"Barselona" basketbol klubunun yeni mövsüm büdcəsi bəlli oldu


"Barselona" basketbol klubu 2026/27 mövsümü üçün maliyyə planlarını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin ümumi büdcəsi 45 milyon avro, xalis maaş fondu isə təxminən 16 milyon avro təşkil edir.
Vergilər çıxılmamış maaş büdcəsi 36 milyon avro səviyyəsində müəyyənləşib. Müqayisə üçün qeyd edək ki, ötən mövsüm basketbolçulara ödənilən xalis məbləğ 14,5 milyon avro olub.
Prezident Joan Laporta və idarə heyəti heyətin gücləndirilməsi üçün əlavə 4,5 milyon avro (təxminən 2,25 milyon avro xalis) ayrılmasına razılıq verib. "Barselona" Mozes Raytla razılığa gələ bilmədikdən sonra Nik Riçardsın transferinə cəhd etsə də, oyunçu "Mayami Hit"lə müqavilə bağlayıb. Kataloniya klubu ayrılan vəsaiti heyətdə ciddi zədə baş verəcəyi təqdirdə istifadə etməyi planlaşdırır. Bununla belə, komandanın əsas prioritetləri sırasında NBA-dən mərkəz oyunçusu transfer etmək yer alır.
Qeyd edək ki, Avroliqada ən böyük büdcəyə "Hapoel" sahibdir. "Panatinaikos" və "Real Madrid" isə bu göstərici üzrə ilk üçlüyü tamamlayır.
