Aleksandra Babkina Luka Donçiçi örnək hesab edir


Gənc rusiyalı basketbolçu Aleksandra Babkina debüt mövsümünü "Samara"da keçirir və milli komandanın əsas heyətinə dəvət alıb. 18 yaşlı forvard bu mövsüm meydançada orta hesabla 17,7 dəqiqə keçirərək 3,2 xal toplayır. O, həmçinin 3x3 formatında keçirilən MDB Oyunlarında U-18 yığmasının heyətində qızıl medal qazanıb.
Offsideplus.az xəbər verir ki, Babkina verdiyi müsahibədə klub seçimi və milli komandadakı karyerası barədə danışıb. O bildirib ki, "Samara"ya keçməkdə baş məşqçi Dmitri Pivtsaykinin rolu böyük olub və Premyer Liqada oynamaq şansını dəyərləndirib. Babkina əsas məqsədinin yeni səviyyəyə uyğunlaşmaq və komandaya fayda vermək olduğunu vurğulayıb. O, həmçinin komanda daxilində səmimi münasibətlərin və kapitan Olqa Novikovanın dəstəyinin onun üçün önəmli olduğunu qeyd edib. Babkina basketbol meydançasında daha tez qərar vermək, rəqibin hərəkətlərini oxumaq və komanda yoldaşlarını anlamaq baxımından Premyer Liqanın fərqli olduğunu bildirib. O, ilk dəfə 2022-ci ildə milli komandaya dəvət aldığını və hazırda əsas yığmanın təlim-məşq toplanışında iştirak etdiyini əlavə edib. Babkina basketbol nümunələri arasında "Premyer Liqa"da Yovana Noqiçi, Avropada Emma Messemani və kişi basketbolunda Luka Donçiçi göstərib.
