Azərbaycan və Almaniya arasında əməkdaşlıq perspektivləri müzakirə olunub - YENİLƏNİB - 2


18 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüşdə Azərbaycan-Almaniya münasibətlərinin cari vəziyyəti, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.
Gələn il Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd ediləcəyi məmnunluqla xatırlanaraq, iki ölkənin liderləri səviyyəsində təmasların mövcud strateji tərəfdaşlıq gündəliyinin formalaşdırılmasında müstəsna rolu vurğulanıb.
Siyasi dialoqun, o cümlədən Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin ölkələrimiz arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, ikitərəfli gündəliyin aktual məsələlərinin nəzərdən keçirilməsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
İqtisadi əməkdaşlığın münasibətlərin əsas istiqamətlərindən biri olduğuna diqqət çəkilib, ticarət dövriyyəsinin artım dinamikası, Almaniya şirkətlərinin Azərbaycandakı fəaliyyəti, investisiya imkanları və biznes əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Enerji sahəsində əməkdaşlığın, o cümlədən Azərbaycanın Almaniyaya qaz ixracına başlamasının münasibətlərdə yeni mərhələ açdığı qeyd edilib. Sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti və texnologiyalar sahələrində əməkdaşlıq perspektivlərinə toxunulub.
Azərbaycan ilə Almaniya arasında həm sərnişin, həm də yük daşımaları məqsədilə uçuşların və onların təyinat məntəqələrinin sayının artırılması imkanları nəzərdən keçirilib.
Almaniya şirkətləri Orta Dəhliz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının yaratdığı imkanlardan faydalanmağa, habelə işğaldan azad edilmiş ərazilərdəki bərpa və yenidənqurma layihələrində iştiraka dəvət edilib.
Humanitar sahədə əlaqələrin, xüsusilə təhsil, elm, mədəniyyət, turizm və regionlararası əməkdaşlığın xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsində roluna toxunulub.
Almaniyanın ali təhsil müəssisələrində çox sayda azərbaycanlı tələbənin təhsil alması məmnunluqla qeyd olunub, ali məktəblər, o cümlədən texniki təhsil ocaqları arasında mübadilələrin genişləndirilməsi, Azərbaycanda alman dilinin tədrisi imkanlarının artırılması və eləcə də Azərbaycan-Almaniya Universitetinin təsisi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanda tarixən mövcud olmuş alman icmalarının irsinin ikitərəfli münasibətlərin mühüm mədəni bağlarından biri olduğu qeyd edilib.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional məsələlər, Cənubi Qafqazda mövcud vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi barədə fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və mina təhlükəsinin yaratdığı çətinliklər barədə həmkarına məlumat verib.
Nazirlər tərəfindən Şərqi Avropa və Yaxın Şərq regionlarında davam edən münaqişələrin siyasi dialoq və diplomatik danışıqlar yolu ilə həllinin vacibliyinə dair həmfikirlik ifadə olunub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***10:29Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Almaniyanın federal xarici işlər naziri Yohann David Vadeful arasında geniş tərkibdə görüş keçirilib .
Operativ Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.
Görüşlər zamanı nazirlər Azərbaycan-Almaniya münasibətlərinin hazırkı vəziyyəti, ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri, əsas regional və beynəlxalq hadisələrə dair hərtərəfli müzakirələr aparıblar.
Azərbaycan və Almaniya 2027-ci ildə diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünə yaxınlaşdığı bir vaxtda nazirlər qarşılıqlı hörmət, konstruktiv dialoq və ortaq maraqlara əsaslanan tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər. Azərbaycan Prezidentinin 2026-cı ilin iyulunda Almaniyaya rəsmi səfəri zamanı qəbul edilmiş İkitərəfli Tərəfdaşlığa dair Strateji Gündəlik əlaqələrimizi irəliyə aparmaq üçün mühüm çərçivə yaradır.
Nazirlər iqtisadi əlaqələrin gücləndirilməsinin xüsusi əhəmiyyətini bir daha vurğuladılar. 2025-ci ildə ikitərəfli ticarətin 1,4 milyard ABŞ dollarına çatması və Azərbaycanın Almaniyaya qaz ixracının 2026-cı ilin yanvarında başlanması ilə ticarət, investisiya, enerji, sənaye, nəqliyyat və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər imkanlar var. Onlar qeyd ediblər ki, 2026-cı ilin iyulunda Azərbaycan-Almaniya İşgüzar Şurasının yaradılması həm də hər iki ölkənin biznes icmalarının cəlb edilməsi üçün yeni platforma yaradır.
Nazir Bayramov alman şirkətlərinin Orta Dəhliz, Ələt Azad İqtisadi Zonası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inkişafı, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma və inkişaf layihələrindəki imkanlarını diqqətə çatdırıb.
Nazirlər regional hadisələr, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə bağlı fikir mübadiləsi aparıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə ediblər. Nazir Bayramov həmkarına işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin vətənə qayıtması və minaların yaratdığı problemlər barədə məlumat verib.
Nazirlər təhsil, mədəniyyət və elm vasitəsilə insanlar arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Nazirlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
***09:58
Bu gün Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və almaniyalı həmkarı Yohann Vadeful arasında təkbətək görüş başlayıb.
Dərc vaxtına görə
Operativmedia.azoxuduğunuz
Azərbaycan və Almaniya arasında əməkdaşlıq perspektivləri müzakirə olunub - YENİLƏNİB - 2
