Böyük Qayıdışdan regional sülhə: Azərbaycan postmüharibə dövrünün yeni reallıqlarını formalaşdırır – ŞƏRH


Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan uzun illər torpaqlarının işğalı, ərazilərinin dağıdılması, milli sərvətlərinin talan edilməsi və yüz minlərlə insanının doğma yurd-yuvasından didərgin düşməsi kimi ağır tarixi faciə ilə üz-üzə qalıb. Lakin 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər bu reallığı kökündən dəyişdi. Ərazi bütövlüyünün və suverenliyin bərpası ilə Azərbaycan yeni mərhələyə qədəm qoydu. Eyni zamanda, bu Zəfər təkcə ölkəmizdə deyil, bütün Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyanın formalaşmasına zəmin yaratdı.
Bu gün müharibənin ağır nəticələri aradan qaldırılır, gələcəyin Azərbaycanı qurulur. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, müasir infrastrukturun yaradılması, yaşayış məntəqələrinin salınması, məktəblərin, xəstəxanaların və sosial obyektlərin tikilməsi, iqtisadi layihələrin reallaşdırılması dövlətimizin postmüharibə strategiyasının əsas istiqamətlərini təşkil edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Rafael Becanov deyib.
Onun sözlərinə görə, ən mühüm məqam insanların öz doğma torpaqlarına qayıtmasıdır. Böyük Qayıdış yalnız əhalinin əvvəlki yaşayış yerlərinə köçürülməsi deyil, həm də həmin ərazilərdə həyatın, iqtisadi fəallığın və sosial münasibətlərin yenidən canlanması deməkdir.
“Yeni iş yerlərinin yaradılması, sahibkarlığın təşviqi və böyük infrastruktur layihələrinin həyata keçirilməsi Qarabağ və Şərqi Zəngəzurun ölkənin iqtisadi həyatına inteqrasiyasını sürətləndirir. Əslində, Azərbaycan öz Zəfərini yalnız hərbi müstəvidə deyil, quruculuq, inkişaf və sosial rifah müstəvisində də davam etdirir. Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi imkanların yaradılması həmin torpaqlarda həyatın yenidən canlanmasına xidmət edir.
Vətən müharibəsindəki Qələbənin digər mühüm nəticəsi regionda tamamilə yeni geosiyasi reallığın formalaşmasıdır. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə Cənubi Qafqazda yeni siyasi və təhlükəsizlik konfiqurasiyası yaranıb. Dünyada müharibələrin, geosiyasi qarşıdurmaların və beynəlxalq gərginliyin artdığı bir vaxtda Cənubi Qafqazın sabitlik, əməkdaşlıq və iqtisadi inteqrasiya məkanına çevrilməsi xüsusi əhəmiyyət daşıyır. Nəqliyyat dəhlizlərinin açılması, iqtisadi əlaqələrin genişlənməsi və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə region dövlətləri, eyni zamanda, bütün dünya üçün yeni perspektivlər vəd edir.
Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən nəqliyyat-kommunikasiya bağlantısını nəzərdə tutan layihədir. Bu layihə daha geniş mənada Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Belə bir bağlantının yaradılması regionun beynəlxalq nəqliyyat və logistika sistemində rolunu daha da gücləndirə bilər”, – deyə siyasi şərhçi bildirib.
R.Becanov bildirib ki, bu imkanların reallaşması üçün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi konkret addımlara və hüquqi təminatlara əsaslanmalıdır. Hazırda danışıqların aparılması, sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində görülən işlər mühüm əhəmiyyət daşıyır. Münasibətlərin dayanıqlı və dönməz xarakter alması üçün əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır.
“Bu baxımdan Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması prinsipial məsələdir. Ermənistan regionda uzunmüddətli sabitliyə dəstək vermək üçün konstitusiya islahatlarını sürətləndirməli, dövlət siyasətini revanşizm deyil, qarşılıqlı suverenliyə və ərazi bütövlüyünə hörmət prinsipləri üzərində qurmalıdır. Bu addımlar sülh müqaviləsinin imzalanması, nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin inkişafı üçün etimad mühitinin formalaşmasına xidmət edəcək.
Azərbaycanın postmüharibə strategiyasının əsas fəlsəfəsi qazandığı tarixi Zəfəri dayanıqlı sülhə, iqtisadi inkişafa və regional əməkdaşlığa çevirməkdir. Bu baxımdan, rəsmi Bakı öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyə və regional əməkdaşlığa hazır olduğunu hər zaman nümayiş etdirir. Əsas hədəf yalnız Ermənistanla münasibətləri normallaşdırmaq deyil. Başlıca məqsəd Cənubi Qafqazı qarşıdurma məkanından iqtisadi əməkdaşlıq, nəqliyyat və enerji təhlükəsizliyi mərkəzinə çevirməkdir. Bu isə regionun gələcək geosiyasi əhəmiyyətini daha da artıracaq”, – deyə Rafael Becanov əlavə edib.