"Alibaba"nın keçmiş rəhbərinin yaratdığı süni intellekt startapı 5 milyard dollar dəyərləndirilib


Çinin texnologiya nəhəngi "Alibaba"nın süni intellekt üzrə keçmiş rəhbəri Lin Czyunyanın təsis etdiyi "Pragmatik Labs" startapının bazar dəyəri 5 milyard dollara yüksəlib.
Plat.az xəbər verir ki, şirkət yeni investisiya raundunu başa çatdırıb. Maliyyələşdirmədə "HyT Capital", "CDH Investments" və avtomobil istehsalçısı "Geely Automobile Holdings" iştirak edib.
Yeni investisiya raundu çərçivəsində şirkət on milyonlarla dollar vəsait cəlb edib.
Qeyd edək ki, "Pragmatik Labs" bu ilin yayında Lin Czyunyanın "Alibaba Group Holding"dən ayrılmasından sonra yaradılıb. Startap avqust ayında keçirdiyi ilk maliyyələşdirmə raundunda bir neçə yüz milyon dollar investisiya cəlb etmiş və 2 milyard dollar dəyərləndirilmişdi.
Beləliklə, şirkətin bazar dəyəri bir neçə ay ərzində 2,5 dəfə və ya 3 milyard dollar artaraq 5 milyard dollara çatıb. Bu isə 150%-lik artım deməkdir.
"Pragmatik Labs" sürətlə inkişaf edən süni intellekt bazarında mövqeyini gücləndirməyi və iri texnologiya şirkətləri ilə rəqabət aparmağı hədəfləyir.
Ekspertlərin fikrincə, startapın qısa müddətdə belə yüksək dəyərləndirməyə nail olması investorların süni intellekt sektoruna, xüsusilə böyük texnologiya şirkətlərindən ayrılan təcrübəli mütəxəssislərin yaratdığı müəssisələrə marağının artdığını göstərir.
"Pragmatik Labs", "HyT Capital", "CDH Investments" və "Geely" nümayəndələri sövdələşmə ilə bağlı şərh sorğularına cavab verməyiblər.