Avropa liderləri Bakıya gəlir: 2028 sammiti Azərbaycana nə vəd edir?


20.11.2026 - 15:57
2028-ci ildə Azərbaycan Avropa Siyasi Birliyinin (European Political Community – EPC) sammitinə ev sahibliyi edəcək. Avropa ölkələrinin liderlərini bir araya gətirən bu platformada siyasi dialoq, təhlükəsizlik, regional əməkdaşlıq və qitənin qarşılaşdığı ümumi çağırışlar müzakirə olunur.
Sammitin Bakıda keçirilməsi Azərbaycanın Avropa ilə siyasi əlaqələri, enerji təhlükəsizliyi, nəqliyyat-logistika və regional diplomatiya baxımından mühüm hadisə olacaq. Eyni zamanda, bu görüş Azərbaycan-Ermənistan münasibətləri və Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlar kontekstində də diqqət çəkir.
Bəs Bakı bu platformadan istifadə edərək Avropa ilə münasibətlərində hansı məsələlər üzrə mövqeyini gücləndirə bilər? Sammit ölkəmizə hansı siyasi imkanları qazandıracaq?
Siyasi analitik Məhəmməd Əsədullazadə Editor.az-a açıqlamasında bildirib ki, Avropa Siyasi Birliyinin növbəti sammitinin Azərbaycanda keçirilməsi Avropa-Azərbaycan münasibətlərinin normal səviyyədə olduğunu göstərən mühüm nümunədir.
Onun sözlərinə görə, Azərbaycan bu gün Cənubi Qafqazın lider ölkələrindən biri, orta güc və Avropa ilə Şərqi birləşdirən əsas nəqliyyat habıdır:
“Bu amillər Avropa ölkələrinin, o cümlədən Avropa İttifaqının Azərbaycanla münasibətlərə önəm verməsini şərtləndirir. Sammit Azərbaycanın regional və beynəlxalq mövqeyini gücləndirməklə yanaşı, ölkəyə olan etimadın artmasına da töhfə verəcək”.
Avropa ilə mövcud fikir ayrılıqlarının daha konstruktiv münasibətlərə çevrilməsi ehtimalını da istisna etməyən Əsədullazadə Azərbaycanın xarici siyasətini yeni dünya siyasi nizamına uyğun, daha praqmatik şəkildə həyata keçirəcəyini vurğulayıb:
“Sammit regional və beynəlxalq münaqişələr, təhlükəsizlik, dünya siyasi nizamı və digər aktual məsələlərin müzakirəsi üçün mühüm platformadır. Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi isə ölkənin beynəlxalq siyasi proseslərə verdiyi töhfənin göstəricisi olacaq”.
//Gülnarə Abasova, Editor.az
