Ayxan Abbasov: Yeni müqavilə məsələsini AFFA rəhbərliyi ilə müzakirə edəcəyik


Bakı, 18 noyabr, AZƏRTAC
Dekabr ayında AFFA ilə müqaviləm başa çatacaq. UEFA Millətlər Liqasından sonra bu məsələni müzakirə edəcəyimizi əvvəlcədən danışmışdıq. Bildiyiniz kimi, turnir yenicə başa çatıb. Yəqin ki, yaxın vaxtlarda bu barədə müzakirələr aparacağıq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis AFFA rəhbərliyinin ona göstərdiyi dəstəkdən razı olduğunu bildirib: “Mənə inandılar və dəstək verdilər. Əlbəttə, çətin dövr idi. Fransa, Ukrayna və İslandiya ilə ağır oyunlarımız oldu. Həmin vaxt aramızdakı birlik və bir-birimizə inam futbolçulara da sirayət edirdi. Bütün turnirlərdə, oyunlarda, hətta məğlub olduğumuz və Lixtenşteynlə heç-heçə etdiyimiz görüşdə belə, futbolçuların və mənim yanımda oldular”.
Ayxan Abbasov qeyd edib ki, Azərbaycan millisinin baş məşqçisi olmaq onun üçün böyük qürurdur: “Bir azərbaycanlı kimi fəxr edirəm ki, Azərbaycan millisinin baş məşqçisiyəm və komandamı bu oyunlara çıxarmışam. Gələcəkdə hər şey ola bilər. Amma mənə yaradılan şəraitdən çox razıyam”.
Qeyd edək ki, UEFA Millətlər Liqasının D Liqasının B qrupunda mübarizə aparan Azərbaycan millisi dörd oyundan 8 xal toplayaraq birinci yeri tutub.
Müxbir - Mikayıl Məmmədov
1 mənbə