Brüssel Azərbaycan Evində Zəfər Günü qeyd olunub


Belçikanın paytaxtı Brüsseldə yerləşən Azərbaycan Evində 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyinin dəstəyi, Brüssel Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutub. Mərasimdə Belçikanın müxtəlif şəhərlərində yaşayan soydaşlarımız, eləcə də bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbirdə Səfirliyin birinci katibi Emin Rüstəmov, “MADANİ” platformasının rəhbəri, Benilüks Azərbaycanlıları Koordinasiya Şurasının Belçika üzrə koordinatoru Emin Əliyev, FireLand Azərbaycanlılar Birliyinin sədri İlahə Tağıyeva, BUTAM Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Yasəmən Abbasi, “İRS” Azərbaycan-Belçika Tələbə Assosiasiyasının həmsədri Nurlana Veysova, Belçikada təhsil alan tələbə, Diaspor Gənclərinin VII Yay Düşərgəsinin iştirakçısı Şamil Dağıstanlı çıxış ediblər. Onlar 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və şücaətdən bəhs ediblər.
Bildirilib ki, Vətən müharibəsi xalqımızın qəhrəmanlıq və Zəfər salnaməsində müstəsna yer tutur. Bu tarixi qələbə milli birliyimizin, həmrəyliyimizin və Vətənə sonsuz bağlılığımızın təntənəsidir. Həmçinin xarici ölkələrdə yaşayan soydaşlarımızın Zəfər Gününü hər il böyük qürur, sevinc və ruh yüksəkliyi ilə qeyd etdikləri vurğulanıb.
Daha sonra “Torpağı sanı yaşayasan” adlı bədii qısametrajlı film nümayiş etdirilib.
Tədbirin sonunda vətənpərvərlik ruhunda musiqilər səsləndirilib. İştirakçılar musiqinin sədaları altında rəqs edərək bayram sevincini bölüşüblər. Səmimi və yüksək əhval-ruhiyyə şəraitində keçən tədbir xoş təəssüratlarla başa çatıb.