Azərbaycan ilə Vyetnam arasında siyasi dialoq


XƏBƏR XƏTTİ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsi Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. İnanırıq ki, bu müsahibədə irəli sürülən müddəalar uğurla həyata küçiriləcək. Azərbaycan-Vyetnam münasibətlərinin təxminən yetmiş illik tarixindən bəhs edərkən, hər şeydən əvvəl, bu dostluğun köklərinə qayıtmaq və onun əsasını qoymuş iki böyük lideri səmimi minnətdarlıq hissi ilə xatırlamaq lazımdır. Sözsüz ki, başlanğıc nöqtəsi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya unudulmaz səfəri idi. 1983-cü il əsl sıçrayışla əlamətdar oldu. Həmin vaxt Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin başçılığı ilə sovet nümayəndə heyəti Vyetnama səfər etdi. Azərbaycan xalqının Ümummilli Liderinin təşəbbüsü ilə bu səfərin müddəti səkkiz günə qədər uzadıldı və ölkənin əsas regionlarını əhatə etdi. Həmin vaxt əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına güclü təkan verdi və çoxillik əməkdaşlığın istiqamətini müəyyənləşdirdi. Möhkəm, zamanın sınaqlarından çıxmış dostluğa əsaslanaraq, biz əlaqələrin gücləndirilməsini və qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsini ardıcıl şəkildə davam etdirdik. 2014-cü ildə mənim Vyetnama ilk dövlət səfərim baş tutdu, artıq 2015-ci ilin mayında isə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanq Azərbaycana cavab səfəri etdi. Keçən ilin mayında isə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana ilk dövlət səfəri dövlətlərarası münasibətlərimizdə yeni fəsil açdı. Aparılan konstruktiv danışıqlar energetika və investisiyalardan müdafiə və kibertəhlükəsizliyə qədər istiqamətlərin geniş spektrini əhatə etdi. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycan-Vyetnam əlaqələrini keyfiyyətcə yeni səviyyəyə qaldırdı.
Aydın Hüseynov, Siyasi şərhçi
Yazı naviqasiyası