Azərbaycan Avropa ilə regional və regionlararası əməkdaşlığın mühüm tərəfdaşıdır - ŞƏRH


Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı regional təhlükəsizlik və əməkdaşlıq baxımından əsas əhəmiyyət daşıyır. Təşkilat ilkin mərhələdə daha çox təhlükəsizlik məsələlərinə diqqət yetirsə də, hazırda gündəliyində regional əməkdaşlıq da mühüm yer tutur. Avropa İttifaqına üzv dövlətlər qurumun əsasını təşkil etsələr də, başlıca məqsədlərindən biri İttifaqa üzv olmayan ölkələrlə əlaqələri inkişaf etdirməkdir. Bu baxımdan Azərbaycan aparıcı dövlətlərdəndir. Ölkəmizin Avropa İttifaqı və onun üzv dövlətləri ilə strateji xarakterli əlaqələri mövcuddur. Azərbaycan İttifaqın 10 üzv ölkəsinin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Təbii qaz ixrac etdiyimiz həmin dövlətlərin enerji təminatına verdiyimiz töhfə onların enerji suverenliyinin möhkəmlənməsinə xidmət edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.
Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda yeni siyasi reallıqlar formalaşdırmaqla yanaşı, geniş coğrafiyada regionlararası əlaqələrin və tərəfdaşlığın qurulmasına da töhfə verib. Ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolu digər dövlətlərin xarici siyasət kursunda Azərbaycan maraqlarının nəzərə alınmasını şərtləndirir.
Avropa İttifaqına üzv dövlətlərin əməkdaşlığı genişləndirməkdə marağı Avropa Siyasi Birliyinin Zirvə toplantılarında, eləcə də Münxen Təhlükəsizlik Konfransı və Davos Ümumdünya İqtisadi Forumu kimi platformalarda Prezident İlham Əliyevlə keçirilən görüşlərdə görünür. Xüsusilə təbii qaz ixracının həcminin artırılması və nəqliyyat-logistika layihələrinə qoşulmaq məsələləri diqqət mərkəzindədir. Bu münasibətlərin əsas xüsusiyyəti qarşılıqlı faydaya və ortaq maraqlara əsaslanmasıdır.
Deputat bildirib ki, əməkdaşlıqda dörd istiqamət ön plana çıxır: regional təhlükəsizlik, enerji, nəqliyyat-logistika və innovasiyalar. Azərbaycan 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq separatçılığa son qoymaqla və 30 ildən artıq davam edən münaqişəni həll etməklə regional təhlükəsizliyə mühüm töhfə verib, özünəməxsus Azərbaycan modelini nümayiş etdirib. Dördüncü istiqamət rəqəmsal transformasiya şəraitində aktuallıq qazanan innovasiyalar, süni intellekt və müasir texnologiyalardır.
“Avropa İttifaqına üzv olan 10 ölkə ilə ölkəmizin strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ümumilikdə, ölkəmizin 30-dan çox dövlətlə belə əlaqələri formalaşıb və tərəfdaşlığın coğrafiyası genişlənməkdədir. Noyabrın 12-də Dublində Prezident İlham Əliyevlə Böyük Britaniyanın Baş naziri arasında keçirilən görüş və Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması da bu baxımdan əhəmiyyətlidir. Azərbaycanla Böyük Britaniya arasında uzun illərdir neft-qaz sahəsində əməkdaşlıq mövcud olsa da, yeni sənəddə müdafiə və təhlükəsizlik, elm, təhsil, innovasiyalar, humanitar və iqtisadi sahələrdə əlaqələrin genişləndirilməsi niyyəti əksini tapıb”, - deyə deputat vurğulayıb.
Ənənəvi enerji tərəfdaşlığı çərçivəsindən kənara çıxan əməkdaşlıq
O qeyd edib ki, Orta Dəhliz və Şərqlə Qərbi birləşdirən digər inteqrasiya layihələri Avropa dövlətlərinin maraqlarına cavab verir. Böyük Britaniyanın da bu prosesdə fəal iştirak etmək niyyəti əməkdaşlığın daha geniş coğrafiyanı əhatə etdiyini göstərir. Nəticə etibarilə, Avropa İttifaqına üzv dövlətlərlə yanaşı, Böyük Britaniyanın Azərbaycanla əməkdaşlığı genişləndirməsi münasibətlərin ənənəvi enerji tərəfdaşlığı çərçivəsindən kənara çıxdığını təsdiqləyir.
Təhlükəsizlik, enerji, nəqliyyat-logistika və innovasiyaları əhatə edən əməkdaşlıq Azərbaycan üzərindən həyata keçirilən regional və regionlararası inteqrasiya layihələrində iştirak imkanlarını genişləndirir. Bu proses ölkəmizin Qərb istiqamətində xarici siyasət prioritetlərinin reallaşmasına və beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət edir. Bu da vacibdir.
Deputat vurğulayıb ki, Azərbaycanın Qərb istiqamətində xarici siyasəti strateji tərəfdaşlarının sayının artması ilə nəticələnir. Ölkəmizin Avropa dövlətləri üçün əhəmiyyəti enerji təhlükəsizliyi ilə yanaşı, Şərqə doğru nəqliyyat-kommunikasiya bağlantılarındakı mövqeyi ilə də bağlıdır. Mərkəzi Asiya və Çin istiqamətində əlaqələrin mühüm hissəsi Azərbaycan üzərindən reallaşdırılır.
“Bu məqam Aİ rəsmiləri ilə keçirilən görüşlərdə də vurğulanır. 2025-2026-cı illərdə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və genişlənmə məsələləri üzrə komissarı Marta Kosla, 2026-cı ilin martında isə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensenlə keçirilən təmaslar əlaqələrin intensivliyini göstərir. Görüşlərin bir qisminin Bakıda keçirilməsi, eləcə də 2026-cı ilin iyulunda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri tərəfdaşlığın inkişafına verilən əhəmiyyətin göstəricisidir”, - deyə deputat əlavə edib.
Dərc vaxtına görə
Faktornews.azoxuduğunuz
Azərbaycan Avropa ilə regional və regionlararası əməkdaşlığın mühüm tərəfdaşıdır - ŞƏRH
