Bərdədə yeni xəstəxananın inşası ilə bağlı təklif verildi - Foto


Milli Məclisdə Bərdədə yeni xəstəxananın inşası ilə bağlı təklif səsləndirilib.
Oxu.Az xəbər verir ki, bu təklifi Milli Məclisin deputatı Fatma Yıldırım parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
O qeyd edib ki, 200 minə yaxın əhalisi olan Bərdədə yeni, müasir xəstəxananın inşasına ehtiyac var:
"Vətəndaşların keyfiyyətli tibbi xidmət almaq üçün böyük şəhərlərə üz tutmaq məcburiyyətində qalmaması, tibbi xidmətlərin əlçatanlığının artırılması baxımından bu məsələ xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, məsələnin müvafiq dövlət proqramlarında öz əksini tapması üçün aidiyyəti qurumlara müraciət edirəm".
Deputat əlavə edib ki, qarşıdakı dövrdə əsas vəzifələrdən biri büdcə vəsaitlərinin səmərəli və məqsədyönlü istifadəsini təmin etmək, ayrılan maliyyə resurslarının konkret iqtisadi və sosial nəticələrə çevrilməsinə nail olmaqdır:
"Xüsusilə regionların inkişafına, yeni iş yerlərinin yaradılmasına, infrastrukturun yenilənməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edən layihələr diqqət mərkəzində saxlanılmalıdır".
F.Yıldırım vurğulayıb ki, Bərdə rayonunda diqqət tələb edən digər mühüm məsələ ictimai nəqliyyat xidmətinin mövcud vəziyyətidir:
"Rayonda sərnişindaşıma xidmətində istifadə olunan marşrut avtobuslarının bir qismi köhnəlib, texniki və komfort baxımından müasir tələblərə cavab vermir. Bu məsələ ilə bağlı seçicilər tərəfindən bizə mütəmadi olaraq çox sayda müraciətlər daxil olur. Hesab edirəm ki, regionlarda ictimai nəqliyyat infrastrukturunun yenilənməsi, sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi və müasir standartlara uyğun avtobusların istifadəyə verilməsi aidiyyəti qurumların diqqət mərkəzində olmalıdır".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
oxu.az/cemiyyet/mil…
Qaynar xətt:
(055) 224 12 12
