"Azərbaycan Qarabağda vahid iqtisadi məkan yaradır" - Baş redaktor


Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən iqtisadi siyasətin mahiyyətini anlamaq üçün bir mühüm məqama diqqət yetirməliyik. Azərbaycan burada sadəcə işğal nəticəsində dağıdılmış şəhər və kəndləri bərpa etmir. Əslində, ölkəmiz tamamilə yeni iqtisadi məkan formalaşdırır.
Bunu Plat.az xəbər portalının baş redaktoru Əşrəf Mehdiyev CBC FM radiosunun efirində yayımlanan “Gündəm Qarabağ" verilişində bildirib.
Onun sözlərinə görə, bu prosesin özünəməxsusluğu ondadır ki, bir çox ölkələrdə iqtisadi inkişaf mövcud infrastruktur üzərində həyata keçirilir:
"Qarabağ və Şərqi Zəngəzurda isə dövlət əvvəlcə həmin infrastrukturu yenidən qurur, daha sonra onun üzərində sənaye, kənd təsərrüfatı, energetika, turizm və digər sahələrin inkişafını təmin edir. Burada Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin strateji ardıcıllığını görürük: əvvəlcə təhlükəsizlik və infrastruktur, daha sonra məskunlaşma və iqtisadi fəallıq, paralel olaraq isə sahibkarlığın və istehsalın inkişafı. Hesab edirəm ki, bu gün Qarabağda baş verən proseslərə yalnız bərpa-quruculuq kontekstində deyil, Azərbaycanın qeyri-neft iqtisadiyyatının yeni inkişaf mərhələsi kimi yanaşmalıyıq.Çünki əsas məqsəd Qarabağ və Şərqi Zəngəzurun ölkənin iqtisadi həyatına tam inteqrasiyası, burada yaradılan müəssisələrin rəqabətqabiliyyətli məhsul istehsal etməsi, yeni iş yerlərinin açılması və insanların doğma torpaqlarında dayanıqlı gəlir imkanları əldə etməsidir".
Ə.Mehdiyev vurğulayıb ki, Qarabağda ayrı-ayrı şəhər və rayonların iqtisadi ixtisaslaşması çox önəmlidir:
"Ağdam sənaye və emal, Füzuli nəqliyyat və logistika, Cəbrayıl sənaye və tranzit, Zəngilan aqrar innovasiya və logistika, Şuşa mədəni turizm, Laçın və Kəlbəcər isə turizm və enerji baxımından mühüm potensiala malikdir. Bu, vahid region daxilində müxtəlif iqtisadi istiqamətlərin bir-birini tamamlamasına imkan verir. Məsələn, kənd təsərrüfatında yetişdirilən məhsul yerli emal müəssisəsinə göndərilə, hazır məhsul isə yeni nəqliyyat infrastrukturu vasitəsilə Azərbaycanın digər bölgələrinə və xarici bazarlara çıxarıla bilər. Bu yanaşma iqtisadiyyatda dəyər zənciri adlanır. Yəni iqtisadi fəaliyyət təkcə xammal istehsalı ilə məhdudlaşmır, emal, qablaşdırma, daşınma və satış mərhələlərini də əhatə edir.
Qarabağ və Şərqi Zəngəzurun strateji əhəmiyyəti yalnız təbii sərvətlərində deyil, müxtəlif iqtisadi sahələrin vahid istehsal və logistika sistemi şəklində inkişaf etdirilməsi imkanındadır".
Baş redaktor qeyd edib ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində şəhər və kəndlərimiz yenidən qurulur, soydaşlarımızın doğma yurdlarına təhlükəsiz qayıdışı təmin edilir. Azərbaycan bu işləri öz maliyyə imkanları hesabına həyata keçirir:
"İndiyədək bərpa və yenidənqurmaya dövlət büdcəsindən 25.5 milyard manat vəsait ayrılmışdır. Bu rəqəm Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurun bərpasına verdiyi prioritetin maliyyə miqyasını göstərir. Bu rəqəm Qarabağın yenidən qurulması ilə bağlı 6-cı beynəlxalq sərgidən ölkə başçımızın müraicəti zamanı da açıqlanmışdı. Amma iqtisadçı baxımından burada başqa bir mühüm məqam var. Dövlətin bu xərcləri yalnız cari tikinti işlərinə yönəlmir. Onların əhəmiyyətli hissəsi uzunmüddətli iqtisadi aktivlər yaradır. Yollar, elektrik şəbəkələri, su infrastrukturu, rabitə sistemləri, sənaye parkları və sosial obyektlər gələcək iqtisadi fəaliyyət üçün zəruri kapital bazasını formalaşdırır".
Ə.Mehdiyev əlavə edib ki, iqtisadi nəzəriyyədə buna dövlətin infrastruktur investisiyalarının özəl investisiyaları stimullaşdırması kimi baxmaq olar:
"Məsələn, dövlət Ağdamda sənaye parkının infrastrukturunu qurduqda, sahibkar artıq elektrik, su, yol və digər kommunal şəbəkələri sıfırdan yaratmaq məcburiyyətində qalmır. Nəticədə onun ilkin investisiya yükü azalır, layihənin həyata keçirilməsi daha cəlbedici olur. Prezidentin 2026-cı ilin oktyabrındakı müraciətində daha bir mühüm fakt açıqlanıb: 300 min hektardan çox ərazi mina və partlayıcı sursatlardan təmizlənib, 47 yaşayış məntəqəsinə 40 mindən çox insan qayıdıb".
O vurğulayıb ki, bu iki göstərici bir-biri ilə birbaşa bağlıdır. Çünki minatəmizləmə yalnız təhlükəsizlik tədbiri deyil, həm də torpaqların iqtisadi dövriyyəyə qaytarılmasının ilkin şərtidir:
"Azərbaycan dövlətinin Qarabağda həyata keçirdiyi investisiya siyasəti həm sosial bərpanı, həm də gələcək iqtisadi artımın əsaslarını təmin edir. Mən hesab edirəm ki, Qarabağda aparılan işlər arasında nəqliyyat və logistika layihələri iqtisadi baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki nəqliyyat infrastrukturu olmadan nə sənayenin, nə kənd təsərrüfatının, nə də turizmin tam potensialını reallaşdırmaq mümkündür. Azərbaycan dövləti bu ərazilərdə avtomobil yollarını, dəmir yolu xətlərini və hava limanlarını bir-birini tamamlayan nəqliyyat sistemi kimi inkişaf etdirir".
Ə.Mehdiyev burada üç beynəlxalq hava limanının yaradılmasını mühüm hadisə kimi qiymətləndirib:
"Xüsusilə Laçın Beynəlxalq Hava Limanının açılışı diqqətəlayiqdir. Mürəkkəb dağlıq relyefdə belə bir hava limanının inşası regionun nəqliyyat əlçatanlığını artıran strateji layihədir. Bu hava limanları regionun turizm, sərnişin və potensial yükdaşıma imkanları üçün baza yaradır. Dəmir yolları baxımından da mühüm proseslər gedir.
2025-ci il iyulun 3-də Prezident İlham Əliyev Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub. Layihə Bərdə–Ağdam xəttinin davamı olan 28 kilometrlik Ağdam–Xankəndi dəmir yolunu əhatə edir. Yan yollarla birlikdə uzunluq 34,7 kilometr təşkil edir. Bu layihənin iqtisadi mənası çox böyükdür. Xankəndinin dəmir yolu şəbəkəsinə qoşulması gələcəkdə həm sərnişin daşımalarının, həm də istehsal və ticarət əlaqələrinin genişlənməsi üçün yeni imkanlar yaradacaq.Digər strateji istiqamət Horadiz–Ağbənd avtomobil və dəmir yolu layihələridir. Bu layihələr Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yeni nəqliyyat bağlantısının formalaşdırılması, regional tranzit imkanlarının genişləndirilməsi və Türkiyə istiqamətində daşımaların inkişafı baxımından mühüm əhəmiyyət daşıyır".
Onun sözlərinə görə, iqtisadi baxımdan burada əsas məsələ daşımaların alternativ marşrutlarının yaradılması, nəqliyyat xərclərinin optimallaşdırılması və Azərbaycanın tranzit ölkə kimi mövqeyinin gücləndirilməsidir:
"Qarabağda çəkilən yollar yalnız şəhər və kəndləri birləşdirmir. Onlar istehsal müəssisələrini bazarlara, kənd təsərrüfatını emal sənayesinə, turizm məkanlarını isə daxili və beynəlxalq nəqliyyat şəbəkəsinə bağlayır. Başqa sözlə, nəqliyyat infrastrukturu Qarabağın gələcək iqtisadi inkişafının əsas dayaqlarından biridir. Bu gün Qarabağda iqtisadi inkişafın ən konkret nəticələrini sənaye sahəsində müşahidə etmək mümkündür.
Burada Ağdam Sənaye Parkının rolunu xüsusi vurğulamaq istərdim.
İqtisadiyyat Nazirliyinin 2026-cı ilin yayında açıqladığı məlumatlara görə, Ağdam Sənaye Parkında 30 rezident və 4 qeyri-rezident sahibkarlıq subyekti qeydiyyatda idi. Sahibkarlar tərəfindən 177 milyon manatdan çox investisiya yatırılmış, 1230 daimi iş yeri yaradılmışdı. Daha mühüm göstərici isə budur: 2026-cı ilin ilk altı ayında parkın müəssisələri tərəfindən 976 milyon manatlıq məhsul satılmış, bunun 42 milyon manatlıq hissəsi ixrac edilmişdi.
Bu rəqəmlər artıq Ağdamda yalnız sənaye infrastrukturu deyil, real istehsal və satış fəaliyyətinin formalaşdığını göstərir".
Baş redaktorun sözlərinə görə, Qarabağda geniş tikinti-quruculuq işləri aparıldığı bir vaxtda tikinti materiallarının regionun özündə istehsalı daşınma xərclərini azalda, təchizat müddətini qısalda və yerli istehsal zəncirini gücləndirə bilər:
"Cəbrayıldakı Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı da bu baxımdan əhəmiyyətlidir.
2026-cı ilin mayında İqtisadiyyat Nazirliyi parkda 20 rezidentin və 3 qeyri-rezidentin qeydiyyatda olduğunu, sahibkarlar tərəfindən 48,3 milyon manatdan çox investisiya yatırıldığını açıqlamışdı. Yeni layihələr arasında 47 milyon manat investisiya dəyəri olan istehsal təşəbbüsü də yer alırdı.
Bu sənaye parkının üstünlüklərindən biri Cəbrayılın coğrafi mövqeyi və gələcək regional nəqliyyat bağlantıları ilə əlaqədardır.
Mənim fikrimcə, burada artıq sənayeləşmənin ikinci mərhələsinə keçid əlamətlərini görürük: dövlət sənaye infrastrukturunu yaradır, özəl sektor isə həmin ərazilərdə zavodlar açır, məhsul istehsal edir və ixrac imkanlarını genişləndirir"- deyə Əşrəf Mehdiyev bildirib.
O, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialından danışarkən kənd təsərrüfat məsələsinə də toxunub:
"Bu ərazilər tarixən taxılçılıq, heyvandarlıq, bağçılıq, üzümçülük və digər aqrar sahələr üçün əlverişli olub. Ancaq hazırda dövlətin yanaşması yalnız əvvəlki təsərrüfatların bərpası ilə məhdudlaşmır. Məqsəd müasir texnologiyalara, yüksək məhsuldarlığa və emal sənayesinə əsaslanan aqrar iqtisadiyyatın formalaşdırılmasıdır. Bu baxımdan 2026-cı ilin noyabrında baş verən iki hadisəni xüsusi qeyd etmək istərdim.
Birincisi, Prezident İlham Əliyev noyabrın 5-də Zəngilan Aqroparkının yaradılması haqqında fərman imzalayıb.
Fərmana əsasən, Zəngilan və Qubadlı rayonlarının ərazilərində yaradılan aqroparkda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması, saxlanılması, çeşidlənməsi və satışı üçün imkanların formalaşdırılması nəzərdə tutulur.
Bu, iqtisadi baxımdan çox mühüm yanaşmadır. Çünki aqropark yalnız əkin sahəsi demək deyil. O, kənd təsərrüfatının istehsaldan son istehlakçıya qədər bütün mərhələlərini birləşdirən sistemdir.
İkinci hadisə Prezidentin noyabrın 7-də Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olmasıdır.
Rəsmi məlumata görə, burada 1150 hektar ərazidə zeytun bağı salınıb, 700 mindən çox ağac əkilib. Gələcəkdə zeytun və badam ağaclarının sayının 1,5 milyona çatdırılması nəzərdə tutulur.
Bu layihəyə yalnız kənd təsərrüfatı kimi baxmaq olmaz. Zeytunçuluq gələcəkdə yağ istehsalı, qablaşdırma, qida sənayesi və ixrac üçün də imkan yaradır".
Ə. Mehdiyevin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası kimi inkişaf etdirilməsi Azərbaycanın uzunmüddətli enerji strategiyasının mühüm istiqamətlərindən biridir:
"Bu siyasətin mahiyyəti ondan ibarətdir ki, regionda yeni iqtisadiyyat yaradılarkən enerji infrastrukturu da müasir texnologiyalar və bərpaolunan mənbələr əsasında qurulsun.Laçın və Kəlbəcərdə su elektrik stansiyalarının bərpası və tikintisi, Cəbrayılda günəş enerjisi layihələri bu istiqamətdə aparılan işlərin konkret nümunələridir.
Məsələn, 2025-ci il mayın 27-də Prezident Laçında “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının açılışında iştirak edib.
Cəbrayılda isə 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası layihəsi həyata keçirilir.
2026-cı ilin avqustunda istifadəyə verilən “Yeni Səngəçal” yarımstansiyası bu layihənin ölkənin vahid enerji sisteminə inteqrasiyası üçün mühüm infrastrukturdur. Layihə “AzərEnerji” ilə bp şirkətinin əməkdaşlığı çərçivəsində həyata keçirilir.
2026-cı ilin əvvəlində Prezident Cəbrayıl rayonunda “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının da təməlini qoyub.
Bu layihələr Azərbaycanın enerji mənbələrinin şaxələndirilməsi və bərpaolunan enerjinin payının artırılması baxımından əhəmiyyətlidir".
O, vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun ən böyük iqtisadi üstünlüklərindən biri turizm potensialıdır. Burada turizmin bir neçə istiqaməti paralel inkişaf etdirilə bilər:
"Şuşa mədəniyyət və tarix turizmi, Laçın və Kəlbəcər dağ, ekoloji və sağlamlıq turizmi, digər ərazilər isə təbiət, tarix və kənd turizmi baxımından geniş imkanlara malikdir. Ancaq iqtisadi baxımdan turizmin əhəmiyyətini yalnız hotellərin tikintisi ilə ölçmək düzgün olmaz. Turizm çoxsaylı sahələrdə iqtisadi fəallıq yaradır. Turist bölgəyə gəldikdə nəqliyyat, hotel, restoran, ticarət, əyləncə və digər xidmətlərdən istifadə edir. Bu isə xüsusilə kiçik və orta sahibkarlığın inkişafına imkan verir.
Məncə, Qarabağda turizm siyasətinin əsas üstünlüklərindən biri də odur ki, yeni hotellər və istirahət kompleksləri ilə yanaşı, avtomobil yolları, hava limanları və kommunal infrastruktur da inkişaf etdirilir. Bu, gələcəkdə turizm marşrutlarının formalaşdırılması üçün imkan yaradır".
Əşrəf Mehidyevin sözlərinə görə, Böyük Qayıdış proqramına iqtisadi baxımdan yanaşanda, bu, yalnız insanların doğma yurdlarına köçürülməsi prosesi deyil. Eyni zamanda, əmək bazarının, istehlak bazarının, xidmət sektorunun və yerli sahibkarlığın yenidən formalaşdırılmasıdır:
"Prezident İlham Əliyevin 2026-cı ilin oktyabrında açıqladığı məlumata görə, artıq 47 yaşayış məntəqəsinə 40 mindən çox insan qayıtmışdı. Bu rəqəmlər çox mühüm bir məqamı göstərir: dövlət yalnız yaşayış evləri inşa etmir, insanların uzunmüddətli məskunlaşması üçün zəruri sosial və iqtisadi mühiti formalaşdırır.
Mən burada insan kapitalı məsələsini xüsusi vurğulamaq istərdim. Çünki regionda zavodlar, turizm kompleksləri, logistika müəssisələri yaradılırsa, onların fəaliyyətini təmin edəcək ixtisaslı kadrlara da ehtiyac var. Bu baxımdan Prezidentin noyabrın 7-də Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirakı, Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlini qoyması mühüm hadisələrdir".
O, Qarabağ və Şərqi Zəngəzurda sahibkarlığın inkişafına dövlət dəstəyindən danışarkən vergi və gömrük güzəştləri məsələsində də münasibətini bildirib:
"Sahibkar investisiya qərarı verərkən ilk növbədə xərcləri, gəlirliliyi, vergi yükünü və riskləri hesablayır. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən, qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verən rezidentlər üçün xüsusi güzəştlər sistemi tətbiq edir.
Burada iqtisadi baxımdan çox mühüm bir məqam var.
Dövlətin tətbiq etdiyi bu güzəştlər sahibkarın ilkin və cari xərclərini azaltmağa, investisiyanın geri dönüş müddətini qısaltmağa və layihələrin maliyyə baxımından cəlbediciliyini artırmağa xidmət edir.
Məsələn, sahibkar yeni zavod açarkən texnoloji avadanlıq idxal edirsə, müəyyən şərtlər daxilində ƏDV və gömrük rüsumlarından azadolma onun ilkin kapital xərclərini azalda bilər.
İqtisadiyyat Nazirliyinin 2026-cı ilin avqustunda açıqladığı məlumata görə, işğaldan azad edilmiş ərazilərdə istehsal müəssisələri idxal edilən texnika, texnoloji avadanlıq və xammala görə həmin vaxtadək 17,4 milyon manatlıq vergi və gömrük güzəştindən yararlanmışdı.
Bu, dövlətin sahibkarlığı stimullaşdırmaq üçün istifadə etdiyi mexanizmlərin artıq konkret maliyyə nəticələrinin olduğunu göstərir.
Hesab edirəm ki, növbəti mərhələdə əsas məqsəd bu güzəştlərdən istifadə edən müəssisələrin sayının, istehsal həcminin, ixrac imkanlarının və yaratdıqları daimi iş yerlərinin artırılması olmalıdır".
