Almaniyada məktəbləri hədəf alan anonim məktubların məzmunu AÇIQLANDI


Almaniyada yüzlərlə məktəbə göndərilə bomba hədəli məktubların məzmunu bəlli olub.
İnterpress.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Almaniyada yüzlərlə məktəbə göndərilən anonim məktublarda partlayış törədiləcəyi ilə bağlı hədələr yer alıb.
Məktubların müəllifləri şəriət qanunlarının tətbiqini tələb edib, hökumətin istefası ilə bağlı hədələr səsləndiriblər.
“Ölüm səni gözləyir” başlıqlı məktublarda təhsil müəssisələrində uzaqdan idarə olunan partlayıcı qurğuların yerləşdirildiyi və onların bir saat ərzində işə düşəcəyi iddia olunub.
Məktub şəriət qanunlarının tətbiqi ilə bağlı təhdid və “Allahu Əkbər” sözləri ilə bitir.
Məlumata görə, təkcə Baden-Vürtemberqdə 450-dən çox, Saksoniya-Anhaltda isə təxminən 260 məktəb belə hədələr alıb.
Oxşar məktublar Almaniyanın digər bölgələrində və Danimarkada da qeydə alınıb.
Polisin ilkin qiymətləndirməsinə görə, real partlayış təhlükəsi olmayıb. Buna baxmayaraq, bəzi məktəblərdə dərslər ləğv edilib, digərlərində isə təxliyə həyata keçirilib.
Türingiyada isə hüquq-mühafizə orqanları dərslərin adi qaydada davam etdirilməsini tövsiyə edib.
Xuraman Etibarlı
İnterpress.az