Bel çevrəsinin normadan artıq böyük və ya kiçik olması ölüm riskini artıra bilər


Bel çevrəsinin normadan artıq böyük, eləcə də həddindən artıq kiçik olması insanlarda ölüm riskinin yüksəlməsi ilə əlaqəli ola bilər. Maraqlıdır ki, bu əlaqə bədən kütləsi indeksindən və yaş amilindən asılı olmayaraq müşahidə edilib.
Bu qənaətə Cənubi Koreyada 17,2 milyondan çox yetkin insanın sağlamlıq məlumatlarını təhlil edən tədqiqatçılar gəlib. Araşdırmanın nəticələri Journal of Epidemiology and Community Health elmi jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində 2009–2010-cu illərdə tibbi müayinələrdən keçmiş şəxslərin məlumatları təhlil edilib və onların sağlamlıq vəziyyəti, demək olar ki, 14 il ərzində izlənilib. Bu müddət ərzində təxminən 1,57 milyon iştirakçı dünyasını dəyişib.
Nəticələrə əsasən, ölüm riskinin ən aşağı olduğu bel çevrəsi göstəricisi kişilərdə 80–94 santimetr, qadınlarda isə 75–89 santimetr təşkil edib. Alimlər bel çevrəsi ilə ölüm riski arasında U-şəkilli əlaqə müəyyən ediblər. Belə ki, göstəricinin həm bu aralıqdan yuxarı, həm də aşağı olması riskin artması ilə əlaqələndirilib.
Araşdırmaya görə, cins, yaş və bədən kütləsi indeksinə uyğun orta göstəricidən artıq bel çevrəsinin hər əlavə 5 santimetri kişilərdə ölüm riskinin 16 faiz, qadınlarda isə 14 faiz artması ilə əlaqəli olub. Bu tendensiya xüsusilə yaşlı insanlarda, o cümlədən 75 yaşdan yuxarı qadınlarda daha aydın müşahidə edilib.
Tədqiqatçılar bel çevrəsinin azalması ilə ümumi bədən çəkisinin itirilməsinin təsirlərini də müqayisə ediblər. Artıq çəkisi nisbətən az olan, lakin bel çevrəsi böyük şəxslərdə bədən çəkisinin 7–8 faiz azaldılması ölüm riskinin aşağı düşməsi ilə əlaqəli olub. Bununla belə, bədən kütləsi indeksində dəyişiklik olmadan bel çevrəsinin 5 santimetr kiçilməsi daha əlverişli nəticə ilə əlaqələndirilib.
Alimlər bunu qarın boşluğunda yerləşən visseral piy toxumasının azalması, eyni zamanda əzələ kütləsinin qorunması və ya artırılması ilə izah edirlər. Onların fikrincə, yalnız kalori məhdudiyyəti hesabına arıqlamaq zamanı insan təkcə piy deyil, həm də əzələ kütləsi itirə bilər. Bu isə çəki azalmasının sağlamlığa müsbət təsirini məhdudlaşdıra bilər.
Tədqiqatın müəllifləri vurğulayırlar ki, araşdırma müşahidə xarakteri daşıyır və bel çevrəsinin dəyişməsinin birbaşa olaraq ömür uzunluğuna təsir etdiyini sübut etmir. Həmçinin əldə olunan nəticələr bütün insanların eyni bel çevrəsi göstəricisinə nail olmağa çalışmalı olduğu anlamına gəlmir. Bu göstərici yaş, cins və bədən kütləsi indeksi nəzərə alınmaqla qiymətləndirilməlidir.
//Gülnarə Abasova, Editor.az
1 mənbə
