Anar Əliyev: İşsizlikdən sığorta ödənişi alanların sayı 16 min nəfərə çatacaq


İşsizlikdən sığorta ödənişi ilə əhatə olunan şəxslərin sayı növbəti ildə 16 min nəfərə çatacaq. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “İmkanlar və İnam”: Dövlət-Biznes Əməkdaşlığı Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, Dövlət Məşğulluq Agentliyi il ərzində aktiv məşğulluq tədbirləri çərçivəsində 500 minə yaxın işsiz və işaxtaran şəxslə iş aparır.
Onun sözlərinə görə, işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə işsizlikdən sığorta ödənişinin əlçatanlığı artırılıb. Növbəti ildə bu ödənişlə əhatə olunanların sayı son illərlə müqayisədə 4 dəfədən çox artaraq 16 min nəfərə, bu məqsədlə ayrılan vəsait isə 10 dəfədən çox artaraq 36 milyon manata çatacaq.
Əliyev qeyd edib ki, işsizlikdən sığorta ödənişinin orta məbləği də 2 dəfə artaraq 480 manat olub.
Bildirilib ki, aparılan islahatlar nəticəsində minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2,2 dəfə, əməkhaqqı fondu isə 3,4 dəfə artıb.
O əlavə edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk 10 ayında əmək müqavilələrinin sayı 59 min artıb.
1 mənbə
