Ana oğlunun ölümünə səbəb olan yeniyetməni bu şərtlə bağışladı - “Rayondan getsin!”


Azərbaycan rayonlarının birində baş verən və bir yeniyetmənin ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı məhkəmə prosesində maraqlı anlar yaşanıb.
ANZ.AZ xəbər verirki, qəzada həyatını itirən Sahib Mərdanovun anası təqsirləndirilən 16 yaşlı yeniyetmə Həsən Qaraşovu (ad-soyadlar şərtidir) bir şərtlə bağışlayıb.
“Bir daha mənim, övladlarımın qarşısına çıxmasını istəmirəm. Rayondan çıxıb getsin. Heç bir sosial şəbəkədən istifadə etməsin. Qarşıma çıxsa, yenidən şikayət edəcəyəm. Yalnız bu şərtlər əsasında barışıq mümkündür”, - mərhum yeniyetmənin anası ifadəsində bildirib.
Həsən Qaraşovun qanuni nümayəndəsi olan atası isə zərərçəkmişin tələbi ilə razılaşıb:
“Oğlum bundan sonra rayonda yaşamayacaq, onu Bakıya göndərəcəm, yaşayışını paytaxtda təmin edəcəm. Oğlum bir daha avtomobil idarə etməyəcək”.
Aparılmış məhkəmə araşdırması zamanı yetkinlik yaşına çatmayan Həsən Qaraşovun qapalı tipli müəssisəyə göndərilmədən, ailə və cəmiyyət daxilində islah olunmasının tam mümkünlüyünü sübut edən dəlillər aşkarlanıb. Burada zərərçəkmişlə barışıq əldə edilməsi, onların rəsmi mövqeyini əsas götürülüb.
İşin hərtərəfli araşdırılması məqsədilə məhkəmənin öz təşəbbüsü ilə icraata ekspert-pedaqoqun rəyi də cəlb olunub. Rəyə görə, yeniyetmə baş vermiş faciəli hadisə və dostunun itkisi səbəbindən dərin emosional sarsıntı keçirib və özünütəcrid (izolyasiya) meylləri nümayiş etdirib. Ekspert birmənalı olaraq vurğulayıb ki, onun hazırkı vəziyyətdə cəmiyyətdən tamamilə təcrid olunması psixoloji travmanı daha da dərinləşdirə bilər. Qeyd olunub ki, yeniyetmənin normal psixoemosional vəziyyətə qayıtması və cəmiyyətə yenidən inteqrasiyası üçün qapalı mühitə deyil, əksinə, sosiallaşmağa və reabilitasiyaedici mühitə ehtiyacı vardır. Qapalı tipli müəssisə uşağın islah olunmasından daha çox onun fərdi inkişafına mənfi təsir göstərə bilər.
Bundan başqa, məhkəmə iclasında yetkinlik yaşına çatmayanın atası yazılı olaraq öhdəlik götürərək bildirib ki, övladının üzərində hər cür qanuni və mənəvi nəzarəti ən yüksək səviyyədə həyata keçirəcək, onun bir daha nəqliyyat vasitəsi idarə etməsinə qətiyyən icazə və imkan verməyəcək. Yetkinlik yaşına çatmayan Həsən Qaraşov da öz ifadəsində törətdiyi hadisədən peşman olduğunu, bir daha heç bir halda sükan arxasına əyləşmək və maşın idarə etmək niyyətində olmadığını qətiyyətlə bəyan edib.
Məhkəmə hesab edib ki, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış H.Qaraşov tərbiyə edilməsi üçün qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə zərurət yoxdur. Məhkəmə xüsusilə qeyd edib ki, cinayət hadisəsi qəsdən deyil, ehtiyatsızlıqdan baş verib. Qeyd olunub ki, cinayət hadisəsi törədilən zaman zərərçəkmiş şəxslər Həsəndən bir yaş böyük olub, lakin onun avtomobilinə əyləşərək Həsənin sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsinə hər hansı etirazlarını bildirməyiblər. O da təsdiq olunub ki, zərərçəkmişlərin özü Həsənin yaşadığı ünvana gedərək onun atasına məxsus avtomobillə gəzmək istədiklərini bildiriblər.
Qeyd edək ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda onu törətmiş şəxs cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqda cinayət təqibi başlanılmır. Buna görə də Rayon Polis Şöbəsi tərəfindən materiallar İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya göndərilir. Komissiya isə şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinin mümkünlüyü məsələsinə baxılması üçün məhkəməyə müraciət edir. Məhkəmə isə Həsən Qaraşovun qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə Komissiyanın vəsatətini təmin etməyib.
Xatırladaq ki, hadisə günü Həsən atasına məxsus avtomobili götürərək dostları ilə rayonda gəzib. Bu zaman avtomobil idarəetmədən çıxaraq qəzaya düşüb. Qəza nəticəsində bir dostu həyatını itirib, digəri isə yaralanıb.
Xitab24.az
Emin Səfərov
1 mənbə