Azər Kərimli: “Azərbaycanın Cənubi Qafqazda, Vyetnamın isə Cənub-Şərqi Asiyada tutduğu mövqelər tərəfdaşlığı daha geniş coğrafi məna ilə zənginləşdirir”


“Beynəlxalq münasibətlərdə dəyişən geosiyasi mənzərə dövlətlərdən çevik diplomatiya, milli maraqlara əsaslanan siyasi qərarlar və etibarlı tərəfdaşlıqlar tələb edir. Belə şəraitdə Azərbaycan özünün müstəqil xarici siyasəti, beynəlxalq nüfuzu və müxtəlif coğrafiyalarda əməkdaşlıq əlaqələrini genişləndirmək imkanları ilə seçilir. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi də ölkəmizin Asiya istiqamətində münasibətlərə verdiyi strateji əhəmiyyəti bir daha nümayiş etdirir. Azərbaycanın Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən dövlətlərindən biri olan Vyetnamla əlaqələri genişləndirməsi qarşılıqlı maraqlara əsaslanan praqmatik siyasətin məntiqi nəticəsidir. Bu əməkdaşlıq regional və beynəlxalq proseslərdə ortaq mövqelərin uzlaşdırılması üçün də əlverişli zəmin yaradır. Azərbaycanın xarici siyasətinin mühüm xüsusiyyətlərindən biri beynəlxalq əməkdaşlığı qarşılıqlı hörmət, suveren bərabərlik və milli maraqların uzlaşdırılması prinsipləri üzərində qurmasıdır. Prezidentin müsahibəsində BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi platformalarda Azərbaycanla Vyetnam arasında formalaşmış dialoqun qeyd edilməsi bu baxımdan diqqətəlayiqdir. Hər iki ölkənin beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə verdiyi önəm siyasi münasibətlərin etibarlı əsasını təşkil edir. Bu yanaşma təkcə ikitərəfli əlaqələrin deyil, çoxtərəfli diplomatik təmasların da səmərəsini artırır. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarda fəal iştirakı, Vyetnamın isə Asiya məkanında artan siyasi və iqtisadi çəkisi əməkdaşlığın coğrafiyasını genişləndirmək üçün əlverişli zəmin yaradır. Dövlət başçısının müsahibədə müdafiə və kibertəhlükəsizlik sahələrini də tərəfdaşlıq gündəliyində qeyd etməsi münasibətlərin ənənəvi sahələrlə məhdudlaşmadığını göstərir. Müasir dövrdə təhlükəsizlik çağırışlarının mürəkkəbləşdiyi, rəqəmsal mühitin dövlətlərin dayanıqlığı üçün xüsusi əhəmiyyət qazandığı şəraitdə bu istiqamətlər üzrə təcrübə və bilik mübadiləsi hər iki tərəf üçün faydalı ola bilər. Beləliklə, Azərbaycan-Vyetnam münasibətləri regional maraqları uzlaşdırmaqla yanaşı, qlobal gündəlikdə konstruktiv mövqelərin yaxınlaşmasına da xidmət edə bilər.”
Milli Məclisin deputatı Azər Kərimli aia.az-a verdiyi açıqlamada belə deyib.
Millət vəkili bildirib ki, müsahibənin mühüm mesajlarından biri də dostluğun yalnız əlverişli dövrlərdə deyil, həm də çətin sınaqlar zamanı göstərilən həmrəylikdə əks olunması ilə bağlı səsləndirilən fikirlər idi: “Prezident İlham Əliyevin 2024-cü ildə Vyetnamda “Yaqi” fırtınasının, 2025-ci ildə isə genişmiqyaslı daşqınların fəsadlarının aradan qaldırılması üçün Azərbaycanın maliyyə yardımı göstərdiyini xatırlatması bu mənəvi prinsipin konkret təzahürüdür. Bu addımlar dövlətlərarası münasibətlərdə humanizm və qarşılıqlı dəstəyin xüsusi yer tutduğunu nümayiş etdirir. Qarşıdakı rəsmi səfərin də məhz belə etibarlı münasibətlər fonunda yeni imkanlar açacağı gözlənilir. Prezidentin ifadə etdiyi nikbinlik iki ölkənin birgə layihələr, yeni bazarlara çıxış və biznes əlaqələrinin genişləndirilməsi üçün real potensiala malik olmasına əsaslanır. Azərbaycanın Cənubi Qafqazda, Vyetnamın isə Cənub-Şərqi Asiyada tutduğu mövqelər tərəfdaşlığı daha geniş coğrafi məna ilə zənginləşdirir. Bu baxımdan səfər təkcə diplomatik təqvimin növbəti hadisəsi deyil, qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirən mühüm siyasi fürsətdir. Eyni zamanda, bu səfər iki xalq arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə və uzunmüddətli etimadın dərinləşməsinə xidmət edəcək” – deyə Azər Kərimli fikirlərini tamamlayıb.
Dərc vaxtına görə
Sabahinfo.azoxuduğunuz
Azər Kərimli: “Azərbaycanın Cənubi Qafqazda, Vyetnamın isə Cənub-Şərqi Asiyada tutduğu mövqelər tərəfdaşlığı daha geniş coğrafi məna ilə zənginləşdirir”
Report+21 mənbə