Azərbaycan və Almaniya XİN başçıları mətbuat konfransında: "Bütün Cənubi Qafqaz Avropa üçün imkanlar regionudur" - Yeni mesajlar verildi (YENİLƏNİB)


Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Almaniyanın xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb.
Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan-Almaniya münasibətlərinin cari vəziyyəti, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.
Gələn il Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd ediləcəyi məmnunluqla xatırlanaraq, iki ölkənin liderləri səviyyəsində təmasların mövcud strateji tərəfdaşlıq gündəliyinin formalaşdırılmasında müstəsna rolu vurğulanıb.
Siyasi dialoqun, o cümlədən Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin ölkələrimiz arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, ikitərəfli gündəliyin aktual məsələlərinin nəzərdən keçirilməsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
İqtisadi əməkdaşlığın münasibətlərin əsas istiqamətlərindən biri olduğuna diqqət çəkilib, ticarət dövriyyəsinin artım dinamikası, Almaniya şirkətlərinin Azərbaycandakı fəaliyyəti, investisiya imkanları və biznes əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Enerji sahəsində əməkdaşlığın, o cümlədən Azərbaycanın Almaniyaya qaz ixracına başlamasının münasibətlərdə yeni mərhələ açdığı qeyd edilib. Sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti və texnologiyalar sahələrində əməkdaşlıq perspektivlərinə toxunulub.
Azərbaycan ilə Almaniya arasında həm sərnişin, həm də yük daşımaları məqsədilə uçuşların və onların təyinat məntəqələrinin sayının artırılması imkanları nəzərdən keçirilib.
Almaniya şirkətləri Orta Dəhliz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının yaratdığı imkanlardan faydalanmağa, habelə işğaldan azad edilmiş ərazilərdəki bərpa və yenidənqurma layihələrində iştiraka dəvət edilib.
Humanitar sahədə əlaqələrin, xüsusilə təhsil, elm, mədəniyyət, turizm və regionlararası əməkdaşlığın xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsində roluna toxunulub.
Almaniyanın ali təhsil müəssisələrində çox sayda azərbaycanlı tələbənin təhsil alması məmnunluqla qeyd olunub, ali məktəblər, o cümlədən texniki təhsil ocaqları arasında mübadilələrin genişləndirilməsi, Azərbaycanda alman dilinin tədrisi imkanlarının artırılması və eləcə də Azərbaycan-Almaniya Universitetinin təsisi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanda tarixən mövcud olmuş alman icmalarının irsinin ikitərəfli münasibətlərin mühüm mədəni bağlarından biri olduğu qeyd edilib.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional məsələlər, Cənubi Qafqazda mövcud vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi barədə fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və mina təhlükəsinin yaratdığı çətinliklər barədə həmkarına məlumat verib.
Nazirlər tərəfindən Şərqi Avropa və Yaxın Şərq regionlarında davam edən münaqişələrin siyasi dialoq və diplomatik danışıqlar yolu ilə həllinin vacibliyinə dair həmfikirlik ifadə olunub.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Azərbaycan və Almaniyanın xarici işlər nazirləri Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər.
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan Vadefulla ikitərəfli görüşünü şərh edərkən deyib.
Nazir bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası, postmüharibə dövrü, Vaşinqton görüşü, eləcə də azad olunmuş ərazilərə qayıdış, mina təhdidləri kimi məsələlər də görüş zamanı müzakirə edilib:
"Eyni zamanda, həm Yaxın Şərq, həm də Şərqi Avropada davam edən münaqişələrin risk faktorları müzakirəmizin mövzusu oldu. Biz bir daha münaqişələrin diplomatik yolla həlli üçün səylərin birləşdirilməsinin vacibliyini qeyd etdik".
Almaniya-Azərbaycan münasibətləri həmişə dostluğa, beynəlxalq hüquqa əsaslanıb.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan Vadefulla Bakıda brifinqdə deyib.
Onun sözlərinə görə, gələn il dövlətlərarası münasibətlərin 35 illiyi olacaq: "Bu gün Azərbaycan-Almaniya münasibətlərinin bütün aspektləri ətrafında geniş müzakirələr apardıq. Bizim münasibətlərimiz həmişə dostluğa, beynəlxalq hüquqa əsaslanıb. Mövcud dönəmdə də iki ölkə arasında ali və yüksəksəviyyəli görüşlər davam etdirilib".
Nazir bildirib ki, alman həmkarı ilə mütəmadi təmasdadır: "Həm telefonla, həm beynəlxalq platformalarda hər zaman iki ölkə arasındakı əlaqələrin inkişafı üçün təmasdayıq".
C.Bayramov əlavə edib ki, iki ölkə arasında siyasi məsləhətləşmələr və parlamentlərarası əlaqələr də mövcuddur. Bundan başqa, iki ölkə arasında müqavilə-hüquq bazası var. Bu günə qədər 80 müxtəlif sənəd, saziş imzalanıb, 10 sənəd üzrə hazırda işlər aparılır.
Onun sözlərinə görə, Azərbaycanda 280 alman şirkəti qeydiyyatdan keçib, 210-u aktiv fəaliyyət göstərir.
"Almaniyadan Azərbaycana 950 milyon, Azərbaycandan Almaniyaya 670 milyon dollar məbləğində investisiya yatırılıb. Maraqlı məqam odur ki, bu yatırım daha çox qeyri-neft sektoruna edilib", - nazir vurğulayıb.
Nazir deyib ki, yaxın zamanlarda iki ölkə arasında növbəti biznes şurası keçiriləcək./Report
"Bütün Cənubi Qafqaz Avropa üçün imkanlar regionudur".
Bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
"Danışıqların gedişatında biz bir daha əmin olduq ki, bütün Cənubi Qafqaz biz avropalılar üçün imkanlar regionu, ümid bəslədiyimiz bir regiondur. Azərbaycanın burada aparıcı rol oynaması yaxşı haldır və məhz buna görə də bu, vacibdir", - o qeyd edib.
Dərc vaxtına görə
