Azərbaycanın illərdir gözlədiyi addım: İtkin düşmüş şəxslərlə bağlı əməkdaşlıq genişlənir? — ŞƏRH


Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə etdiklərini açıqlaması gündəmdəki mühüm məsələlərdən biridir. Azərbaycan tərəfi uzun illərdir Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı məsələnin araşdırılmasını daim gündəmdə saxlayır. Onilliklərdir doğmaları barədə məlumat gözləyən ailələr üçün bu istiqamətdə atılacaq addımlar mühüm humanitar cavab ola bilər. Eyni zamanda, bu məsələ Azərbaycan və Ermənistan arasında gedən sülh prosesi fonunda qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə də təsir göstərə bilər.
Mövzu ilə bağlı Oxu24.com-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Elşad Mirbəşiroğlu bildirib ki, baş nazirin bu mövqeyi ümumiyyətlə müsbət qiymətləndirilməlidir.
Politoloqun sözlərinə görə, hər şeydən öncə bu addım onilliklərdir öz doğmaları haqqında məlumat gözləyən ailələr üçün cavab olardı. O qeyd edib ki, bu, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi baxımından kifayət qədər müsbət və humanist addım olardı.
Elşad Mirbəşiroğlu vurğulayıb ki, məsələnin ikinci tərəfi Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması prosesinin getməsi ilə bağlıdır və bu, etimad mühitini gücləndirə bilər:
“Azərbaycan tərəfi məsələni hər zaman aktual saxlayıb, Ermənistan tərəfindən itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsini tələb edib. Bu əslində kompleks işdir və bir sıra vacib addımları əhatə edir. Ermənistan tərəfi kütləvi məzarlıqların yerlərini aydın deməlidir, çünki həmin insanların böyük əksəriyyətinin ermənilər tərəfindən qətlə yetirildiyi məlumdur, sadəcə onların harada dəfn olunmasını müəyyənləşdirmək lazımdır. Daha sonra həmin şəxslərin kimliklərini müəyyən etmək lazımdır. Müasir DNT testləri tətbiq olunmalıdır ki, o insanların kimlikləri dəqiq müəyyən olunsun.
Ailələri o insanlar, o cümlədən vaxtilə itkin düşmüş insanlar haqqında məlumat əldə etmələri və kimliklərinin müəyyənləşməsi onlar üçün çox böyük təsəlli olardı”.
Politoloq qeyd edib ki, bu, ayrıca bir fəaliyyət sahəsi kimi müəyyənləşdirilməlidir. Onun sözlərinə görə, Ermənistan tərəfi Azərbaycanla bu istiqamətdə əməkdaşlığını genişləndirmək istəyirsə, sözsüz ki, Azərbaycan buna həmişə hazır olub, həmişə özü bunu tələb edib:
“Ermənistan baş naziri də bu təşəbbüslə çıxış edirsə, onda ümidlər yaranır ki, o, etimad mühitinin güclənməsində maraqlıdır. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi tərəflər arasında daha etibarlı sülhün əldə olunmasını təmin edə bilər. Müvafiq beynəlxalq hüquqi və normativ aktlar əsasında addımların atılması vacibdir, çünki münaqişə vaxtı itkin düşmüş şəxslərlə bağlı ayrıca maddələr mövcuddur və beynəlxalq normativ-hüquqi aktlara uyğun olaraq bu istiqamətdə addımların atılması çox vacibdir”.
Politoloqun fikrincə, Ermənistan tərəfi Azərbaycanın növbəti tələbinə uyğun addım atmaq istəyi nümayiş etdirir və o bunu belə dəyərləndirərdi.
Sonda politoloq qeyd edib ki, burada da sözsüz ki, hər şeydən öncə Azərbaycanın iradəsi həlledici olur:
“Azərbaycan sistemli şəkildə itkin düşmüş soydaşların taleyinə aydınlığın gətirilməsi tələbləri ilə çıxış edib, bu istiqamətdə addımların atılmasını tələb edib və görünür, Paşinyan da dərk edir ki, tərəflər arasında etibarlı sülhün əldə olunması üçün etimad mühitinin, qarşılıqlı etimad mühitinin komponentlərini formalaşdırmaq lazımdır. İndiki halda onlardan biri də ondan ibarətdir ki, itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi üçün bir əməkdaşlıq istiqaməti müəyyənləşdirilsin”.
Çimnaz Telmanqızı
Həmçinin oxuyun