Alimlər iradə azadlığının illüziya olub-olmadığını ARAŞDIRIBLAR


İnsan beyninin sərbəst seçim zamanı da, yalnız bir variantın olduğu halda da oxşar şəkildə qərar verməyə hazırlaşdığı müəyyən edilib. Araşdırmanın nəticələri iradə azadlığı ilə bağlı müzakirələrə yeni baxış qazandıra bilər.
Redaktor.az xəbər verir ki, bu barədə araşdırma “Imaging Neuroscience” elmi jurnalında dərc olunub.
Tədqiqat zamanı neyrobioloqlar könüllülərə ekranda rəngli şarlar göstəriblər. İştirakçılara ya müxtəlif rəngli iki şar arasından seçim etmək, ya da ekranda təqdim olunan yeganə şarı seçmək tapşırılıb. Onlar qərarlarını düyməni basmaqla təsdiqləyiblər. Bu zaman alimlər elektroensefaloqrafiya (EEQ) vasitəsilə beyin fəaliyyətini qeydə alaraq cavabdan əvvəlki anlarda baş verən dəyişiklikləri müqayisə ediblər.
Tədqiqatçılar informasiya toplanması modelinə əsaslanıblar. Bu modelə görə, qərar anı yaxınlaşdıqca onunla əlaqəli beyin siqnalı güclənir. Lakin bu artım həmişə eyni sürətlə baş vermir. İştirakçı nə qədər tez cavab verirdisə, beyin aktivliyi də bir o qədər sürətlə artırdı. Daha gec verilən cavablarda isə eyni proses daha uzun müddət davam edirdi.
Məlum olub ki, hər iki ssenaridə düymə basılmasından az əvvəl beyin siqnalı oxşar səviyyəyə çatır. Bu nəticə xüsusilə sərbəst seçim baxımından maraq doğurur. Çünki iki şar təqdim edildikdə iştirakçı hansı rəngi seçəcəyinə özü qərar verir, tək şar göstərildikdə isə seçim əvvəlcədən müəyyənləşdirilir.
Beləliklə, zahirən fərqli görünən bu iki qərar prosesi beyində oxşar aktivlik dinamikası ilə müşayiət olunub.
Alimlər qeyd edirlər ki, təcrübə sadə seçim zamanı insanın bir neçə variant arasında qərar verdiyi hallarda da beynin oxşar hazırlıq mexanizmindən istifadə edə biləcəyini göstərir. Bu yanaşma qərarvermə prosesini yalnız cavabın sürəti və ya nəticəsi ilə deyil, beyində baş verən dəyişikliklərlə də müqayisə etməyə imkan verir.
Qeyd edək ki, araşdırma iradə azadlığının mövcud olmadığını sübut etmir. Nəticələr yalnız sadə seçimlər zamanı beynin qərara hazırlıq prosesinin oxşar ola biləcəyini göstərir.
NURİYYƏ
