Bakı-Hanoy xəttində yeni iqtisadi hədəflər: Azərbaycan nə qazanacaq?


Azərbaycanın xarici siyasətində beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və müxtəlif regionlarla əməkdaşlığın gücləndirilməsi mühüm prioritetlərdən biridir. Bu baxımdan Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı ölkəmizin Cənub-Şərqi Asiya istiqamətində həyata keçirdiyi çoxşaxəli diplomatiyanın mühüm tərkib hissəsidir.
Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsində iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirməsi münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Azərbaycan yalnız ənənəvi tərəfdaşları ilə deyil, həm də sürətlə inkişaf edən Asiya dövlətləri ilə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq qurmaqda maraqlıdır. Bu siyasət ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmlənməsinə və xarici iqtisadi əlaqələrinin şaxələndirilməsinə xidmət edir.
Azərbaycan və Vyetnam arasında münasibətlərin tarixi kökləri mövcuddur. Hələ sovet dövründə Vyetnamdan olan çoxsaylı mütəxəssislər Azərbaycanda təhsil almış, xüsusilə neft sənayesi sahəsində təcrübə qazanmışlar. Bu tarixi əlaqələr müasir dövrdə siyasi, iqtisadi və humanitar əməkdaşlığın inkişafı üçün əlverişli zəmin formalaşdırır. Vyetnam bu gün Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən iqtisadiyyatlarından biri olmaqla beynəlxalq ticarətdə mühüm mövqeyə malikdir. Azərbaycan isə əlverişli coğrafi mövqeyi, enerji ehtiyatları və beynəlxalq nəqliyyat layihələrində iştirakı ilə Vyetnam üçün perspektivli tərəfdaş hesab oluna bilər. İki ölkənin iqtisadi potensialının bir-birini tamamlaması əməkdaşlığın daha geniş sahələri əhatə etməsinə imkan yaradır.
Münasibətlərin inkişafında enerji sektoru xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın neft-qaz sənayesində topladığı zəngin təcrübə, müasir enerji infrastrukturu və beynəlxalq layihələrin həyata keçirilməsində qazandığı uğurlar Vyetnamla əməkdaşlıq üçün mühüm imkanlar açır. Bununla yanaşı, tərəflər arasında yalnız ənənəvi enerji sahəsində deyil, bərpaolunan enerji, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, sənaye və investisiya istiqamətlərində də əməkdaşlığın genişləndirilməsi mümkündür. Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına üstünlük verməsi Vyetnam kimi böyük istehsal və ixrac potensialına malik ölkələrlə əlaqələrin gücləndirilməsini daha da aktuallaşdırır. Xüsusilə qarşılıqlı investisiyaların təşviqi və işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulması iqtisadi münasibətlərin praktik nəticələr verməsi baxımından vacibdir.
Azərbaycan-Vyetnam əməkdaşlığının geosiyasi əhəmiyyəti də diqqətdən kənarda qalmamalıdır. Müasir beynəlxalq münasibətlər sistemində Asiya regionunun iqtisadi və siyasi çəkisi davamlı şəkildə artır. Belə bir şəraitdə Azərbaycanın Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini genişləndirməsi ölkəmizin xarici siyasətində coğrafi balansın qorunmasına və yeni diplomatik imkanların formalaşmasına xidmət edir. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində Vyetnamla əməkdaşlıq təcrübəsinə malikdir və bu platforma iki ölkənin beynəlxalq məsələlər üzrə dialoqu üçün əlavə imkanlar yaradır. Eyni zamanda, Azərbaycanın Orta Dəhlizin inkişafında oynadığı rol Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm perspektivlər vəd edir. Vyetnamla nəqliyyat və logistika sahəsində potensial əməkdaşlıq da məhz bu kontekstdə qiymətləndirilə bilər.
Ümumilikdə, Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu xarici siyasətin mühüm istiqamətlərindən biri kimi dəyərləndirilə bilər. Azərbaycan beynəlxalq əməkdaşlıqda qarşılıqlı hörmət, suverenlik, bərabərhüquqluluq və iqtisadi maraqların uzlaşdırılması prinsiplərinə əsaslanır. Vyetnamla əlaqələrin genişləndirilməsi ölkəmizin Asiya bazarlarına çıxış imkanlarını artırmaqla yanaşı, beynəlxalq iqtisadi və siyasi tərəfdaşlıq şəbəkəsinin daha da güclənməsinə şərait yarada bilər. Xüsusilə qlobal iqtisadi münasibətlərin yenidən formalaşdığı, yeni ticarət marşrutlarının və regional əməkdaşlıq mexanizmlərinin ön plana çıxdığı bir dövrdə bu münasibətlərin strateji əhəmiyyəti artır. Azərbaycanın məqsədi yalnız mövcud tərəfdaşlıqları qorumaq deyil, həm də yeni iqtisadi və diplomatik istiqamətlər formalaşdırmaqla beynəlxalq arenada mövqeyini daha da möhkəmləndirməkdir.
Alim Nəsirov
1 mənbə