BDU-da “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli” mövzusunda tədbir keçirilib
.jpg)
.jpg)
Noyabrın 19-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Yasamal rayon təşkilatı, Bakı Dövlət Universiteti və Universitetin Geologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, “Z.Xəlilov küç.33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, professor Zahid Cəfərov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Gülüstan Kərimli, YAP Gənclər Birliyinin üzvləri, Universitetin Geologiya fakültəsinin müəllim-tələbə kontingenti iştirak edib. Bakı Dövlət Universitetində baş tutan tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan “Z. Xəlilov küçəsi, 33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, professor Zahid Cəfərov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixindəki müstəsna xidmətlərindən danışıb. O qeyd edib ki, Ulu Öndərin siyasi fəaliyyəti, dövlətçilik təcrübəsi və milli maraqlara əsaslanan idarəçilik fəlsəfəsi müasir Azərbaycanın inkişaf modelinin fundamental əsaslarını təşkil edir. Bildirilib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi strateji inkişaf kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni tarixi nailiyyətlərlə zənginləşdirilib. Professor vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası Azərbaycan dövlətçiliyinin inkişaf tarixində yeni mərhələnin başlanğıcıdır. Bu tarixi nəticələr Ulu Öndərin ideyalarının və möhkəm təməllər üzərində qurduğu dövlətçilik strategiyasının uğurlu davamının parlaq təzahürüdür. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası müasir Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafının əsasını təşkil edir.Qeyd olunub ki, Ulu Öndərin siyasi uzaqgörənliyi, qətiyyətli rəhbərliyi və milli maraqlara söykənən siyasəti müstəqil Azərbaycan dövlətinin möhkəm təməllərini formalaşdırıb. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilməsi ölkəmizi böyük tarixi nailiyyətlərə qovuşdurub. Natiq xüsusi vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər, Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası Azərbaycan xalqının çoxəsrlik tarixinin ən şanlı səhifələrindəndir. Bu qələbələr Ulu Öndərin ən böyük arzularından birinin gerçəkləşməsi olmaqla yanaşı, Prezident İlham Əliyevin güclü siyasi iradəsinin, qətiyyətli rəhbərliyinin və düşünülmüş strategiyasının nəticəsidir. Bəxtiyar Nəbiyev qeyd edib ki, bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri qazanılmış tarixi Zəfərlərin siyasi, iqtisadi və mənəvi nəticələrini möhkəmləndirmək, milli həmrəyliyi daha da gücləndirmək və gələcək nəsillərə güclü dövlətçilik irsi ötürməkdir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Gülüstan Kərimli çıxış edərək Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, Ulu Öndər gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsini, onların yüksək təhsil almasını, milli-mənəvi dəyərlərə və dövlətçilik ənənələrinə bağlılığını daim diqqət mərkəzində saxlayıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizdə gənclərin inkişafı, təhsili və ictimai fəallığı üçün geniş imkanlar yaradılır. Gülüstan Kərimli vurğulayıb ki, Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində öz qəhrəmanlığı və fədakarlığı ilə tarix yazaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan tarixi Zəfərin əsas iştirakçılarından olub. Bu gün ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin edilmiş Azərbaycanın gəncləri qarşısında yeni məsuliyyətlər dayanır. Onlar elmi bilikləri, peşəkarlıqları, vətənpərvərlikləri və fəal vətəndaş mövqeləri ilə ölkəmizin gələcək inkişafına töhfə verməlidirlər. Geologiya fakültəsinin dekanı, dosent Mamoy Mansurov çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafına, milli kadr potensialının formalaşdırılmasına göstərdiyi diqqət və qayğıdan bəhs edib. O bildirib ki, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası ölkənin elmi-intellektual potensialının gücləndirilməsi üçün möhkəm zəmin yaradıb. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, Azərbaycanın beynəlxalq nüfuzu və elmi-texnoloji imkanları daha da genişlənir. Dekan qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər və dövlət suverenliyimizin tam bərpası ölkəmizin inkişafı üçün yeni imkanlar açıb. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri, müasir şəhərsalma və infrastruktur layihələri bu gün Azərbaycanın gücünü, iqtisadi potensialını və gələcəyə hesablanmış inkişaf strategiyasını nümayiş etdirir. O, belə tədbirlərin universitet mühitində dövlətçilik ənənələrinin və milli tariximizin təbliği baxımından əhəmiyyətini vurğulayıb. Geologiya fakültəsinin dekan müavini İlqar Quliyev çıxışında Azərbaycan dövlətçiliyinin tarixi inkişafında Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, Ulu Öndərin təməlini qoyduğu milli inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun və keyfiyyət mərhələsinə yüksəlib. Azərbaycanın iqtisadi qüdrətinin artması, beynəlxalq mövqelərinin möhkəmlənməsi, 44 günlük Vətən müharibəsində tarixi Zəfərin qazanılması, ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası bu inkişaf yolunun mühüm nəticələridir. Natiq vurğulayıb ki, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, müasir şəhər və kəndlərin salınması, infrastrukturun yenidən qurulması ölkəmizin gələcək inkişaf prioritetlərini əks etdirir. Bu prosesdə elm və təhsil müəssisələrinin, o cümlədən Bakı Dövlət Universitetinin üzərinə mühüm vəzifələr düşür. Gənclərin dövlətçilik tariximizi, Ulu Öndərin siyasi irsini və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi nailiyyətləri dərindən öyrənməsi vacibdir. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib, xatirə şəkli çəkdirilib.