Borçalılara yenə daş atdı: elə bilirdim ölüb...


Mübariz Əhmədoğlunun hələ də yaşadığını bilmirdim. Nədənsə, yaddaşımdan silinib, elə bilirdim, artıq bu dünyada yoxdur.
Yadımdadır, 2000-ci illlərin ortaları idi, borçalıların bostanına “ilk daşı” atmışdı. Gözlərini bərəldə-bərəldə israr edirdi ki, Rusiya Gürcüstanda azərbaycanlıların əli ilə çevriliş hazırlayır. Guya Cənubi Qafqaz Avropaya inteqrasiya etdiyi bir vaxtda Borçalıdakı azərbaycanlılar bütün işi pozur, Rusiyanı yenidən Qafqaza qaytarmaq istəyir.
Gənc və çılğın dönəmlərim idi, ofisinə bir az “sərt tavır”la getdim. Bir saat mənə vələ-vəzir oxudu ki, bu fikirləri ona görə deyirəm ki, gürcülər bizim soydaşlarımızın gücünü anlasınlar.
Bundan bir müddət sonra Azərbaycandan yüksək səviyyəli bir heyət Gürcüstana getmişdi. Düşünürdük ki, həmin heyət soydaşlarımızın çox ciddi sayılan problemləri ilə də maraqlanacaq, amma heç bir soydaşımızla görüşüb, onların dərdini dinləmədilər.
Çünki Mübariz Əhmədoğlu kimi “politoloqlar” Borçalı azərbaycanlılarını elə təqdim edir, onlar haqqında elə ittihamlar səsləndirirdilər ki, nümayəndə heyəti də bəlkə bu ittihamların yaratdığı mənzərəni nəzərə alaraq soydaşlarımızla görüşməyi məqsədəuyğun hesab etməmişdi.
Müşahidə etmişəm ki, Azərbaycanda məktəblərdə başörtüsü ilə bağlı qadağalardan sonra bəzi sosial şəbəkə istifadəçiləri tez-tez Gürcüstanda soydaşlarımız arasında İranın ciddi dini təsirlərinin olduğunu bildirir, Borçalıya deyil, İrana bənzəyən geyim formalı insanları təqdim edirlər.
Əlbəttə, bu gün Gürcüstanda İranın dini-ideoloji təsirinə məruz qalan kəndlərimiz, bölgələrimiz və soydaşlarımız var. Bundan ən çox biz rahatsız oluruq. Amma bunun səbəbi onlar deyil, bizik - çünki bir ideoloji boşluq var və bu ideoloji boşluğu doldurmaq üçün hansı addımlar atmalıyıqsa, müzakirə etməliyik.
Bu gün İranın dini-ideoloji təsirləri yalnız Borçalıda deyil, Azərbaycanın özündə də bunu müşahidə edirik. Məktəblərimizdə baş örtüsü məsələsinin əsas himayəçisi, siyasi dəstəkçisi də həmin ölkədi.
Bəs indi Mübariz Əhmədoğlunu İrəvandakı Göy məscid məsələsinə görə Borçalı azərbaycanlılarını ittiham etməyə, orada yaşayan qadınlı-kişili soydaşlarımızı təhqir etməyə nə vadar etdi?
Niyə axı, İranın Borçalıya olan təsirləri məhz bu son bir ayda bu adamların yadına düşdü?
Məncə, burada da müəyyən siyasi manipulyasiya cəhdi var. İranın ölkəmizdəki təsirlərinin əsas hədəfi kimi Azərbaycanı deyil, Borçalını göstərməklə diqqəti əsl problemdən yayındırmaq istəyirlər.
Borçalıda İranın təsirlərini azaltmaq üçün görüləcək işlərdən biri soydaşlarımızla mütəmadi işləmək, ictimai təşkilatlar vasitəsilə vaxtaşırı ünsiyyət, tədbirlər keçirmək, təbliğat aparmaq məqsədəuyğun olardı. Bunun üçün isə təbii ki, ilk növbədə həmin ictimai təşkilatların özü olmalıdır.
Borçalı əsilli insanların ictimai təşkilatlanması isə, gerçəkdən, iynənin gözündən dəvəni keçirməyə bənzəyir.
20 il əvvəlki görüşümüzdə Mübariz Əhmədoğlu mənə bildirmişdi ki, Ramiz Mehdiyev qeyri-rəsmi göstərişlə Gürcüstan azərbaycanlılarının ictimai təşkilatlar yaratmasını məhdudlaşdırıb, çünki onların ictimai proseslərdə fəal iştirakını arzuolunmaz hesab edir.
İndi Mübariz Əhmədoğlunun “boz kardinal”ı yoxdur, ümid etmək istəyirik ki, bizim borçalılarla işləmək üçün təşkilatlanmağımıza şərait yaradılar.
Əks təqdirdə soydaşlarımızı xarici təsirlərdən qoruya bilməyəcəyik. Necə ki, bu gün həmin boşluğun acı nəticələrini artıq görməkdəyik...
Qeyd: M.Əhmədoğlunun Tiktok sosial şəbəkəsində “Borçalılar İrəvanda Göy məscidin erməniləşdirilməsinə qarşı üsyan etmədiklərinə görə kişili-arvadlı hamısına ar olsun. Sabah onların qadınları erməni və iranlıların ayaqları altında qalacaq” dediyi bildirilir və bu da borçalıların kəskin etirazına səbəb olub.
Tarix
2026.11.20 / 21:39
Müəllif
İlqar İlkin
Digər xəbərlər
BDU-nun işdən çıxarılan prorektoru kimdir?
Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
Bakı dünya güclərini üstələyə bilər – Belyayev
Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir
İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto
Vyetnama nə satıb, nələr almışıq?
İlham Əliyev Le Minh Hunq ilə görüşdü
Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq
Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?
