Azərbaycanda istehlakın əsas dayağı əməkhaqqıdır – “İnvestisiya İcmalı”


Azərbaycanda əhalinin istehlak xərcləri əsasən əməkhaqqı və digər gəlirlər hesabına maliyyələşdirilir. Son bir ildə bank əmanətlərinin kreditlərdən daha sürətlə artması da bu tendensiyanı göstərir.
Banker.az xəbər verir ki, bu barədə “PAŞA Kapital İnvestsiya Şirkəti”nin 2026-cı ilin noyabr ayı üzrə dərc etdiyi “İnvestisiya İcmalı”nda bildirilir.
Hesabata əsasən, 2026-cı ilin sentyabr ayının sonuna əhalinin bank əmanətləri illik müqayisədə 19,3% və ya 3,05 milyard manat, əhaliyə verilmiş kreditlər isə 12,1% və ya 2,16 milyard manat artıb. Beləliklə, əmanətlərdə illik artım kreditlərdəki artımı 890 milyon manat üstələyib.
2026-cı ilin yanvar-oktyabr aylarında əhalinin nominal gəlirləri 9,9%, yanvar-sentyabr aylarında orta aylıq əməkhaqqı isə 7,8% yüksəlib. Sosial müdafiə xərcləri ilin birinci yarısında 12,1% artıb.
Bununla belə, inflyasiya nəzərə alındıqda əməkhaqqının real artımı təxminən 2% təşkil edib. Eyni zamanda, pərakəndə ticarət dövriyyəsinin real artımı 3,8% olub. İcmalda qeyd edilir ki, əməkhaqqının mövcud real artım tempi istehlakın əhəmiyyətli dərəcədə sürətlənməsi üçün güclü təkan yaratmır.
Hesabatda diqqət çəkilən digər məqam kredit faizlərinin yüksək qalmasıdır. Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin əvvəlindən uçot dərəcəsini 7,25%-dən 6,5%-ə endirsə də, yeni manat kreditlərinin orta illik faizi 17,89%-dən 18,64%-ə yüksəlib.
Eyni dövrdə yeni manat depozitləri üzrə orta faiz 7,27%-dən 7,95%-ə çatıb. Noyabrda 21 bankdan 16-sı birillik manat əmanətləri üçün 9–10,5% illik gəlirlilik təklif edib.
İcmalda istehlak kreditləri üzrə risklərin də artdığı göstərilir. Bu kreditlər arasında qeyri-işlək borcların həcmi bir ildə 18% artaraq 314 milyon manatdan 371 milyon manata yüksəlib. Onların istehlak kreditləri portfelində payı 3,6% təşkil edib.
“PAŞA Kapital”ın qiymətləndirməsinə görə, əhalinin gəlirlərinin davamlı artması dövlət büdcəsinin sosial xərclərindən və qeyri-neft sektorunda yeni iş yerlərinin yaradılmasından asılı olacaq.
1 mənbə