Azərbaycan elminin beynəlxalq inteqrasiyasında yeni mərhələ
jpg_1795036896.jpg)
jpg_1795036896.jpg)
Asiya Elmlər Akademiyasının Baş Assambleyası və Birinci Yüksək Səviyyəli Asiya Elmi Forumu elmi əməkdaşlıqda yeni imkanlar açır
Müasir dövrdə elmi biliklərin sürətlə yenilənməsi, texnoloji tərəqqinin qlobal xarakter alması və bəşəriyyətin qarşılaşdığı mürəkkəb çağırışlar müxtəlif ölkələrin alimləri arasında daha sıx əməkdaşlığı zərurətə çevirmişdir. Asiyanın böyük intellektual potensialının ortaq elmi məkanda birləşdirilməsi ideyası da məhz bu ehtiyacdan yaranmışdır. Bu ideyanın beynəlxalq akademik təşkilata çevrilməsində təşəbbüskar və təşkilatçı kimi Azərbaycanın görkəmli alimi, geologiya-mineralogiya elmləri doktoru, professor Elçin Xəlilovun xüsusi rolu vardır.
Akademiyanın yaranmasına gedən yol
Akademiyanın yaradılmasına aparan təşkilati prosesin mühüm başlanğıc nöqtəsinin Azərbaycanın paytaxtı Bakıda qoyulması diqqəti cəlb edir. 2024-cü il avqustun 31-dən sentyabrın 1-dək Bakıda Asiya Elmlər Akademiyasının Təşəbbüs Komitəsinin ilk iclası keçirilmişdir. Professor Elçin Xəlilovun rəhbərlik etdiyi bu təşəbbüs Asiya ölkələrinin tanınmış alimlərini, elmi məktəblərini və tədqiqat qurumlarını bir araya gətirən, bilik və təcrübə mübadiləsinə açıq beynəlxalq platformanın formalaşdırılması məqsədinə xidmət edirdi. Həmin günlərdə Bakıda elmi əməkdaşlıq, ətraf mühitin mühafizəsi və "yaşıl gündəlik" mövzularına həsr olunmuş beynəlxalq elmi tədbir də təşkil edilmişdi.
Azərbaycanda başlanmış təşəbbüs sonrakı mərhələdə müxtəlif ölkələrin alimlərinin dəstəyini qazanaraq daha geniş coğrafiyanı əhatə etmişdir. Beləliklə, təşəbbüs komitəsinin ilkin müzakirələri tədricən beynəlxalq təşkilati strukturun yaradılması, elmi prioritetlərin müəyyənləşdirilməsi və akademiyanın fəaliyyət prinsiplərinin formalaşdırılması istiqamətində əməli addımlarla davam etdirilmişdir. Bu proses həm də Azərbaycan elminin qitələrarası elmi əlaqələrin qurulmasında təşəbbüskar mövqeyini ortaya qoymuşdur.
Nəhayət, 2025-ci il avqustun 12-də Asiya Elmlər Akademiyası (Asian Academy of Sciences - AASc) Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Bölgəsində beynəlxalq qeyri-kommersiya təşkilatı kimi rəsmi qeydiyyata alınmışdır. Bu tarix akademiyanın təşkilati-hüquqi baxımdan formalaşmasında mühüm mərhələ olmuş, onun fəaliyyətinin beynəlxalq institusional əsaslarda inkişafına şərait yaratmışdır.
2025-ci il noyabrın 20-22-də onlayn formatda keçirilən Birinci Baş Assambleya Akademiyanın fəaliyyətində növbəti tarixi mərhələ olmuşdur. Bu toplantıda 18 ölkədən 121 nümayəndə iştirak etmiş, akademiyanın rəhbər orqanları, akademik və müxbir üzvləri seçilmiş, təşkilati strukturu və gələcək fəaliyyət istiqamətləri ilə bağlı qərarlar qəbul olunmuşdur. Professor Elçin Xəlilov akademiyanın prezidenti seçilmiş, Azərbaycan alimləri də onun rəhbər və elmi strukturlarında təmsil olunmuşlar. Assambleyada Asiyanın vahid akademik və intellektual məkanının formalaşdırılması ideyası akademiyanın əsas strateji məqsədlərindən biri kimi irəli sürülmüşdür.
Akademiyanın formalaşmasının sonrakı mərhələsində dünya elminin tanınmış nümayəndələri də bu təşəbbüsə qoşulmuşlar. Onların arasında 2015-ci il fizika üzrə Nobel mükafatı laureatı, yapon alimi Takaaki Kajita və 2007-ci ildə Nobel Sülh Mükafatına layiq görülmüş İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun (IPCC) işində iştirak etmiş koreyalı alim Rae Kvon Çan xüsusi qeyd olunmalıdır.
Bu inkişaf yolunun davamı olaraq 2026-cı il oktyabrın 19-23-də Çin Xalq Respublikasının Haynan əyalətinin Sanya şəhərində Asiya Elmlər Akademiyasının Baş Assambleyası və "Bir kəmər, bir yol: ortaq elmi-texnoloji gələcəyin yaradılması" mövzusunda Birinci Yüksək Səviyyəli Asiya Elmi Forumu keçirilmişdir. Tədbirlərdə 18 ölkədən 100-dən çox nümayəndə - Nobel mükafatı laureatları və nüfuzlu beynəlxalq mükafat sahibləri, milli elmlər akademiyalarının rəhbərləri, tanınmış alimlər, universitet rektorları, dövlət və ictimai xadimlər iştirak etmişlər. Bir sıra qonaqlar plenar iclasa videobağlantı vasitəsilə qoşulmuşlar.
Tədbirlərin əsas təşkilatçısı Asiya Elmlər Akademiyası olmuş, tərəfdaşlar arasında Pakistan, Gürcüstan, Özbəkistan, Tacikistan və Monqolustan elmlər akademiyaları, eləcə də müxtəlif ölkələrin universitetləri və elmi qurumları yer almışlar. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçı tərəfdaşlardan biri kimi iştirakı ölkəmizin beynəlxalq elmi əməkdaşlığa töhfəsini nümayiş etdirmişdir.
Akademiyanın təşkilati quruluşu və beynəlxalq təmsilçiliyi
Asiya Elmlər Akademiyasının təşkilati sistemini Baş Assambleya, prezident, vitse-prezidentlər, baş katib, rəyasət heyəti və onun bürosu, elmi şura, sahəvi şuralar, komitələr, milli bölmələr, elmi institut və mərkəzlər təşkil edir. Akademiyaya geologiya-mineralogiya elmləri doktoru, professor Elçin Xəlilov rəhbərlik edir. Baş katib Ramil Bəxtizindir. Vitse-prezidentlər sırasında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, professor Elşən Hacızadə, Çindən Çjan Tsi, Qazaxıstandan Serik İrsaliyev, Qırğızıstandan Akılbek Japarov və digər tanınmış simalar yer alırlar.
2026-cı il oktyabrın 21-də Baş Assambleyada açıqlanan məlumatlara görə, həmin vaxt akademiyanın 26 ölkədən 4 fəxri üzvü, 141 akademiki və 47 assosiativ üzvü vardı; üzvlərin təxminən 90 faizi Asiya ölkələrini təmsil edirdi.
Akademiyanın tərkibində milli elmlər akademiyalarının 9 prezidenti, akademiyaların 12 vitse-prezidenti, milli akademiyaların 60-dan çox akademiki, aparıcı universitetlərin 20-dən artıq rektoru və prezidenti, 20-dən çox elmi-tədqiqat institutu rəhbəri, habelə dövlət və ictimai idarəetmə təcrübəsi olan şəxslər təmsil olunmuşdu. Bu rəqəmlər yeni seçkilərdən əvvəl açıqlanmış göstəricilərdir.
Akademiyanın beynəlxalq elmi çevrəsində Özbəkistan Elmlər Akademiyasının prezidenti, riyaziyyatçı alim Şavkat Ayupov, Tacikistan Milli Elmlər Akademiyasının prezidenti, iqtisadçı alim Qobilcon Xuşvaxtzodə, Pakistan Elmlər Akademiyasının prezidenti Kauser Abdulla Malik, Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti, tarixçi Roin Metreveli, Monqolustan Elmlər Akademiyasının prezidenti Demberel Sodnomsambuu, Nobel mükafatı laureatı Takaaki Kajita, UNESCO mükafatı laureatı Atta-ur-Rəhman və digər görkəmli elm nümayəndələri yer alırlar. Onların bir qismi Sanya tədbirlərinə məsafədən qatılmışdır.
Akademiyanın fəaliyyətində ölkələrarası və sahələrarası əlaqələrin qurulmasına xidmət edən milli bölmələr, Qafqaz-Mərkəzi Asiya Regional Mərkəzi, Asiya İqtisadiyyat İnstitutu və digər elmi qurumlar mühüm yer tutur.
Sanya Baş Assambleyası: qərarlar və yeni əməkdaşlıq imkanları
Oktyabrın 20-də keçirilən plenar iclasda akademiyanın prezidenti Elçin Xəlilov vahid Asiya intellektual və akademik məkanının qurulmasını, elmi və texnoloji potensialın birləşdirilməsini təşkilatın başlıca məqsədi kimi səciyyələndirmişdir. İclasda Rae Kvon Çan, Çjan Tsi, Qırğızıstanın keçmiş baş naziri Akılbek Japarov və bir sıra digər elm və ictimaiyyət nümayəndələri çıxış etmişlər. Takaaki Kajita, Atta-ur-Rəhman, Kauser Abdulla Malik, Roin Metreveli, Qobilcon Xuşvaxtzodə və Azərbaycanın səhiyyə naziri Teymur Musayev (Baş nazirin hazırkı müavini - red.) isə tədbirə videomüraciətlə qoşulmuşlar.
Plenar iclas çərçivəsində Asiya Elmlər Akademiyası ilə Pakistan Elmlər Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanmış, Tacikistan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq memorandumu təqdim edilmişdir. Bu sənədlər elmi əlaqələrin institusional əsaslarının güclənməsi baxımından diqqətəlayiqdir.
Oktyabrın 21-də keçirilən işçi iclasda yeni fəxri akademiklər, akademiklər, assosiativ üzvlər seçilmiş, üç tanınmış alim və mühəndis "Fəxri professor" adına layiq görülmüşdür. İclas ərəfəsində iki fəxri üzvün, 22 akademikin, 12 assosiativ üzvün və üç fəxri professorun seçilməsinin nəzərdə tutulduğu bildirilmişdir. Rəsmi məlumatda yeni seçilmiş şəxslərin hamısı üzrə yenilənmiş ümumi yekun rəqəmlər ayrıca göstərilmədiyindən əvvəlki üzvlük statistikası ilə bu seçkilərin nəticələri eyniləşdirilmir.
Assambleyada dörd sahəvi Asiya elmi şurası yaradılmışdır: iqlim məsələləri üzrə şuraya Rae Kvon Çan, səhiyyə üzrə şuraya Azərbaycanın səhiyyə naziri Teymur Musayev (Baş nazirin hazırkı müavini -red.), süni intellekt üzrə şuraya koreyalı professor Jiro-Kay Honq, təhsil üzrə şuraya isə Özbəkistandan Tulkin Teşabayev rəhbərlik edir. Bundan əlavə, Qazaxıstanın keçmiş fövqəladə hallar naziri Sırım Şaripxanovun rəhbərliyi ilə fövqəladə hallar üzrə komitə təsis edilmişdir.
Pakistan, Azərbaycan, Gürcüstan, Tacikistan, Özbəkistan, Qazaxıstan və Monqolustanda, habelə Rusiya Federasiyasının Başqırdıstan Respublikasında Akademiyanın milli və regional bölmələri yaradılmışdır. Azərbaycan Respublikası Milli Bölməsinin sədri akademiyanın vitse-prezidenti, iqtisad elmləri doktoru, professor Elşən Hacızadə seçilmişdir. Digər bölmələrin rəhbərləri sırasında Kauser Abdulla Malik, Roin Metreveli, Qobilcon Xuşvaxtzodə, Serik İrsaliyev, Demberel Sodnomsambuu və Ramil Bəxtizin yer alırlar.
Yeni təsisatların sırasında Tamila Xəlilovanın rəhbərlik etdiyi "İpək Yolu İnstitutu" da vardır. Akademiyanın tərkibində daha əvvəl yaradılmış Asiya İqtisadiyyat İnstitutuna (Asian Economic of Science - AsES) professor Elşən Hacızadə, Rəqəmsal Onkologiya Mərkəzinə isə Şamil Qantsev rəhbərlik edir. Assambleyada akademiyanın strateji inkişaf istiqamətlərini əks etdirən "Ağ kitab" təsdiqlənmiş; onun redaksiya heyətinin fəxri həmsədrləri Takaaki Kajita və Rae Kvon Çan, həmsədrləri isə Elçin Xəlilov və Rafis Abazov olmuşlar.
Baş Assambleya çərçivəsində elm və texnologiyaların inkişafında müstəsna xidmətlərinə görə 25, təhsilin inkişafına verdikləri töhfələrə görə 16 akademiya üzvünə sertifikatlar və adları həkk olunmuş kristal mükafatlar verilmişdir. İclasların sonunda Rəyasət Heyəti Bürosunun genişləndirilmiş iclası keçirilmişdir. Oktyabrın 21-22-də keçirilən Birinci Yüksək Səviyyəli Asiya Elmi Forumunda isə 17 elmi məruzə dinlənilmiş, yeni texnologiyalar və beynəlxalq əməkdaşlıq istiqamətində müzakirələr aparılmışdır.
Azərbaycan elmi və azərbaycanlı alimlərin beynəlxalq fəaliyyəti
Azərbaycan elmi zəngin tarixi ənənələrə, müxtəlif istiqamətlər üzrə formalaşmış elmi məktəblərə və dünya elminə töhfələr vermiş görkəmli alimlərə malikdir. Ölkəmizdə fundamental və tətbiqi elmlərin inkişafı, elmi kadrların hazırlanması və müasir tədqiqat istiqamətlərinin genişləndirilməsi beynəlxalq elmi əməkdaşlıq üçün mühüm intellektual baza formalaşdırmışdır.
Asiya Elmlər Akademiyasında Azərbaycanı təmsil edən alimlər arasında ölkəmizin müxtəlif elmi məktəblərinin görkəmli nümayəndələri xüsusi yer tutur. Akademiyanın rəsmi üzvlük siyahısında fəxri akademik kimi göstərilən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Milli Aviasiya Akademiyasının rektoru, texnika elmləri doktoru, professor Arif Paşayev aviasiya texnologiyaları, mühəndislik və innovasiya sahələrindəki fəaliyyəti ilə tanınır. O, eyni zamanda Azərbaycan Mühəndislik Akademiyasının prezidentidir.
Akademiyanın həqiqi üzvləri sırasında Azərbaycan Milli Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru, professor Cəmil Əliyev də vardır. Milli Onkologiya Mərkəzinin baş direktoru olan görkəmli alim onkologiya və tibbi tədqiqatlar sahəsində geniş elmi məktəb formalaşdırmış, çoxsaylı elmi əsərlərin müəllifi kimi beynəlxalq elmi ictimaiyyətdə tanınmışdır.
Azərbaycan elminin tanınmış nümayəndələri sırasında görkəmli iqtisadçı alim, AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru, professor Ziyad Səmədzadənin elmi fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onun milli iqtisadi düşüncənin inkişafına, iqtisadi tədqiqatların nəzəri-metodoloji əsaslarının zənginləşdirilmə-sinə və yüksəkixtisaslı elmi kadrların yetişdirilməsinə verdiyi töhfələr Azərbaycan iqtisad elminin mühüm nailiyyətlərindəndir.
Tanınmış iqtisadçı alimlər Vahid Novruzovun, Məhəbbət Məmmədovun, UNEC-in Dərbənd filialının rəhbəri professor Qurban Qurbanovun, cərrahiyyə sahəsində professor Rauf Ağayevin, imikrobiologiya sahəsində professor Pənah Muradovun və digər tanınmış mütəxəssislərin akademiyada təmsil olunması Azərbaycan elminin çoxşaxəli potensialını və beynəlxalq elmi əməkdaşlıq imkanlarını nümayiş etdirir.
Asiya Elmlər Akademiyasının nəzdində 2025-ci ildə Asiya İqtisadiyyat İnstitutunun yaradılması və ona professor Elşən Hacızadənin rəhbərlik etməsi iqtisadi tədqiqatların beynəlxalq əlaqələndirilməsi baxımından əhəmiyyətlidir. İnstitut iqtisadi inkişaf modellərinin araşdırılması, müxtəlif ölkələrin təcrübələrinin müqayisəli təhlili, innovasiya və dayanıqlı inkişaf mövzularında birgə tədqiqatlara şərait yaradır. Akademiyanın Honkonqda qeydiyyatdan keçmiş iqtisadiyyat bölməsi tərəfindən 2025-ci ildə "Asian Economic Science - ASES" beynəlxalq elmi jurnalı da təsis edilmişdir. Baş redaktoru professor Elşən Hacızadə olan nəşr iqtisadçı alimlərin tədqiqat nəticələrinin təqdimatına və elmi fikir mübadiləsinə xidmət edir.
Bu prosesdə əsas məqsəd yalnız beynəlxalq elmi təşkilatlarda təmsil olunmaq deyil, mövcud imkanları konkret elmi nəticələrə, birgə tədqiqat layihələrinə, innovativ təşəbbüslərə, texnologiya və bilik mübadiləsinə yönəltməkdir.
Azərbaycan elminin zəngin ənənələri, görkəmli alimlərimizin formalaşdırdıqları elmi məktəblər və gənc tədqiqatçıların yüksələn potensialı bu məqsədlərin reallaşdırılması üçün möhkəm əsas yaradır.
Xüsusilə iqtisad elminin digər elmi istiqamətlərlə qarşılıqlı əlaqəsinin genişləndirilməsi, yeni texnologiyaların iqtisadi nəticələrinin kompleks qiymətləndirilməsi və dayanıqlı inkişafın elmi əsaslarının gücləndirilməsi gələcək əməkdaşlığın mühüm prioritetləri kimi çıxış edə bilər.
İnanırıq ki, Asiya Elmlər Akademiyası ilə əməkdaşlığın genişlənməsi Azərbaycan elminin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, milli elmi potensialın daha geniş miqyasda reallaşdırılmasına və yeni elmi nailiyyətlərin əldə edilməsinə mühüm töhfələr verəcəkdir.
Elmin qüdrəti onun sərhədləri aşmaq, xalqları yaxınlaşdırmaq və bəşəriyyətin ortaq gələcəyinə xidmət etmək bacarığındadır. Azərbaycan elmi də öz zəngin ənənələri, görkəmli alimləri və intellektual potensialı ilə bu gələcəyin qurulmasında layiqli yer tutmağa qadirdir.
Elşən HACIZADƏ,
iqtisad elmləri doktoru, professor, Asiya Elmlər Akademiyasının vitse-prezidenti