Azərbaycanda quş qripinin yayılma riski var? - RƏSMİ AÇIQLAMA


Dekabr ayının 7-11 tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkə ərazisində quş qripi və Nyukasl xəstəliyinə qarşı epizootoloji monitorinq aparılacaq.
Bəs bu monitorinq rəsmi prosedur kimi həyata keçirilir, yoxsa bəhs edilən xəstəliklərin yayılma riski var?
Plat.az mövzu ilə bağlı AQTA-ya sorğu ünvanlayıb.
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, quş qripi xəstəliyinin ölkə ərazisinə daxilolma və yayılma risklərinin vaxtında müəyyən edilməsi, xüsusilə mövsümi miqrasiya dövründə köçəri vəhşi quşlar vasitəsilə virusun ölkə ərazisinə gətirilməsi ehtimalının qiymətləndirilməsi, ev və vəhşi quşlar arasında xəstəliyin mümkün dövriyyəsinin aşkar edilməsi, eləcə də xəstəliyin erkən mərhələdə müəyyən olunması və yayılmasının qarşısının alınması məqsədilə mütəmadi monitorinqlər həyata keçirilir:
"Monitorinqlər zamanı epidemioloji baxımdan riskli ərazilərdə, o cümlədən su hövzələrində, vəhşi quşların məskunlaşdığı və miqrasiya zamanı toplaşdığı ərazilərdə, həmçinin quşçuluq təsərrüfatlarında müvafiq müşahidələr və laborator müayinələr aparılır. Əldə olunan nəticələr əsasında ölkə üzrə epizootik vəziyyət qiymətləndirilir, mümkün risklər müəyyənləşdirilir".
