Azərbaycanın Suriyaya $330 milyonluq təbii qaz satıb


Azərbaycanın Suriyaya məhsul ixracı 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artaraq 336,73 milyon ABŞ dollarına çatıb. İxracın əsas hissəsini təbii qaz təşkil edib.
Banker.az xəbər verir ki, ötən ilin eyni dövründə Suriyaya cəmi 840 min dollarlıq məhsul göndərilmişdi. Beləliklə, ixracın dəyəri illik müqayisədə təxminən 401 dəfə artıb.
2026-cı ilin ilk doqquz ayında Azərbaycandan Suriyaya 972,55 milyon kubmetr və ya 330,27 milyon dollarlıq təbii qaz ixrac edilib. Bu, ölkəyə ümumi ixracın 98,1%-nə bərabərdir.
Hesablamalara əsasən, Suriyaya ixrac edilən hər 1000 kubmetr təbii qazın orta gömrük dəyəri təxminən 340 dollar təşkil edib.
Təbii qazdan başqa, Suriyaya 6,46 milyon dollarlıq digər məhsullar da göndərilib.
Azərbaycan qazının Türkiyə ərazisindən keçməklə Suriyaya nəqlinə 2 avqust 2025-ci ildə start verilib. Layihə çərçivəsində qaz Türkiyənin Kilis şəhəri üzərindən Suriyaya çatdırılır və Hələb və Homs bölgələrində elektrik enerjisinin istehsalı üçün istifadə edilir.
Tədarük 2025-ci ilin iyulunda Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri zamanı SOCAR ilə Suriya hökuməti arasında imzalanmış anlaşma memorandumuna əsaslanır.
İlkin mərhələdə Suriyaya illik 1,2 milyard kubmetr qazın nəqli nəzərdə tutulub. Türkiyə tərəfi mövcud infrastrukturun tədarükü illik 2 milyard kubmetrədək artırmağa imkan verdiyini də açıqlayıb.
Müqayisə üçün, 2025-ci ilin yekununda Azərbaycandan Suriyaya 350,90 milyon kubmetr və ya 120,09 milyon dollar dəyərində təbii qaz ixrac edilmişdi.
Ümumilikdə, Azərbaycan 2026-cı ilin yanvar–sentyabr aylarında səkkiz ölkəyə 17,99 milyard kubmetr və ya 6,45 milyard dollarlıq təbii qaz ixrac edib. Suriya bu ixracın fiziki həcminin təxminən 5,4%-ni təşkil edib.
