Azərbaycanda təhsil alan qız və qadınların sayı 1 milyon 31 mini ötüb


Azərbaycanda məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil alan qız və qadınların ümumi sayı son üç ildə 14,1 min nəfər artıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ildə bu göstərici 1 milyon 31 min 344 nəfər təşkil edib.
2024-cü ildə müvafiq təhsil pillələrində 1 milyon 24 min 451, 2023-cü ildə isə 1 milyon 17 min 205 qız və qadın təhsil alıb. Beləliklə, 2025-ci ildə əvvəlki illə müqayisədə onların sayı 6 893 nəfər, 2023-cü illə müqayisədə isə 14 min 139 nəfər və ya 1,4% artıb.
Belə ki, son iki ildə ən böyük artım ali təhsil müəssisələrində qeydə alınıb. Universitetlərdə təhsil alan qadınların sayı 2023-cü ildəki 118 290 nəfərdən 2025-ci ildə 135 059 nəfərə yüksəlib. Bu, 16 769 nəfər və ya 14,2% artım deməkdir.
Peşə təhsilində də əhəmiyyətli artım müşahidə olunub. Bu pillədə təhsil alan qızların sayı üç il ərzində 8 min 563 nəfərdən 14 min 6 nəfərə çataraq 63,6% artıb.
Bunun əksinə, ümumi təhsil müəssisələrində qız şagirdlərin sayı azalıb. Göstərici 2023-cü ildə 794 min 583 nəfər olduğu halda, 2025-ci ildə 785 min 383 nəfərə enib. Beləliklə, məktəblərdə qızların sayı 9 min 200 nəfər azalıb.
Orta ixtisas təhsili müəssisələrində qadın tələbələrin sayı 2023-cü ildə 41 min 027, 2024-cü ildə 39 min 758, 2025-ci ildə isə 41 min 980 nəfər təşkil edib. Məktəbəqədər təhsil müəssisələrində qızların sayı isə son ildə 54 min 916 nəfərə yüksəlib.
Nəticədə, məktəb və məktəbəqədər təhsil pillələrindəki dəyişikliklərə baxmayaraq, universitet və peşə təhsili müəssisələrində qadınların sayının artması ümumi göstəriciyə müsbət təsir edib.