Azərbaycan və Almaniya XİN rəhbərləri görüşdü -


BAKI, 18 noyabr. TELEQRAF
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Almaniyanın xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb.
Bu barədə Teleqraf-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, görüşdə Azərbaycan-Almaniya münasibətlərinin cari vəziyyəti, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.
Gələn il Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd ediləcəyi məmnunluqla xatırlanaraq, iki ölkənin liderləri səviyyəsində təmasların mövcud strateji tərəfdaşlıq gündəliyinin formalaşdırılmasında müstəsna rolu vurğulanıb.
Siyasi dialoqun, o cümlədən Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin ölkələrimiz arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, ikitərəfli gündəliyin aktual məsələlərinin nəzərdən keçirilməsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
İqtisadi əməkdaşlığın münasibətlərin əsas istiqamətlərindən biri olduğuna diqqət çəkilib, ticarət dövriyyəsinin artım dinamikası, Almaniya şirkətlərinin Azərbaycandakı fəaliyyəti, investisiya imkanları və biznes əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Enerji sahəsində əməkdaşlığın, o cümlədən Azərbaycanın Almaniyaya qaz ixracına başlamasının münasibətlərdə yeni mərhələ açdığı qeyd edilib. Sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti və texnologiyalar sahələrində əməkdaşlıq perspektivlərinə toxunulub.
Azərbaycan ilə Almaniya arasında həm sərnişin, həm də yük daşımaları məqsədilə uçuşların və onların təyinat məntəqələrinin sayının artırılması imkanları nəzərdən keçirilib.
Almaniya şirkətləri Orta Dəhliz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının yaratdığı imkanlardan faydalanmağa, habelə işğaldan azad edilmiş ərazilərdəki bərpa və yenidənqurma layihələrində iştiraka dəvət edilib.
Humanitar sahədə əlaqələrin, xüsusilə təhsil, elm, mədəniyyət, turizm və regionlararası əməkdaşlığın xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsində roluna toxunulub.
Almaniyanın ali təhsil müəssisələrində çox sayda azərbaycanlı tələbənin təhsil alması məmnunluqla qeyd olunub, ali məktəblər, o cümlədən texniki təhsil ocaqları arasında mübadilələrin genişləndirilməsi, Azərbaycanda alman dilinin tədrisi imkanlarının artırılması və eləcə də Azərbaycan-Almaniya Universitetinin təsisi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanda tarixən mövcud olmuş alman icmalarının irsinin ikitərəfli münasibətlərin mühüm mədəni bağlarından biri olduğu qeyd edilib.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional məsələlər, Cənubi Qafqazda mövcud vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi barədə fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və mina təhlükəsinin yaratdığı çətinliklər barədə həmkarına məlumat verib.
Nazirlər tərəfindən Şərqi Avropa və Yaxın Şərq regionlarında davam edən münaqişələrin siyasi dialoq və diplomatik danışıqlar yolu ilə həllinin vacibliyinə dair həmfikirlik ifadə olunub.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
10:25
Bu gün Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və almaniyalı həmkarı Yohann Vadeful arasında təkbətək görüş başa çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, daha sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.
Tərəflər Azərbaycan-Almaniya münasibətlərinin hazırkı vəziyyətini, ticarət, investisiya, enerji, sənaye, nəqliyyat və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Qeyd olunub ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,4 milyard dollar təşkil edib. Azərbaycanın Almaniyaya qaz ixracına isə 2026-cı ilin yanvarından başlanılıb. İyulda yaradılan Azərbaycan-Almaniya Biznes Şurasının da işgüzar dairələr arasında əlaqələrin inkişafına töhfə verəcəyi vurğulanıb.
Ceyhun Bayramov alman şirkətləri üçün Orta Dəhlizin inkişafı, Ələt Azad İqtisadi Zonası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq layihələrində iştirak imkanlarına diqqət çəkib.
Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, mina təhlükəsi və keçmiş məcburi köçkünlərin qayıdışı məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
Nazirlər 2027-ci ildə diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd olunacağını xatırladaraq, qarşılıqlı hörmət və konstruktiv dialoq əsasında tərəfdaşlığın inkişafının vacibliyini vurğulayıblar.
09:53
Bu gün Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və almaniyalı həmkarı Yohann Vadeful arasında təkbətək görüş başlayıb.
****
09:51
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan almaniyalı həmkarı Yohann Vadefulu qarşılayıb.
Dərc vaxtına görə
