“Anthropic” tədqiqatçısı riyaziyyatın ən böyük tapmacalarından birinin həllində ciddi irəliləyiş əldə etdiyini açıqlayıb


“Anthropic” şirkətinin tədqiqatçısı Levent Alpogen “Claude” süni zəka çatbotu ilə birlikdə ümumiləşdirilmiş Riman fərziyyəsinin sübutunu tapdığını iddia edib.
Ordu.az xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb.
“Anthropic” şirkətinin tədqiqatçısı Levent Alpogen “Claude” süni zəka çatbotu ilə birlikdə riyaziyyatın 150 ildən artıqdır alimlərin üzərində çalışdığı ən mürəkkəb həll edilməmiş problemlərindən biri olan ümumiləşdirilmiş Riman fərziyyəsini sübut edə bildiyini açıqlayıb.
Riman fərziyyəsi sadə ədədlərin paylanma qanunauyğunluqları ilə bağlıdır. Bu fərziyyə minilliyin yeddi riyazi problemi siyahısına daxildir. Kley Riyaziyyat İnstitutu 2000-ci ildə bu problemlərin hər birinin həllinə görə 1 milyon dollar mükafat müəyyən edib.
Nyu-York ştatının Lonq-Aylend bölgəsindən olan riyaziyyatçı Alpogen tələbəlik illərindən bu problemi həll etməyi arzuladığını və sübutu tapmağa kömək edə biləcək metodları uzun illər araşdırdığını bildirib. Onun sözlərinə görə, həlledici irəliləyiş onun “Claude” ilə birlikdə iki fərqli riyazi yanaşmanı birləşdirməsindən sonra baş verib.
“Mən düşünürəm ki, “Claude” ilə birlikdə Riman fərziyyəsinin sübutunu tapmışam”, - deyə tədqiqatçı öz işi ilə bağlı açıqlamasında yazıb.
Alpogenin sözlərinə görə, həlledici məqamda süni zəka onun imkanlarını əhəmiyyətli dərəcədə üstələyib.
“Son mərhələyə çatarkən “Claude” məni xeyli geridə qoydu”, - deyə o qeyd edib.
Ümumiləşdirilmiş Riman fərziyyəsinin ehtimal olunan sübutu ədədlər nəzəriyyəsinin mürəkkəb metodlarına, avtomorf formalar nəzəriyyəsinə və teta-yüksəltmələri kimi tanınan riyazi çevrilmələrə əsaslanır. Alpogen əsas irəliləyişlərin bir gün əvvəl baş verməsindən sonra sübutun bazar ertəsi tamamlandığını iddia edir.
İşin mürəkkəbliyini nəzərə alan tədqiqatçı onu yalnız riyazi sübutların formal yoxlanılması üçün nəzərdə tutulmuş Lean kompüter sistemində təqdim etmək qərarına gəlib. Onun sözlərinə görə, ənənəvi yazılı izah hazırlamaq cəhdi 250 mindən çox səhifədən ibarət mətnin yaranmasına səbəb olub. Alpogen özü də arqumentasiyada istifadə olunan bütün riyazi hissələri hələ tam mənimsəmədiyini etiraf edib.
Bu açıqlama “Anthropic” və OpenAI arasında rəqabətin kəskinləşdiyi bir vaxta təsadüf edib. Hər iki şirkət süni zəkanın onilliklər ərzində riyaziyyatçıların həll edə bilmədiyi problemlərin öhdəsindən gələ biləcəyini nümayiş etdirməyə çalışır.
Sentyabr ayında OpenAI özünün “Astra” modelinin minilliyin problemləri siyahısına daxil olan Navye-Stoks tənliklərinin həllərinin mövcudluğu və hamarlığı problemini həll etdiyini açıqlamışdı. Lakin bu bəyanat Nyu-York Universitetinin professoru Tristan Bakmasterlə mübahisəyə səbəb olmuşdu. Professor şirkəti öz tədqiqatlarından mümkün istifadə etməkdə ittiham etmişdi.
OpenAI problemi həll etmək üçün istifadəçilərin məlumatlarından istifadə edilmədiyini bildirsə də, sistemlərini təkmilləşdirmək məqsədilə anonimləşdirilmiş məlumatlardan istifadə olunması ehtimalını istisna edə bilmədiyini etiraf etmişdi.
Sevinc Əliyeva Ordu.az
