Avropa Komissiyası Gürcüstan iqtisadiyyatının artım proqnozunu yüksəldib


Avropa Komissiyası 2026-cı il üzrə payız iqtisadi proqnozunu açıqlayıb. Proqnoza əsasən, Gürcüstan iqtisadiyyatının artım tempi əvvəlki gözləntilərlə müqayisədə 1,8 faiz bəndi artırılıb.
Tiraj.az xəbər verir ki, Avropa Komissiyasının qiymətləndirməsinə görə, 2026-cı ildə Gürcüstan iqtisadiyyatının artımı 7,3 faiz təşkil edəcək. 2027–2028-ci illərdə isə iqtisadi artımın 5,5–6 faiz intervalında olacağı gözlənilir.
Hesabatda bildirilir ki, Gürcüstan iqtisadiyyatı 2026-cı ildə və sonrakı illərdə sabit artım nümayiş etdirəcək. Bu artımın əsas hərəkətverici qüvvələri daxili tələbat və investisiyalar olacaq.
Avropa Komissiyasının proqnozuna görə, özəl sektorun dayanıqlılığı ilə yanaşı, təxirə salınmış dövlət investisiya layihələrinin yenidən bərpası da yaxın illərdə investisiya fəallığını dəstəkləyəcək.
Bununla yanaşı, sənəddə qlobal enerji bazarlarında və təchizat zəncirlərində baş verən dəyişikliklər fonunda inflyasiya təzyiqlərinin davam etdiyi qeyd olunur.
2026-cı ildə Gürcüstanda orta illik inflyasiyanın 5,4 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Bu, əsasən, Yaxın Şərqdəki münaqişə fonunda dünya bazarında enerji daşıyıcılarının qiymətlərinin artması ilə əlaqələndirilir.
Avropa Komissiyasının proqnozuna əsasən, inflyasiya 2027-ci ilin ikinci yarısında yenidən 3 faizlik hədəf göstəricisinə qayıdacaq.
2026-cı ilin yanvar-sentyabr aylarında Gürcüstan iqtisadiyyatının orta real artım tempi 7,4 faiz təşkil edib.
Gürcüstanın Milli Statistika Xidmətinin (Sakstat) məlumatına görə, 2026-cı ilin sentyabrında ölkə iqtisadiyyatının artımına əsas töhfəni tikinti, informasiya və kommunikasiya, mədənçıxarma sənayesi, ticarət, eləcə də maliyyə və sığorta fəaliyyəti sahələri verib.
Qeyd edək ki, 2026-cı ilin payızında bütün beynəlxalq maliyyə institutları Gürcüstanın ÜDM artımı ilə bağlı proqnozlarını yüksəldiblər. Müxtəlif qiymətləndirmələrə əsasən, ölkə iqtisadiyyatının artımının 6,5–7,3 faiz arasında olacağı gözlənilir. Əvvəlki proqnozlarda bu göstərici 5,5–6,5 faiz təşkil edirdi.
Arif
1 mənbə