Alonso “Lids”ə məğlubiyyətin əsas səbəbini göstərdi


“Çelsi”nin baş məşqçisi Xabi Alonso İngiltərə Premyer Liqasının 11-ci turunda “Lids Yunayted”ə 1:4 hesabı ilə məğlub olduqları qarşılaşmanı şərh edib.
90deqiqe.Az-ın məlumatına görə, London klubunun çalışdırıcısı yarımmüdafiəçi Moyzes Kaysedonun zədələnməsinin matçın nəticəsinə ciddi təsir göstərdiyini bildirib.Alonsonun sözlərinə görə, futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu tibbi müayinədən sonra məlum olacaq.
“Bu, yüngül zədədir. Moyzesin özünü necə hiss etdiyini görmək üçün sabaha qədər gözləməliyik. O, ağrı hiss edirdi və zədənin nə dərəcədə ciddi olduğunu müəyyənləşdirməliyik.
Rəqibin ikinci qolundan və Moyzesin əvəzlənməsindən sonra oyunun tempini tamamilə itirdik. Həmin ana qədər hər şey pis getmirdi. Düşünürəm ki, qol imkanları yaradır, təşəbbüsü ələ alır və rəqibin təzyiqindən çıxmağı bacarırdıq.
Lakin bundan sonra rəqib özünə daha çox inanmağa başladı, bizdə isə əks proses baş verdi. Komandamız psixoloji üstünlüyünü itirdi, təzyiqin öhdəsindən gələ bilmədi və rəqib qapısına yaxınlaşmaqda çətinlik çəkdi. Nəticədə oyunun gedişi tamamilə dəyişdi.
Düşünürəm ki, komanda olaraq bir-birimizi dəstəkləməliyik. Daha yaxşı nəticələr əldə etmək üçün birlikdə çıxış yolu tapmalıyıq. Çünki bu, mütləq baş verəcək. Bəzən futbolçular belə məqamlardan keçməlidirlər ki, hələ də oyunda olduqlarını və qarşılaşmanın davam etdiyini dərk etsinlər”, – deyə Alonso klubun rəsmi saytına açıqlamasında bildirib.
