Astronomlar ilk dəfə planetin ulduzun diskindən yoxa çıxmasını müşahidə etdi


Astronomlar Günəş sistemindən kənarda yerləşən bir planetin ulduzunun qarşısından keçərkən yaratdığı kölgənin zamanla tamamilə yoxa çıxmasını ilk dəfə birbaşa müşahidə ediblər. Nadir hadisə TOI-2535 b adlı qaz nəhənginin yeddi il ərzində izlənilməsi nəticəsində qeydə alınıb.
Tiraj.az xəbər verir ki, tədqiqatın nəticələri “Astrophysical Journal Letters” elmi jurnalında dərc olunub.
Kaliforniya Universitetinin Los-Anceles kampusundan Samuel Yinin rəhbərlik etdiyi alimlər qrupu NASA-nın TESS kosmik teleskopunun məlumatlarından istifadə edərək planeti yeddi il ərzində müşahidə edib.
TOI-2535 b ulduzunun ətrafında 8,2 günə bir dövr edən qaz nəhəngidir. Müşahidələr zamanı planetin ulduzun diski qarşısından keçdiyi trayektoriyanın tədricən dəyişdiyi və son ölçmələrdə yaratdığı kölgənin tamamilə yoxa çıxdığı müəyyən edilib.
Alimlər bu dəyişikliklərin səbəbini sistemdəki ikinci planetin cazibə qüvvəsi ilə əlaqələndirirlər. Hesablamalara görə, həmin planetin orbit müstəvisi birincininkinə nisbətən 5 dərəcədən çox meyillidir. Onun cazibə təsiri hər iki planetin orbitlərinin istiqamətini tədricən dəyişir. Nəticədə TOI-2535 b zamanla ulduzun görünən diskindən kənara çıxır.
Tədqiqatçılar ikinci planetin kütləsinin Saturnunkundan az olmadığını və iki planetin orbital rezonans vəziyyətində olduğunu ehtimal edirlər. Orbit müstəvisinin tam dövr etməsinin isə bir neçə onillik çəkəcəyi bildirilir.
Qeyd edək ki, indiyədək astronomlar əsasən zamanla tranzitləri görünməyə başlayan planetləri müşahidə etmişdilər. TOI-2535 b hadisəsi isə planetin ulduz diski qarşısından keçidlərinin tədricən yoxa çıxmasının ilk birbaşa qeydə alınmış nümunəsi hesab olunur. Alimlər bu kəşfin planetlər arasındakı cazibə qarşılıqlı təsirinin onların orbitlərini necə dəyişdirdiyini anlamağa kömək edəcəyini düşünürlər.
Arif
1 mənbə

Publika.az+1 mənbə