"Anadolu Efes"də Bruno Fernandonun zədəsi ciddi oldu


"Anadolu Efes" mərkəz oyunçusu Bruno Fernandonu zədə səbəbindən heyətdən kənarlaşdırıb. 28 yaşlı basketbolçu baldır nahiyəsində aldığı zədəyə görə 3-4 həftə meydançalardan uzaq qalacaq.
Offsideplus.az xəbər verir ki, Fernando bu zədəni "Virtus Bolonya"ya qarşı keçirilən EuroLeague-in 11-ci tur oyununda alıb. O, ilk hissədə 15 xal və 10 ribaundla komandasına ciddi töhfə versə də, zədə səbəbindən qarşılaşmanı yarımçıq tərk edib. Klubun həkimi Uğur Diliçikik MRT müayinəsindən sonra bərpa müddətinin 3-4 həftə çəkəcəyini təsdiqləyib və oyunçunun müalicəsinə artıq başlanılıb.
Baş məşqçi Pablo Laso bildirib ki, Fernandonun özünü yaxşı hiss etdiyini desə də, dəqiq diaqnoz üçün şənbə günü aparılan müayinənin nəticələrini gözləməli olublar. Fernandonun yoxluğunda "Anadolu Efes" rəqib boyalı zonada Giorgos Papayanis kimi digər oyunçulara güvənəcək.
Fernando bu mövsüm EuroLeague-də 11 oyunda orta hesabla 8,2 xal, 5,9 ribaund, 1,1 assist, 0,5 top oğurlama və 0,4 blokşutla çıxış edib. O, əvvəllər "Partizan" və "Real Madrid"in də formasını geyinib, ümumilikdə Avropanın ən nüfuzlu klub turnirində 60 oyunda iştirak edib.
2019-cu ildə NBA dreftində 34-cü sıradan seçilən Fernando "Atlanta Hokks", "Hyuston Rokets" və "Toronto Reptors"da 226 oyun keçirib. O, həmçinin Anqola millisinin heyətində FIBA AfroBasket 2025-in qalibi olub.
Hazırda Pablo Lasonun rəhbərlik etdiyi "Anadolu Efes" EuroLeague-də 5 qələbə və 6 məğlubiyyətlə Play-In zonasından bir pillə geridə qərarlaşıb, Türkiyə Super Liqasında isə 5 qələbə və 2 məğlubiyyətlə çıxış edir.