Bağırsaq sağlamlığı üçün ən faydalı məhsul açıqlandı – Nə meyvədir, nə də tərəvəz


Bağırsaqların sağlamlığını qorumaq üçün ilk növbədə meyvə və tərəvəzlər tövsiyə edilsə də, dietoloqlar bu sahədə daha bir məhsulun xüsusi əhəmiyyət daşıdığını bildirirlər. Söhbət paxladan gedir.
Demokrat.az xəbər verir ki, bu barədə "EatingWell" nəşri "Nutrients" jurnalında dərc olunan araşdırmaya və dietoloq Emili Laxtropun açıqlamalarına istinadən yazıb.
Mütəxəssislərin fikrincə, paxla yüksək lif tərkibi ilə seçilir. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bir stəkan konservləşdirilmiş ağ paxlada təxminən 12 qram lif var. Bu isə gündəlik tövsiyə olunan miqdarın təxminən yarısına bərabərdir.
Diyetoloq Emili Laxtropun sözlərinə görə, paxlanın tərkibindəki lif bağırsaqların müntəzəm fəaliyyətini təmin etməyə və faydalı bakteriyaların çoxalmasına kömək edir.
Bu məhsulun üstünlükləri yalnız liflə məhdudlaşmır. Paxla həmçinin davamlı nişasta, kalium, dəmir və digər faydalı maddələrlə zəngindir. Araşdırmalara əsasən, bu komponentlər bağırsaq mikrobiomunun müxtəlifliyinin qorunmasında mühüm rol oynayır. Paxlanın müntəzəm istehlakı piylənmə və diabet riskinin azaldılmasına, eləcə də sağlam bədən çəkisinin qorunmasına da kömək edə bilər.
Bağırsaq sağlamlığını qorumağın digər yolları
"EatingWell" nəşri həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün bir neçə tövsiyə də təqdim edib.
Kifayət qədər su için. Xüsusilə qida rasionunda lifin miqdarı artırıldıqda su istehlakına diqqət yetirmək vacibdir. Su qidanın həzm sistemində hərəkətini asanlaşdırır. Mütəxəssislər gün ərzində, o cümlədən yeməkdən əvvəl və sonra su içməyi məsləhət görürlər.
Fiziki aktivliyi artırın. Müntəzəm hərəkət bağırsaqların fəaliyyətini stimullaşdırır, qəbizliyin qarşısını almağa və mikrobiomun müxtəlifliyini qorumağa kömək edir. Hətta yüngül fiziki fəaliyyət də faydalı ola bilər.
Fermentləşdirilmiş məhsullara üstünlük verin. Kefir, qatıq, kimçi və kombuça kimi qidalar probiotik mənbəyi hesab olunur. Onların qidalanmaya daxil edilməsi bağırsaqlardakı faydalı bakteriyaların müxtəlifliyini artırmağa kömək edə bilər.
Diyetoloqların fikrincə, bağırsaq sağlamlığını qorumaq üçün tək bir məhsula güvənmək əvəzinə, liflə zəngin qidalar, kifayət qədər su və fiziki aktivliyi əhatə edən balanslı həyat tərzinə üstünlük vermək lazımdır.
1 mənbə