizlik narahatlıqlarını dərinləşdirir. Fransanın kritik infrastruktura qarşı kiberhücumlara görə İranı məsul tutması da təhdidlərin yalnız Rusiya ilə məhdudlaşmadığını göstərir. Bu hadisələr Avropa ölkələrinin müdafiə və təhlükəsizlik siyasətində daha sıx koordinasiyaya ehtiyac duyduğunu ortaya qoyur.
Aİ Ukraynaya maliyyə dəstəyinin davam etdirilməsini də gündəmə gətirib. 2027-ci il üçün təxminən 45 milyard avro həcmində dəstək təklifinin həyata keçirilməsi ilə bağlı isə üzv ölkələr arasında fikir ayrılıqları mövcuddur. Xüsusilə Macarıstan, Çexiya və Slovakiyanın təklifə müsbət yanaşmaması Aİ-nin ümumi qərar qəbuletmə mexanizminin Ukraynaya maliyyə dəstəyinin həyata keçirilməsini çətinləşdirə biləcəyini göstərir. Bu vəziyyət Avropanın Ukraynaya dəstək məsələsində siyasi iradə nümayiş etdirməsinə baxmayaraq, vahid maliyyə və strateji siyasət formalaşdırmaqda çətinlik çəkdiyinə işarə edir.
Yaxın Şərq və Suriya gündəmi Xarici Əlaqələr Şurasının iclasında Yaxın Şərqdəki proseslər də qiymətləndirilib. Suriyanın siyasi keçid prosesi, iqtisadi dirçəlişi və yenidən qurulması müzakirə olunan məsələlər arasında yer alıb. Bu vəziyyət bölgədə sabitliyin Avropanın təhlükəsizliyi baxımından daşıdığı əhəmiyyəti ortaya qoyub.
Qəzza ilə bağlı isə Almaniyanın xarici işlər naziri İohan Vadeful İsraili humanitar yardımların bölgəyə çatdırılmasına şərait yaratmağa və Qəzzadakı ağır humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində addımlar atmağa çağırıb.
Türkiyənin mövqeyi və ümumi qiymətləndirmə İclasın Türkiyə baxımından mühüm tərəflərindən biri xarici işlər naziri Hakan Fidanın Brüsseldəki təmasları və iştirak etdiyi Regionlararası Təhlükəsizlik və Əlaqələndirmə üzrə Nazirlər Toplantısı olub. Fidanın avropalı həmkarları ilə keçirdiyi görüşlər Türkiyənin regional təhlükəsizlik və diplomatik proseslərdəki rolunun əhəmiyyətini ortaya qoyub. Xüsusilə Qara dənizin təhlükəsizliyi, enerji və nəqliyyat bağlantıları, eləcə də Orta Dəhliz Türkiyə-Aİ münasibətləri baxımından strateji əhəmiyyət daşıyır.
Ankara üçün Orta Dəhliz yalnız iqtisadi nəqliyyat marşrutu deyil, həm də Avropa ilə türk dünyası arasında strateji əlaqələndirmənin əsas elementlərindən biridir. Türkiyənin coğrafi mövqeyi enerji və ticarət yollarının şaxələndirilməsi baxımından Avropa üçün mühüm imkanlar yaradır. Bununla yanaşı, Qara dənizdə yeni təhlükəsizlik mexanizmləri yaradılarkən Montrö Boğazlar Konvensiyasının və regional məsuliyyət prinsipinin nəzərə alınması da vacibdir.
Noyabrın 16-da Brüsseldə keçirilən iclasın üç əsas reallığı ortaya qoyduğunu söyləyə bilərik. Birincisi, Avropanın təhlükəsizliyinin hərbi təhdidlərlə yanaşı, kiberhücumlar və təxribat cəhdləri səbəbindən də təzyiq altında olduğu görünür. İkincisi, Avropa ölkələri Ukraynanın gələcəyi ilə bağlı danışıqlarda ABŞ və Rusiyanın həlledici olduğu prosesdən kənarda qalmaq istəmirlər. Üçüncüsü, Türkiyənin də iştirak etdiyi regionlararası təhlükəsizlik və əlaqələndirmə təşəbbüsləri Avropanın strateji maraqlarının Qara dənizdən Cənubi Qafqaza və Mərkəzi Asiyaya qədər uzandığını göstərir. Bu proseslər Türkiyənin Avropanın təhlükəsizliyi və Avrasiya əlaqələndirməsi baxımından əhəmiyyətini artırmaqla yanaşı, Ankara ilə Brüssel arasında qarşılıqlı maraqlara əsaslanan yeni əməkdaşlıq sahələrinin inkişaf etdirilməsini də zəruri edir.
Asif Cəfərov Ordu.az