Azərbaycan–Vyetnam əlaqələrində dönüş nöqtəsi: Səfərdən hansı konkret nəticələr gözlənilir?


Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 19–21 noyabr 2026-cı il tarixlərində Vyetnamda rəsmi səfərdədirlər. Bu, Prezident İlham Əliyevin Vyetnama 2014-cü ildən sonra ikinci rəsmi səfəridir. Səfər Azərbaycan-Vyetnam münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi fonunda keçirilir və siyasi əlaqələrin daha da möhkəmləndirilməsi, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi, enerji, investisiya, nəqliyyat, təhsil və digər sahələrdə yeni imkanların müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır. Əsas gözlənti strateji tərəfdaşlıq çərçivəsinin konkret layihələr və praktiki əməkdaşlıqla zənginləşdirilməsidir.
Azərbaycanla Vyetnam arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldikdən sonra Prezidentin bu səfəri artıq münasibətlərin yeni mərhələsinin praktik nəticələrini ortaya qoymaq baxımından əhəmiyyətlidir. Sizcə, bu səfərin sonunda hansı konkret razılaşma və ya əməkdaşlıq istiqaməti olsa, onu iki ölkə münasibətlərində həqiqətən dönüş nöqtəsi hesab etmək olar?
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavni Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycan ilə Vyetnam arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyması baxımından mühüm əhəmiyyət daşıyır:
“Bu səfər, ilk növbədə, artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dövlətlərarası münasibətlərin konkret iqtisadi layihələr və praktiki əməkdaşlıqla zənginləşdirilməsinə xidmət edir.Müstəqil Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında yüksək səviyyəli siyasi dialoqun mühüm mərhələlərindən biri 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri olub. Bu siyasi dialoq 2025-ci ildə Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın Azərbaycana səfəri ilə yeni məzmun qazanıb. Həmin səfər çərçivəsində ölkələrimiz arasında Strateji Tərəfdaşlıq haqqında sənədin imzalanması ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyub. Artıq Azərbaycan və Vyetnam strateji tərəfdaşlardır və qarşıda duran əsas vəzifə bu tərəfdaşlığın real iqtisadi nəticələrini təmin etməkdir. Hesab edirəm ki, siyasi və humanitar əlaqələrimizin iqtisadi əməkdaşlıqla daha da möhkəmləndirilməsi üçün geniş imkanlar mövcuddur. Ölkələrimiz arasında ticarət dövriyyəsi 2024-cü ildə 200 milyon dollar, 2025-ci ildə isə 150 milyon dollardan artıq olub. Bununla belə, mövcud ticarət göstəriciləri iqtisadi potensialımızı tam əks etdirmir. Vyetnam 100 milyondan çox əhalisi, inkişaf edən sənayesi və geniş istehlak bazarı olan mühüm iqtisadi tərəfdaşdır. Bu ölkə ilə iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycan sahibkarları üçün yeni bazarlara çıxış, ixrac imkanlarının artırılması və investisiya əməkdaşlığının inkişafı baxımından əhəmiyyətlidir. Mən hesab edirəm ki, texnologiyalar, kənd təsərrüfatı, sənaye, ənənəvi enerji, bərpaolunan enerji, əczaçılıq və rəqəmsal iqtisadiyyat qarşılıqlı əməkdaşlığımızın prioritet istiqamətləri ola bilər. Xüsusilə enerji sahəsində SOCAR ilə PetroVietnam arasında mövcud əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin və investisiya təşəbbüslərinin reallaşdırılması mühüm perspektivlər vəd edir. Eyni zamanda, günəş və külək enerjisi sahəsində əməkdaşlıq imkanlarının araşdırılması yaşıl iqtisadiyyatın inkişafına töhfə verə bilər.
Nəqliyyat-logistika sahəsi də Azərbaycan-Vyetnam əməkdaşlığının mühüm istiqamətlərindən biri ola bilər. Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi Vyetnam üçün Avropa bazarlarına çıxış baxımından əlavə imkanlar yaradır. Bu marşrutlardan səmərəli istifadə yükdaşımaların şaxələndirilməsinə, tranzit imkanlarının genişləndirilməsinə və ticarət əlaqələrinin inkişafına xidmət edə bilər. Eyni zamanda, Vyetnamla iqtisadi münasibətlərin genişlənməsi Azərbaycanın Cənub-Şərqi Asiya bazarlarına çıxış imkanlarını artıracaq, ölkəmizin beynəlxalq iqtisadi əlaqələrinin coğrafiyasını daha da şaxələndirəcək. Dövlət başçısının bu səfərin münasibətlərimizdə dönüş nöqtəsi kimi qiymətləndirilməsi üçün ən mühüm nəticə strateji tərəfdaşlıq haqqında sənəddə təsbit edilmiş siyasi iradənin konkret iqtisadi layihələrə çevrilməsi olacaqdır. Xüsusilə SOCAR və PetroVietnam arasında uzunmüddətli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, enerji və bərpaolunan enerji sahəsində birgə investisiya layihələrinin müəyyənləşdirilməsi, eləcə də Orta Dəhliz vasitəsilə Vyetnam yüklərinin Avropa bazarlarına daşınmasının genişləndirilməsinə dair praktiki razılaşmalar xüsusi əhəmiyyət daşıyır.
Bununla yanaşı, sahibkarlar arasında birbaşa əlaqələrin qurulması, birgə biznes forumlarının keçirilməsi, qarşılıqlı investisiyaların təşviqi və ticarət dövriyyəsinin artırılması üçün konkret fəaliyyət planının hazırlanması da vacibdir. Əgər bu səfər çərçivəsində əməkdaşlığın əsas istiqamətləri üzrə konkret layihələr, icra mexanizmləri və yol xəritəsi müəyyənləşdirilərsə, bu, Azərbaycan-Vyetnam münasibətlərinin uzunmüddətli inkişafına real töhfə verəcək.
Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri ölkələrimiz arasında siyasi etimadın iqtisadi tərəfdaşlığa transformasiyası baxımından mühüm mərhələdir. Əminəm ki, tarixi dostluq, qarşılıqlı hörmət və ortaq iqtisadi maraqlar üzərində qurulan münasibətlərimiz gələcəkdə daha da genişlənəcək, hər iki ölkənin iqtisadi inkişafına və xalqlarımızın rifahına xidmət edəcək”.
//Gülnarə Abasova, Editor.az
1 mənbə
