Azərbaycan daha bir beynəlxalq qiymətləndirmədə önə çıxıb


Dünyada müasir texnologiyalardan istifadə istehsalı artırmağa əlavə imkan verir. Bu isə öz növbəsində istehsal olunan məhsulun bazarda tez satılması şərtini diktə edir. Deməli, buna nail olmaq üçün bürokratik əngəllər aradan qaldırılmalıdır ki, onun da yolu ölkələr arasında elektron hesab-fakturaların tanınmasıdır.
Məlum olduğu kimi, hazırda Orta dəhlizlə yüklərin daşınması qlobal əhəmiyyət kəsb edir. Ona görə də Asiya ilə Avropa arasında qarşılıqlı ticarətin sürətlənməsində yeni üsuldan istifadəyə böyük ehtiyac yaranıb. Çünki kağızsız ticarət, başqa sözlə, elektron hesab-fakturaların qarşılıqlı tanınması gömrük rəsmiləşdirilməsini sürətləndirməyin yeganə yoludur.
Söz düşmüşkən qeyd edək ki, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) və Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) Azərbaycan və Qazaxıstanı elektron hesab-fakturaların sərhədlərarası mübadiləsi və qarşılıqlı tanınması üzrə ilkin sınaq üçün əlverişli tərəfdaşlar kimi müəyyənləşdirib. İrəli sürülən təşəbbüs Orta dəhlizdə gömrük prosedurlarının sadələşdirilməsinə, sənəd dövriyyəsinin rəqəmsallaşdırılmasına və ticarət əməliyyatlarının sürətləndirilməsinə imkan yarada bilər. Bununla bağlı Azərbaycan və Qazaxıstan Orta dəhlizdə elektron hesab-fakturaların qarşılıqlı tanınması üzrə pilot layihəyə namizəd göstərilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsi müdirinin müavini Rəşad Nəcəfli bildirir ki, "TCCA+ ölkələrində sərhədlərarası elektron hesab-faktura sisteminin inkişafı: Subregional tədqiqat" ("Advancing Cross-border Electronic Invoicing in TCCA+ Countries: A Subregional Study") adlı hesabatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın elektron hesab-faktura sistemləri 6 meyar üzrə qiymətləndirilib: "Azərbaycanda indiyədək görülən işlər ölkəmizin bu sahədə yüksək reytinqə malik olmasını təmin edib. Dünyanın nüfuzlu qurumları tərəfindən aparılan qiymətləndirməyə görə, Azərbaycan mümkün 30 baldan 24-nü toplayıb. Ölkəmiz hüquqi baza, tətbiq modeli və vergi inzibatçılığına inteqrasiya üzrə maksimum 5, strukturlaşdırılmış məlumat formatları üzrə 4, beynəlxalq uyğunluq üzrə 3, rəqəmsal ticarət sistemlərinə inteqrasiya üzrə 2 bal əldə edib. Sonuncu meyar üzrə müəyyən edilmiş minimum tələbə əsasən, Azərbaycanın ümumi rəqəmsal yetkinlik səviyyəsi 'Tier 2' (ikinci səviyyə) kimi qiymətləndirilib. Bu, ölkədə elektron hesab-faktura sisteminin formalaşdığını, lakin sərhədlərarası məlumat mübadiləsi və beynəlxalq sistemlərlə inteqrasiya imkanlarının daha da inkişaf etdirilməsinə ehtiyac olduğunu göstərir".
Rəşad Nəcəflinin sözlərinə görə, hazırda gömrük prosedurlarında hesab-fakturalar çox vaxt PDF formatında təqdim olunur və məlumatların bir hissəsi bəyannaməyə yenidən daxil edilir: "Azərbaycanla Qazaxıstan arasında strukturlaşdırılmış elektron məlumat mübadiləsinin qurulması bu prosesin avtomatlaşdırılmasına imkan verər. Nəticədə Xəzərin bir sahilində rəsmiləşdirilən hesab-faktura digər sahildə elektron qaydada yoxlanılaraq gömrük prosedurlarında istifadə oluna bilər".
Beynəlxalq və regional qurumlar tərəfindən ilkin mərhələdə mövcud sistemlərin qarşılıqlı işləmə imkanlarının texniki sınaqdan keçirilməsinin təklif edildiyini deyən ekspert deyir ki, bu çərçivədə elektron hesab-fakturaların mübadiləsi, xarici elektron imzaların etibarlılığının üçüncü tərəf vasitəsilə yoxlanılması və təsdiqlənmiş məlumatların gömrük rəsmiləşdirilməsində istifadəsi sınaqdan keçirilə bilər və növbəti mərhələdə real ticarət əməliyyatlarını əhatə edən pilot layihənin həyata keçirilməsi ilkin nəticələrdən asılı olacaq.
"Elektron imzaların tanınması istiqamətində bir sıra yeni prosedurların yerinə yetirilməsi vacibdir. Bunun üçün elektron imzaların qarşılıqlı tanınmasının hüquqi əsaslarının müəyyənləşdirilməsi və milli məlumat formatlarının UBL və ya Peppol PINT kimi beynəlxalq standartlara uyğunlaşdırılması mühüm əhəmiyyət daşıyır. Vergi və gömrük sistemləri arasında inteqrasiya təmin edilərsə, yük sərhədə çatmazdan əvvəl məlumatların yoxlanılması və risklərin qiymətləndirilməsi mümkün olar", - deyə R.Nəcəfli bildirib. Onun sözlərinə görə, Rəqəmsal Logistika Platforması elektron hesab-fakturaların Orta dəhliz üzrə digər ticarət və daşıma sənədləri ilə inteqrasiyası üçün də əlavə imkanlar yaradır: "Bu yanaşma ölkəmizin rəqəmsal inkişafının sürətləndirilməsinə dair 2026-2028-ci illər üzrə Fəaliyyət Planında nəzərdə tutulan dövlət informasiya sistemlərinin inteqrasiyası və məlumatların bir dəfə təqdim edilməsi prinsiplərinə də uyğundur".
Rüstəm KAMAL,
"Azərbaycan"