Bakıda mənzilə oğurluğa girən kişi sürprizlə qarşılaşdı


Bakıda yaşlı qadının evinə oğurluğa girən şəxs sürprizlə qarşılaşıb.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, qadının pul kisəsini oğurlayan şəxs onun içərisinə baxış keçirən zaman 700 manat pulla yanaşı, üzərində “etibarsızdır” yazılan saxta əsginaslarla da qarşılaşıb.
Hadisə Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsində baş verib.
Məlum olub ki, 1992-ci il təvəllüdlü Həşim Fərəcov (ad-soyad şərtidir) qanunsuz olaraq gecə saatlarında sözügedən ünvanda mənzilə daxil olub. Bir qədər sonra yaşlı qadın yuxudan oyanaraq, oğru ilə qarşılaşıb. O, oğruya “kimsən sən, evimdə nə işin var?” sualını verib. H.Fərəcov isə cavab olaraq q “Xala, bağışla, səhv gəlmişəm” deyib və mənzildən çıxıb.
Qadın pullarının oğurlandığını səhər saatlarında fərqinə varıb və dərhal polisə məlumat verib. Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, qadına məxsus pul kisəsində 7 ədəd həqiqi 100 manatlıq pul əsginası, 6 ədəd üzərində “etibarsız” sözü yazılmış 100 manatlıq, 1 ədəd saxta 200 manatlıq və 6 ədəd etibarsız 100 ABŞ dolları aşkarlayıb.
Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs iki il müddətinə azadlqıdan məhrum edilib.