“Axios”: Netanyahu İranla müharibəni yenidən başlatmağa çalışır, Tramp zərbə ssenarilərini nəzərdən keçirir


ABŞ prezidenti Donald Tramp İranla bağlı növbəti addım barədə qərarı 2027-ci ilin əvvəlinə qədər təxirə salsa da, İsraillə birgə yeni zərbələr endirmək imkanını nəzərdən keçirməyə davam edir.
Ordu.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Tramp İranla bağlı qərar qəbul etməyə tələsmədiyini və müharibədə növbəti addımı seçmək üçün vaxtının olduğunu bildirib.
“İranla bağlı hər hansı qərar qəbul etməyə tələsmirəm. İlin əvvəlindən sonra nələrin baş verəcəyinə baxacağıq”, - deyə ABŞ prezidenti cümə axşamı Çindən ABŞ-yə qayıdarkən “Air Force One” təyyarəsində “Axios” nəşrinə qısa telefon müsahibəsində bildirib.
Bu açıqlama İsrailin baş naziri Benyamin Netanyahunun İrana qarşı genişmiqyaslı bombardman kampaniyasının daha tez həyata keçirilməsinə nail olmaq üçün təzyiqləri artırdığı bir vaxta təsadüf edib.
Bununla belə, Trampın sözləri hərbi əməliyyatların daha erkən başlaya biləcəyi ehtimalını istisna etmir. Belə ki, fevral ayında müharibə başlamazdan əvvəl də prezident qərar vermədiyini bildirmiş, lakin artıq zərbələrin endirilməsi barədə əmr vermişdi.
“Axios”un məlumatına görə, qərarın təxirə salınması Trampın dəniz blokadasına və Tehrana qarşı iqtisadi təzyiqlərə nəticə verməsi üçün daha çox vaxt ayırmaq niyyətindən xəbər verə bilər. ABŞ prezidentinin bir çox müşaviri və Fars körfəzi ölkələrinin rəhbərləri də bu yanaşmanı dəstəkləyirlər.
Lakin İran ilin sonuna qədər güzəştə getməsə, Vaşinqton ABŞ Konqresinin yeni tərkibinin fəaliyyətə başlamasından əvvəl hərbi əməliyyat keçirmək imkanını qoruyub saxlamağa çalışa bilər. Yeni Konqresdə nəzarətin demokratlara keçəcəyi gözlənilir.
Ötən həftə Tramp İrana qarşı genişmiqyaslı zərbələrin yeni mərhələsini “çox az ehtimallı” adlandırmışdı. Bununla belə, “Axios” çərşənbə günü prezidentin İsraillə birgə əməliyyat keçirmək imkanını nəzərdən keçirməyə davam etdiyini yazıb. Trampın Asiyadan qayıtmasından sonra mümkün ssenarilərin müzakirəsinin intensivləşəcəyi gözlənilir.
Əməliyyat keçiriləcəyi təqdirdə ABŞ İsraillə birgə hərəkət edə bilər. Mümkün hədəflər arasında İranın ehtimal olunan nüvə obyektləri, o cümlədən “Pikaks Mauntin” kompleksi, körpülər, elektrik stansiyaları və İranın hərbi-siyasi rəhbərliyinin nümayəndələri göstərilir.
Vəziyyətlə tanış olan iki mənbənin məlumatına görə, Ağ Ev Pentaqondan və kəşfiyyat mütəxəssislərindən ABŞ hərbçilərinin hazırladığı hər bir ssenari üzrə İranın mümkün cavabını qiymətləndirməyi xahiş edib.
Xüsusilə Vaşinqton Fars körfəzi ölkələrinin neft-qaz infrastrukturuna dağıdıcı cavab zərbələrinin endirilməsindən yayınmaqla əməliyyatın həyata keçirilməsinin mümkün olub-olmadığını müəyyənləşdirməyə çalışır.
İsrailin İranın kimyəvi silah sahəsində ehtimal olunan tədqiqatları ilə bağlı narahatlıqları da əlavə amilə çevrilib. Ötən həftə İsrailin “Mossad” kəşfiyyat xidmətinin rəhbəri Roman Qofman Vaşinqton və Mayamiyə səfər edərək Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqlar aparıb.
İsrail mənbəsinin sözlərinə görə, Netanyahu Qofmanı İranla müharibənin yenidən başlanmasına nail olmaq üçün ABŞ-yə göndərib. ABŞ və İsrail mənbələri bildiriblər ki, “Mossad” rəhbəri eyni zamanda İranın kimyəvi silahların hazırlanması ilə bağlı fəaliyyəti barədə İsrailin narahatlıqlarını da çatdırıb.
İsrail bu sahədə tədqiqatların və sınaqların intensivləşməsi ilə bağlı kəşfiyyat məlumatlarına malik olduğunu iddia edir.
ABŞ rəsmisinin sözlərinə görə, Tramp yeni kəşfiyyat məlumatları ilə tanış edilib.
Sevinc Əliyeva Ordu.az
