Anti-Azərbaycan siyasətinə davam edərsə, Fransa özü itirən tərəf olacaq - RƏY


Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə Fransa rəsmilərinin normallaşma prosesi və Azərbaycana qarşı səsləndirdikləri iddiaları rədd edərək, 2023-cü ilin sentyabr tədbirlərinin beynəlxalq hüquqa uyğunluğunu, ağır cinayətlərdə ittiham olunanların qanuni mühakiməsini, mədəni irsin qorunmasını, keçmiş məcburi köçkünlərin hüquqlarını vurğulayıb, həmçinin Fransanı qərəzli yanaşmadan və daxili işlərə müdaxilədən çəkinməyə, öz daxilindəki insan hüquqları və korrupsiya problemlərinə diqqət yetirməyə çağırıb.
Bəs özünün bu qədər daxili və xarici siyasət problemi olan Fransa niyə israrla anti-Azərbaycan siyasətinə davam edir?
Mövzu ilə bağlı Plat.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, Fransanın indiki mərhələdə yenə də ənənəvi olaraq bu şəkildə mövqe ortaya qoyması heç bir halda qəbuledilən deyil:
“Hətta Ermənistan belə artıq bu mövzularda danışmadığı halda Fransada rəsmi hökumət təmsilçisinin bu məsələni gündəmə gətirməsi onu göstərir ki, Paris regionda sülh və normallaşma prosesinin tərəqqisinə töhfə vermək niyyətində deyil, əksinə bu cür mövqe ilə ümumi prossesə zərər vurmağa çalışır. Şübhəsiz ki, bu siyasətin arxasında Fransanın Cənubi Qafqazdakı geosiyasi maraqları və regionda təsir imkanlarını qorumaq cəhdi dayanır.
Uzun illərdir ki, Fransanın Azərbaycana münasibətində Ermənistan amili xüsusi yer tutur. Parisin İrəvana siyasi və hərbi dəstəyi son illərdə daha sistemli xarakter alıb. Fransa Ermənistana hərbi texnika, radar sistemləri və digər müdafiə vasitələrinin satışına dair razılaşmalar həyata keçirib. 2024-cü ildə CAESAR artilleriya sistemlərinin satışı ilə bağlı qərar da bu istiqamətin göstəricilərindən biridir”.
Politoloq qeyd edib ki, Fransanın Cənubi Qafqaz siyasətində daxili siyasi amillərin də təsiri nəzərə alınmalıdır:
“Ermənistanda güclü erməni diasporunun mövcudluğu Fransa siyasətində bu ölkəyə münasibətin formalaşmasına təsir edən amillərdən biridir. Erməni icmasının ictimai-siyasi fəallığı və parlamentdə təmsilçiliyi Ermənistan məsələsinin Fransa siyasətində xüsusi həssaslıqla qarşılanmasına şərait yaradır. Bununla belə, Fransanın mövqeyini yalnız diaspor amili ilə izah etmək düzgün olmazdı. Paris həmçinin özünün regiondakı rolunu, maraqlarını və Cənubi Qafqazda nüfuzunu artırmaq istəyini də nəzərə alır.
Şübhəsiz ki, Fransanın öz daxili problemləri fonunda digər dövlətlərə siyasi və hüquqi müstəvidə dərs verməyə çalışması müəyyən ziddiyyətlər yaradır. Hazırda Fransa ciddi siyasi parçalanma, hökumət qeyri-sabitliyi, ictimai narazılıq və iqtisadi problemlərlə üzləşib. 2024-cü il növbədənkənar parlament seçkilərindən sonra ölkədə siyasi qüvvələr arasında parçalanma dərinləşib, hökumət böhranları dövlət idarəçiliyinə təsir göstərib. Dövlət borcunun artması və büdcə konsensusunun əldə edilməsindəki çətinliklər də Parisin əsas problemlərindəndir. Human Rights Watch-un 2026-cı il hesabatında Fransada etiraz aksiyalarına müdaxilə, polis zorakılığı iddiaları, miqrantların hüquqları və vətəndaş cəmiyyəti üçün məhdudlaşan imkanlarla bağlı narahatlıqlar əksini tapıb. Bundan başqa, BMT-nin irqi ayrı-seçkiliyin ləğvi üzrə komitəsi 2026-cı ilin mayında Yeni Kaledoniyanın yerli kanak xalqının öz müqəddəratını təyinetmə hüququ ilə bağlı Fransaya tövsiyələr ünvanlayıb. Bu faktlar Parisin insan hüquqları məsələlərində öz siyasətinə də eyni tələbkarlıqla yanaşmasının vacibliyini göstərir.
Ən nəhayət Fransanın Azərbaycana qarşı tənqidi mövqeyi onun beynəlxalq nüfuz və təsir imkanları uğrunda apardığı daha geniş mübarizənin tərkib hissəsi kimi də qiymətləndirilə bilər. Paris uzun müddət Afrikada və digər regionlarda mühüm siyasi mövqelərə malik olub. Lakin Sahel ölkələrində Fransa hərbi mövcudluğunun zəifləməsi və bir sıra Afrika dövlətləri ilə münasibətlərin pisləşməsi onun ənənəvi təsir imkanlarını məhdudlaşdırıb. Belə şəraitdə Cənubi Qafqaz Fransa üçün diplomatik fəallığını və beynəlxalq nüfuzunu nümayiş etdirə biləcəyi istiqamətlərdən biridir. Amma Fransa yanlış olaraq düşünür ki, Azərbaycana qarşı təzyiqlə Cənubi Qafqazda uğur əldə edə bilər. Əslində Fransa indiyə qədər apardığı anti-Azərbaycan kampaniyasından dərs çıxarmalı və təzyiqin həra hansı nəticə verməyəcəyini anlamalı idi. Əgər Paris Cənubi Qafqazda hansısa uğura, bu istiqamətdə maraqlarını təmin etməyə ümid edirsə bunun üçün ilk növbədə regionun lider dövləti ilə yaxşı münasibətlər qurması lazımdır. Amma təəssüf ki, Makronun yarıtmaz siyasəti burada da öz sözünü deyir”.
Həmsöhbətimiz əlavə edib ki, bütün bunların fonunda Fransanın Azərbaycana münasibətində əsas problem regiondakı mürəkkəb siyasi reallıqlara selektiv yanaşılmasıdır:
“Paris Ermənistanın təhlükəsizlik narahatlıqlarını qabardarkən, Azərbaycanın suverenlik, ərazi bütövlüyü, məcburi köçkünlərin qayıdış hüququ və regional təhlükəsizliklə bağlı arqumentlərinə də eyni həssaslıqla yanaşmalıdır. Eyni zamanda, Fransanın daxili problemləri, ölkədə baş verənlər, insan hüquqlarının vəziyyəti, polis zorakılığı və dinc nümayişçilərə qarşı aşırı güc tətbiqi kimi hallar onun beynəlxalq hüquq və insan hüquqları məsələlərində mövqe bildirmək hüququnu aradan qaldırır. Paris Ermənistanla münasibətlərini Azərbaycanla əməkdaşlığa qarşı qoymaq siyasətindən uzaqlaşmalı, qarşılıqlı suverenliyə hörmət və konstruktiv dialoq prinsiplərinə üstünlük verməlidir. Əks halda bundan itirən elə Fransa özü olacaq”.
1 mənbə
