Asiyanın ən böyük bankı “Circle” ilə əməkdaşlığa başlayır


Sinqapurda yerləşən və Asiyanın ən böyük banklarından biri olan “DBS” ABŞ dollarına bağlı rəqəmsal valyuta USDC-nin emitenti “Circle” şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.
Plat.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində bankın müəyyən tələblərə cavab verən korporativ müştəriləri USDC-dən birbaşa istifadə edə biləcəklər.
Yeni sistem vasitəsilə “DBS” bankı “Circle”ın infrastrukturu üzərindən USDC əldə edərək onu korporativ müştərilərinə köçürə biləcək. Bununla da şirkətlərin USDC almaq üçün kriptovalyuta birjalarına müraciət etməsinə ehtiyac qalmayacaq.
Tərəfdaşlığın əsas üstünlüklərindən biri əməliyyatların günün istənilən saatında həyata keçirilməsidir. Belə ki, korporativ müştərilər ABŞ dollarını USDC-yə, USDC-ni isə yenidən ABŞ dollarına həftənin yeddi günü, sutkanın 24 saatı ərzində çevirə biləcəklər.
Bundan əlavə, müştərilər USDC ilə fasiləsiz köçürmələr həyata keçirmək imkanı əldə edəcəklər.
Ənənəvi beynəlxalq bank sistemində bir sıra köçürmələr iş günləri və müəyyən saatlarla məhdudlaşdığı halda, yeni əməkdaşlıq bu məhdudiyyətləri azaltmağa imkan verəcək.
“DBS” daha əvvəl “JPMorgan”la da tərəfdaşlıq edib
“DBS” bundan əvvəl ABŞ-nin ən böyük banklarından biri olan “JPMorgan”la da tokenləşdirilmiş depozitlər sahəsində əməkdaşlıq barədə razılığa gəlib.
Bu tərəfdaşlıq çərçivəsində bank depozitlərinin blokçeyn üzərində rəqəmsal formada təmsil olunması nəzərdə tutulur. Texnologiya ABŞ və Sinqapur arasında depozit köçürmələrinin sutkanın 24 saatı həyata keçirilməsinə imkan verəcək.
Qeyd edək ki, “JPMorgan”ın özəl blokçeyn infrastrukturu üzərində fəaliyyət göstərən “JPM Coin” adlı depozit tokeni də mövcuddur.
Valyuta.az
