Azərbaycan ilk dəfə Quançjou Film Expo sərgisində təmsil olunur │FOTOLAR


Azərbaycan Respublikası 20–22 noyabr 2026-cı il tarixlərində Çinin Quançjou şəhərində keçirilən beynəlxalq Film sərgisində ilk dəfə iştirak edir. Ölkəmiz tədbirdə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və Azərbaycan Film Komissiyasının (Azerbaijan Film Commission) milli stendi ilə təmsil olunur.
Azərbaycanın sərgidə iştirakı tədbirin həmtəşkilatçılarından biri olan Çin Film Prodüserləri Assosiasiyasının (China Film Producers Association) dəvəti əsasında həyata keçirilir.
Film Expo çərçivəsində Azərbaycan Film Komissiyasının təqdimatı keçirilib. Təqdimat zamanı beynəlxalq kino sənayesinin nümayəndələrinə Azərbaycanın kino istehsalı potensialı, infrastruktur imkanları, çəkiliş məkanları və xarici film istehsalçıları üçün nəzərdə tutulmuş dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verilib. Xüsusilə Azərbaycanda həyata keçirilən kino layihələri üzrə uyğun xərclərin 40 faizədək hissəsinin geri qaytarılmasını nəzərdə tutan “Cash Rebate” proqramı diqqətə çatdırılıb. Bildirilib ki, bu mexanizm ölkənin beynəlxalq kino istehsalı bazarında rəqabət qabiliyyətinin artırılmasına və xarici prodüserlərin Azərbaycana cəlb olunmasına xidmət edir.
Təqdimatda həmçinin son iki il ərzində Azərbaycanda həyata keçirilmiş iki irimiqyaslı Asiya kino layihəsinin təcrübəsi bölüşülüb. Bunlar Yaponiyanın “VIVANT” serialı və dünyaşöhrətli aktyor Ceki Çanın iştirakı ilə çəkilən “Tanrının zirehi 4: Ultimatum” (“Armour of God 4: Ultimatum”) filmidir. Qeyd olunub ki, bu layihələrin Azərbaycanda reallaşdırılması Asiya kino bazarının ölkəmizə artan marağının göstəricisidir. Azərbaycanın zəngin və müxtəlif çəkiliş məkanları, peşəkar yerli mütəxəssisləri, inkişaf edən kino infrastrukturu və əlverişli dövlət dəstəyi mexanizmləri ölkəni beynəlxalq kino istehsalı üçün cəlbedici istiqamətlərdən birinə çevirir.
Sərgi çərçivəsində ARKA və Azərbaycan Film Komissiyasının nümayəndələri Çin kino sənayesinin təmsilçiləri ilə görüşlər keçirir, ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edirlər.
Danışıqların əsas istiqamətlərini Çin və digər Asiya ölkələrindən olan prodüserlərin Azərbaycanda kino layihələrinin həyata keçirilməsinə cəlb edilməsi, birgə film istehsalının (koprodaksiya) inkişaf etdirilməsi, Azərbaycan audiovizual məzmununun Çin bazarında distribusiyası, eləcə də milli filmlərin Çində keçirilən beynəlxalq kino festivallarında iştirakının təşviqi təşkil edir.
Azərbaycanın Quançjou Film Expo sərgisində ilk dəfə iştirakı milli kino sənayesinin Asiya bazarında tanıdılması, Çin ilə kino sahəsində peşəkar əlaqələrin gücləndirilməsi və ölkəmizin beynəlxalq kino istehsalı mərkəzlərindən biri kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımdır.
1 mənbə
