B-52 “Stratofortress” bombardmançısı niyə bu qədər uzunömürlü olub?


Hərbi Hava Qüvvələrinin daha yeni bombardmançıları 21-ci əsrdə tez köhnələn dar məqsədli missiyalar üçün hazırlanmışdı, halbuki B-52 “Stratofortress” son dərəcə çevik qalmağı bacarıb.
Gizlilik və səsdən sürətli uçuş dövründə “Boeing B-52 Stratofortress” bir qədər keçmişə aid, dövrünə uyğun olmayan bir texnologiya təsiri bağışlayır. Nəhəng, yavaş və radarda aydın görünən bu təyyarə ilk uçuşunu həyata keçirdiyi Eyzenhauer dövrünün qalığıdır.
Lakin B-52 “ölməkdən imtina edir”. Onu əvəzləmək üçün nəzərdə tutulan səsdən sürətli “Rockwell B-1B Lancer” və stels tipli “Northrop Grumman B-2 Spirit” bombardmançıları xidmətdən çıxarılsa da, B-52 yeni mühərriklər və proqram təminatı ilə növbəti yarım əsrlik xidmətə hazır vəziyyətdə uçuşlarını davam etdirir.
B-52 “Stratofortress”in texniki göstəriciləri İstismara verilmə ili: 1955 (B-52 ABŞ Hərbi Hava Qüvvələrinin tərkibinə 1955-ci ilin fevralında daxil olub) İstehsal olunan say: 744 (bütün variantlar), hal-hazırda ABŞ HHQ-də təxminən 76 B-52H qalıb Uzunluğu: 159 fut 4 düym (48,5 m) Qanad açıqlığı: 185 fut (56,4 m) Çəkisi: Təxminən 185,000 funt (84,000 kq) boş Təxminən 488,000 funt (221,000 kq) maksimum uçuş çəkisi Mühərriklər: Səkkiz “Pratt & Whitney TF33-P-3/103” turbofan mühərriki (təxminən 17,000 funt itələmə qüvvəsi / 76 kN hər biri), gələcək xidmət dövrü üçün “Rolls-Royce F130/BR700” ailəsi əsasında yenidən mühərriklə təchizetmə proqramı planlaşdırılır Maksimum sürət: təxminən 650 mil/saat (1,046 km/saat), yüksəklikdə təxminən “Mach 0.86” Döyüş radiusu: Missiyadan və yükdən asılı olaraq bir neçə min mil (təxminən 3,000-7,000 km), yanacaq doldurulmasına əsasən dəyişir Uçuş hündürlüyü (service ceiling): təxminən 50,000 fut (15,240 m) Yük tutumu: təxminən 70,000 funt (≈31,500 kq) müxtəlif növ sursat Ekipaj: 5 nəfər (pilot, ikinci pilot, silah sistemləri zabiti, naviqator, radioelektron mübarizə zabiti), missiyadan asılı olaraq dəyişir
B-52 bu gün niyə hələ də aktualdır? B-52 heç vaxt cazibədar platforma sayılmayıb. Uzun qanadları və geniş uçuş məsafəsi ilə B-52 okeanları aşaraq ağır yük daşıya bilir və saatlarla havada qalmaq gücünə malikdir. Bu əsas xüsusiyyət təyyarənin xidmətdə olduğu 70 il ərzində dəyişməyib. Bu qabiliyyət hələ də çox qiymətlidir, xüsusilə müasir müharibələrdə, təhlükəsiz məsafələrdən dəqiq zərbə endirə bilmək, radarlardan gizlənməkdən daha vacib sayılır. Bu gün uzun mənzilli qanadlı raketlərlə təchiz olunmuş B-52 minlərlə kilometr uzaqdakı hədəfləri düşmən sərhədini keçmədən vura bilir. Bu isə çox dəyərli qabiliyyətdir, çünki hava hücumundan müdafiə sistemlərinin demək olar ki, hər şeyi görmək imkanına malik olduğu bir dünyada bəzən sağ qalmağı təmin edən amil gizlilik deyil, məsafə olur.
B-1B və B-2 bombardmançılarının xidmətdən çıxarılmasının, lakin köhnə B-52-nin hələ də uçmasının əsas səbəbi odur ki, daha yeni təyyarələr dar missiyalar üçün hazırlanmışdı və bu missiyalar 21-ci əsrdə aktuallığını itirib. Məsələn, B-1B aşağı hündürlükdə müdafiə xəttinə sızmaq üçün nəzərdə tutulmuşdu, lakin GPS ilə idarə olunan silahlar və uzaqmənzilli raketlər sayəsində artıq bombardmançılar yüksək və daha təhlükəsiz hündürlüklərdə əməliyyat aparır. B-2 isə xüsusi qulluq tələb edən gizlilik örtüyünə malikdir, bu da təyyarəni olduqca kövrək edir və onun hər uçuş saatının dəyəri yüz minlərlə dollarla ölçülür. Hər iki təyyarə Soyuq Müharibə dövründə Sovet radar şəbəkəsini yarmaq üçün hazırlanmışdı, lakin həmin müdafiə sistemləri illər ərzində o qədər təkmilləşdirilib ki, bu gün nə yüksək sürətli alçaq uçuş, nə də gizlilik texnologiyası real yaşama şansı təmin etmir.
B-52 çoxməqsədli bombardmançı üçün ideal platformadır B-52 həm də logistika baxımından öz həmyaşıdlarından daha yaxşı qocalıb. Onun sistemləri əlçatan, modul əsaslı və asanlıqla yenilənə biləndir. Hərbi Hava Qüvvələri yeni sensorları, radioelektron maneə qurğularını və nişanlama sistemlərini sadəcə “boltla bağlamaqla” əlavə edə bilər. Bu yolla B-52-nin əsas strukturu köhnə olsa da, texnoloji baxımdan daim yenilənməsi mümkündür. İndi isə yeni “Rolls Royce F130” mühərrikləri sayəsində B-52-nin uçuş məsafəsi və yanacaq səmərəliliyi ikiqat artacaq, analoq göstəricilərin yerini isə rəqəmsal kokpitlər alacaq. Bu çeviklik onun bu gün də uçmasının əsas səbəblərindən biridir.
Digər mühüm səbəb isə nisbətən aşağı əməliyyat xərcləridir. “Nisbətən” sözü burada vacibdir: B-52-nin uçuş saati təxminən 70,000 dollara başa gəlir, bu da adi hallarda ucuz sayılmaz. Amma B-2 ilə müqayisədə bu, əslində “ucuz” qiymətdir. Bu xərc səviyyəsində Hərbi Hava Qüvvələri kifayət qədər sayda B-52-ni xidmətdə saxlaya bilir, bu isə ABŞ-nin diqqətini Asiyaya yönəltdiyi bir vaxtda xüsusilə vacibdir.
B-52-nin uzunömürlülüyü artıq əfsanəvi hal alıb. Lakin xidmət müddətinin daha bir neçə onillik uzadılması planlaşdırıldığı üçün B-52 ABŞ aviasiya tarixində ən uzunömürlü platforma kimi qalmaq potensialına malikdir.
Dəyanət Ağalarlı Ordu.az
