Azərbaycanda məşğulluq göstəricisi artdı – Nazir rəqəmləri açıqladı


Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında əmək müqavilələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 59 min artıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Dövlət-Biznes Əməkdaşlığı Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, son illər həyata keçirilən sosial islahatlar əhalinin rifahının yüksəldilməsinə və məşğulluq proqramlarının genişləndirilməsinə töhfə verib.
Onun sözlərinə görə, milli işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin və əmək məhsuldarlığının artırılması məqsədilə 1 800-dən çox peşə və kvalifikasiya standartı hazırlanıb.
Anar Əliyev qeyd edib ki, illik əsasda işlə təmin olunanların sayı 3,4 dəfə, özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 5,7 dəfə, peşə hazırlığına yönləndirilənlərin sayı 4,1 dəfə artıb.
Bundan başqa, sosial tərəfdaşlıq çərçivəsində kvota üzrə işlə təmin olunanların sayı 2,6 dəfə, əməkhaqqının birgə maliyyələşməsi proqramına qoşulanların sayı isə 3,5 dəfə yüksəlib.
Nazir əlavə edib ki, hazırda Dövlət Məşğulluq Agentliyi tərəfindən il ərzində 500 minə yaxın işsiz və işaxtaran vətəndaşla aktiv məşğulluq tədbirləri çərçivəsində iş aparılır.
Bakivaxti.az+1 mənbə