AMEA 10 manatlıq şirkətlə müqavilə bağladı


AMEA 45,1 min manatlıq tenderi nizamnamə kapitalı 10 manat olan şirkətə verdi
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) binalarının yanğın təhlükəsizliyi sistemlərinin yenilənməsi və texniki xidməti məqsədilə keçirdiyi satınalma müsabiqəsinə yekun vurub.
32gun.az-ın verdiyi məlumata görə, qurum yanğın təhlükəsizliyi sistemləri üçün avadanlıq və materialların satın alınması, habelə əlaqədar layihələndirmə, quraşdırma və təkmilləşdirmə xidmətlərinin göstərilməsi üzrə "Alov Təhlükəsizlik" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb. Tərəflər arasında imzalanmış müqavilənin dəyəri 45.119 AZN (45,1 min manatdan çox) təşkil edir.
Satınalma şərtlərinə əsasən, işlər AMEA Rəyasət Heyətinin inzibati binasını, Akademiya şəhərciyinin əsas binasını və AMEA yataqxanasının 9 mərtəbəli binasını əhatə edəcək. Layihə çərçivəsində 120 ədəd ünvanlı tüstü və istilik detektoru, 30 ədəd səsli və işıqlı sirena, 20 ədəd əl ilə yanğın xəbərverici düymə, 1 ədəd ünvanlı yanğın siqnalizasiya idarəetmə paneli, 12 ədəd yanğın şkafı komplekti, 18 ədəd yanğınsöndürən balon, 1.000 metr yanğına davamlı kabel, eləcə də yüzlərlə metr boru və kabel kanalları təmin olunacaq. Bundan başqa, yataqxanadakı yanğın su hovuzunun texniki bərpası, nasosların test edilməsi, 2.950 kvadratmetr sahədə taxta konstruksiyaların odadavamlı məhlulla hopdurulması, təxliyə planlarının yoxlanılması və işçi heyətə təlimlərin keçirilməsi nəzərdə tutulub.
Dövlət qeydiyyatı göstəricilərinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 52A, mənzil 86 ünvanında hüquqi qeydiyyatda olan "Alov Təhlükəsizlik" MMC-nin nizamnamə kapitalı cəmi 10 AZN, qanuni təmsilçisi isə Bəhlul Mirkamal oğlu Zalıyevdir.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəylidir.
Ayaz
