ASELSAN milli səhiyyə texnologiyaları üzrə yeni ixrac müqavilələri imzalayıb


ASELSAN Almaniyada keçirilən 58-ci MEDICA sərgisi çərçivəsində səhiyyə texnologiyaları sahəsində beynəlxalq əməkdaşlıqlarını genişləndirən üç yeni müqavilə imzalayıb.
Ordu.az xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilib.
Sərgi çərçivəsində imzalanan müqavilələrlə ASELSAN-ın milli səhiyyə texnologiyalarının müxtəlif regionlardakı bazarlara çıxışının genişləndirilməsi hədəflənir.
ASELSAN Fransada yerləşən “CITYCARE” şirkəti ilə “HEARTLINE AED” avtomatik xarici defibrilyatorlarının və aksesuarlarının satışını əhatə edən müqavilə imzalayıb.
MEDIAL GLOBAL ilə imzalanan digər müqavilə LIFELINE HLM ürək-ağciyər aparatının 12 ölkəyə satışını nəzərdə tutur. KOÇ MEDİKAL BIÇAKCILAR ilə bağlanan müqavilə isə eyni məhsulun daha beş ölkəyə ixracına imkan yaradacaq.
Beləliklə, ASELSAN MEDICA 2026 sərgisi çərçivəsində üç ayrı əməkdaşlıq vasitəsilə ürək sağlamlığı və həyat dəstəyi texnologiyaları sahəsində məhsullarının beynəlxalq bazarlardakı mövqeyini gücləndirmək üçün mühüm addımlar atıb.
ASELSAN tərəfindən hazırlanan və indiyədək 26 ölkəyə 13 mindən çox ədəd ixrac edilən HEARTLINE AED qəfil ürək dayanması hallarında həyati əhəmiyyət daşıyan erkən müdaxiləni təmin etmək üçün hazırlanmış avtomatik xarici defibrilyator cihazıdır.
Təkmil EKQ analiz alqoritmi vasitəsilə ürək ritmini qiymətləndirən və elektrik şokunun tələb olunub-olunmadığını müəyyən edən cihaz tam avtomatik və yarıavtomatik iş rejimlərini dəstəkləyir.
Səsli və vizual istiqamətləndirmə, ürək masajına dəstək verən metronom, sürətli enerji yığımı və uzunömürlü batareya xüsusiyyətləri ilə təcili müdaxilə proseslərinə kömək edir.
ASELSAN mühəndisləri tərəfindən hazırlanan Türkiyənin ilk yerli ürək-ağciyər aparatı LIFELINE HLM açıq ürək əməliyyatları zamanı xəstənin ürək və ağciyər funksiyalarını müvəqqəti olaraq öz üzərinə götürərək qan dövranının və oksigenlə təminatın davam etməsini təmin edir.
Həssas idarəetmə sistemləri, istifadəçi dostu interfeysi, təkmil sensor əks-əlaqə infrastrukturu və avtomatik kalibrləmə xüsusiyyətləri ilə cihaz cərrahi heyətə dəstək verir.
Türkiyədə klinik istifadəyə verilən LIFELINE HLM səhiyyə texnologiyalarında yerli istehsal potensialının inkişaf etdirilməsi və xarici asılılığın azaldılması baxımından da əhəmiyyət daşıyır.
Bu il 51-ci ildönümünü qeyd edən ASELSAN 51 illik mühəndislik təcrübəsini səhiyyə texnologiyalarına da tətbiq edir. Şirkət hazırladığı qabaqcıl texnologiyalı səhiyyə sistemləri ilə imkanlarını beynəlxalq bazarlara çıxarmağı və qlobal əməkdaşlıqlarını artırmağı davam etdirir.
Sevinc Əliyeva Ordu.az
1 mənbə
